Əlaqə Arxiv
news Image
2017.02.06
14:10
| A A A
Kənd yerlərində qadınlar necə “biznes-ledi”yə çevrilir...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara dəstəyi yüksək qiymətləndirilir

“Özümə iş qurub evimin içində pul qazana biləcəyimi deyəndə mənə inanmırdılar. Bu sözlərim çoxlarına sadəcə, arzu, bəzilərinə isə əlçatmaz xülya kimi görünürdü. Onları qınamıram da. Axı kim inanardı ki, əlində beş manat pulu olmayan bir qadının kompüter kursu açıb iş quracağına?! Amma çoxlarına sadəcə, xəyal kimi görünən bu arzu reallığa çevrildi. İndi mən evimdəcə oturub kompüter dərsləri təşkil etməklə pul qazanıram”.

Bir il öncə sadəcə, evdar qadın olan Neftçala sakini Zümrüd Məmmədova bu gün işgüzar bir xanıma çevrilib. Deyir ki, işləyib pul qazanmaq üçün ilk növbədə insanda həvəs, ikincisi isə Qadın Resurs Mərkəzi kimi qadınlara sahibkar olmağa yardım edən bir qurumun olması kifayətdir. Həmsöhbətimiz deyir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirildiyi barədə xəbər tutan kimi özünü sınamaq qərarına gəlib: “Mən qadınların sahibkarlıq fəaliyyətinə başlamasına dəstək barədə xəbər tutan kimi bu məsələ ilə maraqlanmaq qərarına gəldim. Çünki, özüm bir müddət öncə özəl müəssisələrdən birində kompüterdə ofis proqramlarını öyrənərək fəaliyyətə başlamışdım. Orada əmək haqqı çox aşağı olduğundan, işdən çıxdım. Arzum idi ki, kompüter dərsləri təşkil edən kurs açım. Bu layihə barədə eşidəndən sonra evdə həyat yoldaşımla məsləhətləşdim. Yoldaşım inanmırdı ki, mənə öz biznesimi qurmaq üçün təmənnasız dəstək olar. Amma mənim içimdə güclü bir inam vardı.

Mən «Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsinin təlimlərinə qatıldım. O təlimlərdə öyrənə-öyrənə öz biznesimin fəaliyyət planını yazdım. Bir gün xəbər aldım ki, mənim layihəm qəbul olunub. Mənə biznesimi qurmaq üçün kompüter, çap aparatı verdilər. Beləcə mən evimdə bi otaq ayıraraq kompüter dərslərinin təşkilinə başladım. Mənə sahibkarlıq fəaliyyətimə başlamaq üçün verilən bu dəstək bir təkan oldu. İndi mən müəllimlərə elektron dərs qurmağı öyrədirəm. Eləcə də gəlirimi artırmaq üçün məktəblilərə testlərin sürətini çıxardıb verirəm. İndi evdə həm evin işini görürəm, həm də kiçik sahibkar kimi pul qazanıram. Sifarişlər çox olanda Qadın Resurs Mərkəzinin kompüterlərindən də istifadə  edirəm. Öz biznesini quraraq işləyib pul qazanmaq istəyən qadınlar bu gün rayonumuzda yaradılan Qadın Resurs Mərkəzinin fəaliyyətindən yararlanırlar”.

Neftçala Qadın Resurs Mərkəzinin rəhbəri Gülqədəm Mirzəzadə deyir ki, 2015 - ci ilin fevral ayında  fəaliyyətə başlayan Qadın Resurs Mərkəzinin hal-hazırda 200 – dən çox  qadın üzvü var. Həmsöhbətimiz deyir ki, Mərkəzdə quraşdırılmış kompüterlər, printer, skayner və internet çıxışı qadınlarımızın istifadəsindədir: “Bu layihə çərçivəsində təlimçilər keçirilib,  həyatı bacarıqlar-  səmərəli təqdimat qaydaları izah olunub. Eləcə də, kiçik  biznes qurmaq və onu inkişaf etdirmək mövzusunda, qadınların məşğulluq imkanlarını  və əmək qabiliyyətlərini artıracaq vərdişlər, həmçinin  QHT yaradılması və onun idarə olunması üzrə  təlimlər  keçirilibdir. İştirak edənlərə Qadın Resurs Mərkəzinin məqsədi, vəzifələri haqda ,  kənd və rayon yerlərində qadınların səlahiyyətlərinin artırılması barədə məlumat  verilibdir”.

G. Mirzəzadə deyir ki, təlimlərin sayı artıqca Resurs Mərkəzinə maraq və inam artır: “Neftçala Qadın Resurs Mərkəzində " öz biznesinə başla və onu inkişaf etdir" proqram çərçivəsində təlim keçirilibdir. İştirakçılar özünəməxsus ideya və biznes layihə təklifini hazırlamaq üçün müxtəlif biliklərdən faydalanıblar. Təlimlərdə 40- dan çox qadın öz biznesini qurmaq üçün təkliflər hazırlayıb müsabiqəyə təqdim ediblər.  Həmin biznes layihələrdən kompüter xidməti, xınayaxdı mərasimi, dərzi xidməti və fitnes klub açılması üçün biznes layihələr qalib elan olunub. Onu da qeyd edim ki, Neftçala Qadın Resurs Mərkəzi aztəminatlı və fiziki qusurlu uşaq və qadınların biznes layihələrindən bəhrələnməsinə də şərait yaradır. Aztəminatlı ailələrin uşaqlarına kompyuter biliklərinə yiyələnmək üçün və fiziki qüsurlu qadınlara fitnesdən istifadə zamanı güzəştlər tətbiq olunmasına dəstək olur. Neftçala Qadın Resurs Mərkəzinin 2016 – cı ildə fəaliyyəti Coca- Cola fondunun maliyyə dəstəyi ilə davam edib.  Stilist- vizajist və tikmə- biçmə  kursları təşkil olunaraq, hər qrupda 20 nəfər olmaqla 40 qadın peşəyə yiyələnibdir. Hal -hazırda tikmək, toxumaq, muncuqlarla əl işi kimi  xüsusi bacarığı olan qadınların mərkəzə cəlb olunması , onların əl işlərinin satışını təşkil edərək  qadınlarımıza  həm maddi , həm də mənəvi dəstək olunması istiqamətində layihə həyata keçirilir.  Ötən il BMT İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin birgə layihəsi əsasında , eləcə də Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" adlı  layihə Resurs Mərkəzinə dəstək olubdur. Bu layihə  əsasında “Rayon və kənd yerlərində qadınların sosial iştirakına dəstək” adlı təlim keçirilibdir". Həmsöhbətimiz deyir ki, Qadın Resurs Mərkəzinin yaradılmasında, kənd yerlərində evdar və təhsilsiz qadınların öz bizneslərini qurmasında bu layihənin böyük rolu var: “Biz bu layihəyə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildiririk. Bu gün kənd yerlərində qadınların işləməsinə, onların özləri üçün iş yeri yaratmasına ehtiyac böyükdür. Bu layihə sayəsində neçə-neçə qadının əli çörəyə çatıb, özü öz məşğulluğunu təmin etməklə bərabər, iş yerləri açıb.

Sabirabad rayonunun Cavad İcra Nümayəndəliyinin Həsənli kənd sakini Sədaqət Rəsulova isə öz biznesini necə qurub yaratdığını düşünəndə, özünün belə inanmadığını söyləyir: “Mən əvvəllər kəndin ən öndə gedən, işgüzar qadınlarından olmuşam. Təsərrüfatlar dağıldıqdan sonra işsiz idim. “ Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi barədə xəbər tutanda qərara gəldim ki, bu layihəyə qatılım.

Əvvəlcə təlimlərdə iştirak etdim. Kənardan dediklərim kimin üçünsə qəribə gələ bilər. Amma mən öz işimi qurmaq arzusundaydım. Bu arzunun da ardınca getdim. Sağ olsun, bu layihəni dəstəkləyən təşkilat və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Kənd yerlərində qadınların üzünə bir qapı açdılar. Kim cəsarətli oldusa, özünə inandısa, bu qapıdan keçərək uğura çata bildi. Mən təlimdə iştirak edərək biznes fəaliyyət planımın layihəsini işlədim. Layihəm bəyənildi. Çünki, özümün də təsərrüfatda işləmək təcrübəm vardı. Mənə ilkin mərhələdə 1200 cücə alıb verdilər. Hansı yemdən deyirdimsə, o yemdən alıb verirdilər. Beləcə cücələri bəsləyib, böyüdüb satıb xeyirini gördüm. Ordan əldə etdiyim vəsaitlə yenidən bu təsərrüfatı inkişaf etdirdim. Bu layihələrdə uğurumu görüb mənim başqa bir layihədə iştirakıma imkan yaratdılar. İndi mənim cücə sexim var. Həmin sexdə dörd ədəd inkubator aparatı vasitəsilə kənd sakinlərinə aşağı qiymətə cücə çıxardırıq. Bizim bu fəaliyyətimizdən həm özümüz xeyir görürük, həm də kənd sakinləri. Belə deyək ki, başqa sexlər yumurtanın bir ədədindən cücəni 50-60 qəpikdən çıxardanda, biz bunun üçün kənd sakinlərindən 10-15 qəpik tələb edirik. Kənd sakinləri özləri yumurta gətirib bizim sexə verərək aşağı qiymətə cücə çıxartdıraraq öz təsərrüfatlarını qururlar. Beləcə kənd yerlərində öz təsərrüfatında kiçik biznesini quran qadınların sayı artır”.    

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini sədr müavini Sədaqət Qəhrəmanova da bu gün BMT-nin Komitə qarşısında qoyduğu ən aktual məsələlərdən birinin kənd qadınları arasında sahibkarlığın inkişaf etdirilməsi olduğunu söyləyib. S. Qəhrəmanova deyib ki, Komitə BMT-nin Bakı ofisi ilə bu istiqamətdə birgə layihə həyata keçirir. Sədr müavini onu da qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini bu gün maraqlandıran əsas məsələlərdən biri əhalinin orta təbəqəsinə aid olan qadınların sahibkarlığa gətirilməsi və onlara dövlət dəstəyinin göstərilməsidir.

Qeyd edək ki, bu layihəyə uyğun olaraq, ali savadı olmayan, evdar kənd qadını biznes imkanlarını inkişaf etdirir. Layihə çərçivəsində onlara müəyyən bacarıqlar - layihənin yazılması, qrantların əldə olunması yolları öyrədilir. Ali savadı olmayan evdar qadınlara maliyyə dəstəyi göstərilir, onlara müxtəlif sahələrdə kiçik bizneslərini qurmağa dəstək göstərilir. Bununla da kənd qadının maliyyə baxımından asılılığı aradan qaldırılır.

Xatırladaq ki, 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Azərbaycanda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir.  Layihə, qadınların və qızların iqtisadi hüquqlarını və imkanlarını və qadınların sahibkarlıq fəaliyyətinə yatırımları təşviq edən 2008-2013-cü illər üçün BMTİP-nin Gender Bərabərliyi üzrə Strategiyasında qeyd olunan əsas prioritetlərə uyğunlaşdırılıbdır. Bu layihə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və “2006-2015-ci illər Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda qeyd olunan zəif qrupların (gənc qadınlar, tənha analar, əlil qadınlar) iqtisadi durumunun gücləndirilməsini təşviq etməyə, qadınlar arasında sahibkarlığı və özü-özünə məşğulluğu və onların biliklərinin təkmilləşdirilməsinə yönələn strategiyaya uyğun hazırlanıbdır. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, layihə Biləsuvar, Salyan, Sabirabad, Neftçala və Masallı rayonlarında həyata keçirilib. Layihə çərçivəsində 2013-ci ildə Sabirabad rayonunda, 2015-ci ildə Neftçala rayonunda, 2016-cı ildə Masallı və Biləsuvar rayonunda Qadın Resurs Mərkəzi yaradılıb. Hazırda Sabirabad rayonunda 7 mikro layihə fəaliyyət göstərir – 3 heyvandarlıq, 1 cücə saxlama, 1 pərdə tikişi, 1 kosmetika satışı və 1 xınayaxdı mağazası. Bizneslər dövlət qeyydiyatına alınıbdır. 2016-cı ildə Salyan rayonunda qadınlar üçün 5 yeni sahibkarlıq obyekti yaradılıbdır. Salyan rayonunun Yenikənd kəndində Dərzi Sexi, Yenikənd-Şəkərli kəndində Şirniyyat Sexi, Yenikənd-Həsənli kəndində Gözəllik Salonu, Salyan Plasmas qəsəbəsində Qadın Fitnes Mərkəzi, Salyan rayonunun özündə Kompüter Mərkəzi açılıbdır. 2016-cı ildə Masallı rayonunda qadınlar üçün 14 yeni sahibkarlıq obyekti açılıbd, 2 ədəd Dərzi Sexi, 1 ədəd yorğan sırıma, 2 Çörəkçi, 1 Xinayaxdi, 1 Gözəllik salonu, 6 ədəd Heyvandarliq təssərüfatı, 1 Komputer Mərkəzi  fəaliyyətə başlayıbdır. Ötən il Biləsuvar rayonunda 13 sahibkarlıq obyekti açılıbdır. Bura 1 Xinayaxdi, 1 Gözəllik salonu, 1 Qadın geyimləri mağazası, 1 çörək sexi, 2 şirniyyatçi, 1 Cücə saxlama , 6 heyvandarlıq təssərüfatı daxildir.

 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz