news Image
2017.02.01
09:30
| A A A
Prezidentdən məmurlara növbəti xatırlatma
Məmurların vəzifəsi xalqa xidmət etməkdir

“Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.  Dövlət başçısı bildirib ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır: “Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz “ASAN Xidmət”i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar”.

Nazirlər Kabinetinin keçən il keçirilmiş iclaslarından birində rüşvətxorluq və korrupsiyanı ən böyük bəla kimi xarakterizə etmiş prezident İlham Əliyev bu məsələni daim gündəmdə və öz şəxsi nəzarətində saxlayır. Müasir Azərbaycan rəhbərliyinin idarəetmədə əsas məqsədi xalqa xidmət göstərməkdir. Bu, yalnız hakimiyyətin yuxarı eşalonuna yox, bütün səviyyələrdə çalışan məmurlar ordusuna da aiddir. Sıravi vətəndaşlar hər gün dövlət idarələrinin qapılarını döyür, həyatları və işlə bağlı müxtəlif sənədlər üçün müraciətlər edir. Lakin heç də həmişə normal münasibətlə qarşılaşmır. Süründürməçilik, get-gəl başlayır, sənədləşmə qaydasını vətəndaşa izah etməli olan şəxs onun suallarını ya səhv anladır, ya da heç izah etmir. Halbuki bütün bunlar onun birbaşa vəzifəsidir və dövlət ona maaşı bu işlərə görə verir. Bu azmış kimi bəziləri dövlətdən aldığı məvaciblə kifayətlənmir, ona müraciət edən vətəndaşlardan da qeyri-qanuni olaraq pul qoparmağa çalışır. 
Dövlət qulluqçularının neqativ əməlləri cəmiyyətin digər üzvlərinə də sirayət edir. İş adamları arasında vətəndaşları aldatmaq halları baş verir. Bütün bunlara nəzarət etməli olan dövlət orqanları ya bunu görmürlər, ya görməzliyə vururlar, ya da müəyyən haqq, yəni rüşvət müqabilində ört-basdır etməyə çalışırlar. Nəticədə təbii ki, xalq və dövlət uduzur. Məsələ burasındadır ki, rüşvətxorluq azarına tutulanlar da xalqın övladlarıdır, demək, onlar da uduzanlar içərisindədirlər. Amma bunu dərk etmirlər, çünki tamah gözlərini örtüb.
Azərbaycanda bu cür mənfi halların aradan qaldırılması uğrunda, sözün həqiqi mənasında mübarizə gedir. Bu işdə İnzibatı Xətalar Məcəlləsindən istifadə etməklə tətbiq edilən cəzalarla yanaşı, işdə intellektuallığı yüksəltməklə ciddi islahatlat aparılır. “ASAN Xidmət” şəbəkəsi bu istiqamətdə ən uğurlu layihədir. İndi ölkədə hansı vətəndaşın rəyi soruşulsa bu xidmət sahəsi haqda ağızdolusu danışacaq. Bir misal çəkim. “ASAN Xidmət” yaranana qədər sürücülük vəsiqələrinin dəyişdirilməsi üçüç dövlət rüsumu ilə yanaşı, bəzi məmurlar tərəfindən  150-200 manat rüşvət alınırdı. Hətta sənəd verilən binanın ətrafında bu işi yoluna qoymaq üçün “dəllallar” meydan sulayırdı. Amma indi.., cəmi 18 manat rüsum ödəməklə 10-15 dəqiqəyə sənəd dəyişdirilir. Təsadüfi deyil ki, vətəndaşlar hansı idarənin işindən narazıdırlarsa, dərhal həmin idarənin işinin “ASAN Xidmə”tə həvalə etməyi tələb edirlər. Bu, böyük nailiyyətdir. Bir neçə il əvvəl Prezident İlham Əliyev “Biz rüşvətxorluğun kökünü kəsəcəyik” - deyə, qətiyyətlə bildirəndə çoxları köhnədən qalmış bu mirasın aradan qaldırılmasının mümkünlüyünə şübhə ilə yanaşırdı. Ancaq, budur, prezident dedi və yerinə yetirdi. Artıq bir çox ölkələrə nümunə olmuş “ASAN Xidmət” çətinliklə, amma uğurla rüşvətsiz xidmət sahəsinə çevrilib.
Ölkə rəhbərliyinin bu yolda qətiyyətli davranışı ümumiyyətlə, bütün iş sahələrində korrupsiya və rüşvətin birdəfəlik aradan qaldırılacağına böyük inam yaradır. Bu inamla da əhali dövlətin gördüyü tədbirləri hərtərəfli dəstəkləyir.

N.NOVRUZ