Əlaqə Arxiv
news Image
2017.02.04
10:00
| A A A
Azərbaycana üz tutan əcnəbilərin sayı artacaq
Eldar Aslanov: “Dünya turizm coğrafiyasında Azərbaycan öz sözünü deməyə başlayıb” Müzəffər Ağakərimov: “Turistlər daha sabit ölkə olaraq Azərbaycanı seçirlər”

2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 2015-ci ilə nisbətən 11 faiz artıb. Mütəxəssislərin fikrincə, 2017-ci ilə bu rəqəmin bir qədər də artması üçün əsaslar var. Belə ki, cari il ölkəmiz üçün beynəlxalq idman yarışlarının, tədbirlərin keçirilməsi baxımından əhəmiyyətli il olacaq. Bu baxımdan car il ərzində Azərbaycana turizm xətti ilə daha çox valyuta daxil olması gözlənilir. 

Onu da əlavə edək ki, ötən illərə nisbətən xidmət növlərində də yeniliklər var. Bundan başqa, bəzi mütəxəssislər Türkiyənin rus turistləri üçün təklif etdiyi proqramı burda da qəbul həyata keçirməyi məqbul görürlər. Bildiyimiz kimi, Türkiyə Rusiyadan olan turistlərin sayını artırmaq üçün onların rublla ödəniş aparmasına hazırlıq görür. 

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov hesab edir ki, cari ildə turizm xətti ilə daha çox valyuta axınını təmin etmək mümkün olacaq: “Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, valyutanın ölkədən çıxmasının qarşısını alacağıq. Çünki artıq daxili turizm kifayət qədər inkişaf edib. 
Dünyanın iqtisadi konyekturası imkan verir ki, əvvəlki illərə nisbətən hazırda rəqabətqabiliyyətli qiymətlər təklif edək. Əminəm ki, bu il insanlarımız xarici yox, daxili turizmə üstünlük verəcəklər. İkinci tərəfdən də ölkəyə güclü turist axını gözlənilir. Hansı ki, proses hazırda da hiss edilir. Əvvəlki illərin eyni dövrü ilə mqayisədə daha çox turist gəlib. Xüsusi  ilə Novruz bayramı və “Formula-1” yarışı ərəfsindən turist axını gözlənilir. Almaniya ilə Azərbaycan futbol komandaları arasında oyun olacaq. İndidən kifayət qədər alman turistin bilet aldığından xəbərimiz var. Həmçinin İslam Həmrəylik Oyunlarına xüsusən Şərq ölkələrindən ciddi sayda turist gəlməsi gözlənilir. Necə ki, bu trend neçə illərdir, davam edir. Ümumiyyətlə, 2015-ci illə müqayisədə 2016-ci ildə Azərbacana gələn turistlərin sayında artım oldu. Çünki dünya turizm coğrafiyasında Azərbaycan öz sözünü deməyə başlayıb. Buna “ASAN Visa”nı, bir çox ölkələrə hava limanındaca vizaların verilməsini əlavə edə bilərik. Bu mənada ölkəmizə turist axınında artımın olacağını demək olar” .
Eldar Aslanov Türkiyənin rus turistlərinə təklif etdiyi yanaşmanın tərəfdarı deyil: “Bu tip addımlar turizmdə ciddi effekt vermir. Bu cür addım Azərbayacan turizminə zərbə vura bilər. Dünyada keçərli olan valyutalarda turist qəbul etməyəmiz daha məqsədəuyğun olardı. Nəzərə alaq ki, idxal prosesini əsasən avro və dollarla həyata keçiririk. Xüsusilə Qərbi Avropa ölkələrinin turizm xidmətləri təcrübəsindən yararlanmağa çalışmalıyıq. Türkiyə iqtisadi yox, siyasi baxımdan belə qərar verib. Bizim isə hazırda bu cür qayğımız yoxdur”. 
Azərbaycan Turizm Assosiasiyasının baş katibi Müzəffər Ağakərimov da cari ildə ötən ilə nisbətən turizm xətti ilə daha çox valyutanın daxil olacağını düşünür: “Artıq mehmanxanalarda mart ayının sonlarından hesablanaraq planlaşdırma işi aparılır. Xüsusi ilə də ərəb ölkələrindən turistlərin gəlməsi gözlənilir. Nəzərə alaq ki, ötən il ərəb turistlərin kütləvi şəkildə gəlməsinin ilk ili idi. Bu il isə daha çox gözlənilir. Turizm mərkəzləri də onları qəbul etməyə hazırdılar. Nəzərə alaq ki, digər ölkələrdə siyasi vəziyyət sabit deyil. Turistlər isə daha sabit ölkə olaraq Azərbaycanı seçirlər. Turistin gəlməsi üçün ən birinci şərt təhlükəsizlik amilidir. Hazırda Qərb və Şərqdə bu məsələ çox zəifdir”.
Ekspert əlavə etdi ki, gələn turistlər öz milli valyutası ilə də ödəniş edə bilərlər: “Vaxtında SSRİ ilə Finlandiya da bu təcrübədən yararlanıb.  Bunun üçün hər iki ölkə arasında razılıq əldə edilməlidir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz