news Image
2017.02.01
15:48
| A A A
Qərargah: Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir - YENİLƏNİB

"SOCAR-ın "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
Movqe.az xəbər verir ki, qərargahdan "APA-Economics"ə verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun I Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.
 
Tapılan meyitin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
 
*** 12:06
 
Xəzər dənizinin Neftçala sahilində naməlum kişi meyiti tapılıb.
 
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, meyit Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb. 
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.