Əlaqə Arxiv
news Image
2017.02.17
08:00
| A A A
Sabitlik Azərbaycana daha çox turist cəlb edir
Müzəffər Ağakişiyev: “Sabitlik amili ilə yanaşı, həyata keçirilmiş digər tədbirlər də var ki, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artmasına şərait yaradır” Bahadur Bilalov: “Turist üçün ən birinci şərt gedəcəyi ölkədə sabitliyin olmasıdır”

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil edilib. Reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb. Ekspertlərin fikrincə, bu göstərici ölkəmizə bir çox üstünlük verə bilər. Xüsusi ilə də turist cəlb etmək baxımından vacib şərtlərdən hesab olunur. Digər tərəfdən dünyanın turizm ölkələrində yaşayan gərginlik də Azərbaycanın turist cəlb etməsinə əlavə üstünlüklər qazandırır.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, Azərbaycanda müxtəlif amillər turistləri cəlb edə bilib: “Azərbaycanın qonaqpərvərliyi, tolerantlığı, turizm infrastrukturunun yaradılması, yeni otellərin inşası turistləri cəlb edir. Bu cəlbetmə amillərindən biri də məhz ölkədə hökm sürən ictimai-siyasi sabitlikdir. Bu baxımdan dünyanın müxtəlif bölgələrindən - Avropa, Asiya, həm də Yaxın Şərqdən turist axının təmin edə bilmişik. Bütün bunların bariz nümunəsi olaraq ötən il ərəb ölkələrindən ölkəmizə gələn turistlərin artan sayını göstərə bilərik. Elə cari ildə də ərəb ölkələrindən, Avropadan, Rusiyadan ötən ilkindən daha çox turistin Azərbaycana gəlməsi gözlənilir. 
Nəzər alaq ki, Azərbaycanla müqayisədə Avropanın bir çox ölkələrində, Yaxın Şərqdə təhlükəsizlik amili o qədər də sabit deyil. Eləcə də Türkiyədə  ictimai sabitlik pozulub. Sabitlik amili ilə yanaşı, həyata keçirilmiş digər tədbirlər də var ki, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artmasına şərait yaradır. Eyni zamanda, turizm şirkətləri də yeni turizm növləri, yeni turizm proqramları işləyib hazırlayırlar. Onu da qeyd edək ki, Azərbaycandakı sabitlik burada keçirilən beynəlxalq tədbirlər üçün də mühüm şərtdir. Bu baxımdan artıq hər il Azərbaycanda bir neçə dünya miqyasında olan beynəlxalq tədbir keçirilir. Bu ildə də “Formula-1” yarışları və İslam Həmrəylik Oyunları Azərbaycanda keçiriləcək. Amma bunlar son deyil. Bütün bunlar onu deməyə əsas verir ki, oxşar tədbirlər davamlı olacaq. Bunun üçün Azərbaycanın imkanı var və dünyada inam qazana bilib. Təşkil olunan beynəlxalq tədbirlər isə ölkəmizə turist axınına stimul verir. Çünki qonaqlar, azarkeşlər yalnız yarışa baxmağa gəlmirlər. Onlar mütləq ölkəmizi gəzirlər”.
Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov da hesab edir ki, Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil  olması turist axınına təkan verən amildir: «Çünki, turist üçün ən birinci şərt gedəcəyi ölkədə sabitliyin olmasıdır. Turist əvvəl gedəcəyi ölkə haqqında araşdırma aparır. Siyasi sabitlik hökm sürən, kriminogen vəziyyət gərgin olmayan ölkəyə üstünlük verirlər. Azərbayancanın da həmin 20-liyə daxil olması turistlər üçün motivasiya olacaq”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz