Əlaqə Arxiv
news Image
2017.02.19
23:00
| A A A
Ukraynanın baş prokuroru `ASAN xidmət`də olub

Fevralın 19-da Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. “ASAN xidmət” mərkəzlərində insanlara operativ və rahat formada, müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər fəaliyyət göstərir.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar qonaqlara nümayiş etdirilib.

Eyni zamanda, vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi diqqətə çatdırılıb və bildirilib ki, bu günədək 14 milyona yaxın vətəndaşın müraciəti qeydə alınıb.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hesab ediblər.

“ASAN xidmət” mərkəzində yaradılmış şəraitlə və iş prinsipi ilə tanış olan Ukraynanın Baş prokuroru Yuri Lutsenko mərkəzə fəaliyyətində uğurlar arzulayıb.

Sizin Reklam Yeriniz