Əlaqə Arxiv
news Image
2017.02.06
13:48
| A A A
Vəzifədə olan qadınların statistikası açıqlandı

Azərbaycan əhalisinin ümumi sayının 50,2% -i təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Azərbaycanın, demək olar ki, əksər rayonlarında icira hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%- ə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%- ə çatıb.
Movqe.az  xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az-a müsahibəsində deyib. 

Komitə sədri bildirib ki, bu gün bədən tərbiyəsi və idmanla məşğul olanların 40% -i qadınlardır: "Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlib. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil edib:

Eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı" texniki yardım layihəsi həyata keçirir. Artıq layihə çərçivəsində Sabirabadda 7, Masallıda 14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Və bu da, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Layihənin davamı kimi, Biləsuvar və Salyanda hazırlıq işləri görülür".

Komitə sədri qeyd edib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Belə ki, əgər 2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə qalxıb, yəni 20%-ə çatıb.

Hicran Hüseynova bildirib ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər: "Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz tövhəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar. Qadınlarımız üçün Qadın Resurs Mərkəzləri yaratmışıq və burada digər məsələlərlə yanşı maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Burada digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başalyan qadınlara resuslardan, xüsusilə banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün, məişət zorakılığının aradan qaldırılması vacibdir".

Boşanma hallarının çoxalmasından danışan Hicran hüseynova bildirib ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar.

"Bizim malik olduğumuz əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə qorunur və gələcək nəsillərə ötürülür. Həmçinin, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr, informasiya, texnologiya dövrüdür, istər- istəməz bu prosesdən kənarda qala bilmərik. Lakin, biz ailələrimizi - bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunların sırasında məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir".

Sizin Reklam Yeriniz