news Image
2017.02.17
19:10
| A A A
Musa Quliyev: “Ölkədə dərman istehsalı üçün xammal bazası var”

“Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin əsas prioritetlərini təşkil edir. Dövlət başçısı İlham Əliyev tərəfindən dərman istehsal edən yerli müəssisələrin yaradılması vəzifəsi qarşıya qoyulub. Artıq bu yöndə praktiki addımlar atılır”.

Movqe.az xəbər verir ki, bunu deputat Musa Quliyev ölkədə dərman istehsalı ilə əlaqədar görülən işlər haqda danışarkən deyib.

Deputat xatırladıb ki, bu yaxınlarda  Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub: “Bu müəssisələr Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılması deməkdir”.

Deputat hesab edir ki, ölkəmizdə dərman istehsalı üçün böyük potensial mövcuddur: “Bunun üçün kifayət qədər xammal bazası var. Çünki Azərbaycan dərman bitkiləri ilə zəngin ölkədir və hazırda bu bitkilərdən təyinatı üzrə istifadə olunmur. Nəzərə alınsa ki, dünyada keyfiyyət baxımından ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, onda bu potensialdan səmərəli istifadə edilməsinin nə qədər mühüm olduğu bir daha ortaya çıxır. Təbii ki, yerli müəssisələr fəaliyyətə başladıqdan sonra onlar bu zəngin xammal bazasından yararlanacaqlar”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs