Əlaqə Arxiv
news Image
2017.02.02
16:03
| A A A
Mərmər döşənən səkilər və piyada keçidləri buz meydançasına çevrilib-Layihələndirmədə böyük nöqsan

Qarın yağması paytaxtda gözəl mənzərə yaratsa da, yağması ilə bir çox problemləri də üzə çıxardıb. Söhbət qar tutan səkilərdə, piyada keçidlərində buz olmasa belə yeriməyin mümkünsüz hala düşməsindən gedir. Səkilərə, piyada keçidlərinə yerə döşənən mərmər daşlar qarlı havada piyadaların sürüşmə təhlükəsini ikiqat artırır. Piyadalar da səkilərdə yeriməyin, avtomobil şütüyən yollarda gəzməkdən daha təhlükəli olduğunu söyləyirlər. Piyada Lalə Hüseynova deyir ki, qar yağan kimi Bakıda nəinki səkilər, piyada keçidləri, parklarda da hərəkət təhlükəli olur: “Piyada keçidini, səkini piyadaların təhlükəsizliyi üçün yaradıblar. Amma piyadalar qarlı havada səki ilə, piyada keçidləri ilə gedəndə, parklarda hərəkət edəndə sürüşüb xəsarət ala bilərlər. Çünki, sözügedən yerlərdə yerə döşənilən daşlar xizək kimi sürüşkəndir”.
Arxitektura üzrə ekspert Cahangir Qocayev də Movqe.az-a açıqlamasında problemin kifayət qədər böyük olduğunu deyir. Onun sözlərinə görə, paytaxtın əksər yerlərində yerə daş döşənərkən qarlı-yağışlı hava şəraiti nəzərə alınmayıb: “Bakıda bəzi parklarda, səkilərdə,piyada keçidlərində qarlı, buzlu havada gəzmək piyadalar üçün təhlükə yaradır. Səbəb yerə döşənilən daşların sürüşkən olmasıdır. Bu gün paytaxtda belə ərazilər çoxdur. Heydər Əliyev parkı, Fəvvarələr meydanı, sürət qatarının Biləcəridəki stansiyası, kitab pasajı və sair park və keçidlərdə, səkilərdə qarlı havada yerimək müşkülə çevrilib. Çünki, həmin ərazilərdə yerə mərmər daşlar döşənib. Halbuki, mərmər materiallı daş yer üçün deyil, divar üçün nəzərdə tutulub. Həmin yerlərdə layihələndirmə düzgün aparılmayıb. Ona görə də, bu gün mərmər döşənən yerlərdə qar yağan kimi piyadalar hərəkət edə bilmir. Belə yerlərdə yaşlı insanlar da, uşaq da yıxılaraq xəsarət ala bilər”.
C. Qocayev deyir ki, piyada keçidlərində, səkilərdə, parklarda yerə döşənilən daş bişirilmiş, üstü diyircəkli daşlar olmalıdır. Həmsöhbətimizin sözlərinə görə, layihə təsdiq edilərkən bu məsələ diqqətdə saxlanılmalıdır ki, qışda bu cür problemlər yaranmasın. 
C. Qocayev bu gün paytaxtda digər problemi iaşə obyektlərinin yaratdığını söyləyir. Onun sözlərinə görə, indi şadlıq evlərinin, restoranlar inşa olunarkən səkidə piyadaların hərəkəti nəzərə alınmır: “Əslində hansı obyekt inşa olunur olunsun, səkiyə döşənilən daş eyni olmalıdır. Amma bu gün biz fərqli mənzərə ilə rastlaşırıq. Restoran, şadlıq evi, ticarət mərkəzi açan şəxslər obyektin qarşısına, yəni səkiyə istədikləri rəngdə, istədikləri materialda daş döşəyirlər. Bu şəhərsalma qaydasına ziddir. Səkiyə döşənilən daşın rəngi, materialı səkinin bir hissəsində bir cür, digər hissəsində başqa cür ola bilməz. Amma şəhərdə iaşə obyekti istifadəyə verən şəxslər buna məhəl qoymurlar. Bir də görürsən təmirdən sonra səkinin daşlarını söküb yerə mərmər döşəyirlər. Bu yolverilməzdir. Mənzil İstismar Sahələrinin rəhbərləri buna nəzarət etməlidirlər”.
C. Qocayev səkinin asfalt olmasının da arzuolunan olmadığını söyləyir. Onun sözlərinə görə, bişmiş romb şəkilli, üzəri diyircəkli daşlar səki, piyada keçidi, parklar üçün daha münasibdir: “Səkiyə döşənilən daş hansısa obyektin görünüşünə xələl gətirirsə, uyğunsuzluq yaradırsa buna görə yerə sürüşkən materialdan daş döşənilə bilməz. Bu kimi halların qarşısı alınmalıdır”.

Zülfiyyə QULUYEVA    

Sizin Reklam Yeriniz