Əlaqə Arxiv
news Image
2017.02.22
10:10
| A A A
Sosial şəbəkələrdə dilimizə yaranan böyük təhdid
İbrahim Bayramov: “Dilin şirinliyini çatdırmaq üçün ədəbin dilin normalarına əməl edilməsi şərtdir” Əhəd Cavadov: “Sözlərin təhrif edilməsini, səhv yazılışını dilə qarşı təxribat hesab etmək olar” Aybəniz Əhmədova: “Şəkilçilərin, sözlərin, hərflərin düzgün yazılışında problemlər çox olur”

Dilin keşiyində dayanmaqla islahatlar aparılmalıdır”. Bunu dilçi alim, profesor Buludxan Buludxanov 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, ziyalılar hər bir zaman dilimizin keşiyində dayanıblar: “Dil nə qədər sadə olarsa, o dildə o qədər çox danışılar. Azərbaycan dili fars, ərəb, rus dilinin rəqabətinə dözə bilən bir dildir. Ona görə də Azərbycan dili ənənəsi olan dildir. Biz dilimizi inkişaf etdirməliyik".  

O qeyd edib ki, bu gün Azərbaycan dilinin tədrisi prosesində də çoxlu qüsurlar var: "İndi yazı mədəniyyəti itib, hüsn-xətt yoxdur. Sosial şəbəkələrdə dili nə günə salırlar?! Elementar "ü", "ı", "ə" düzgün qoyulmur. Bu qüsurlar dili pozur". 
Mütəxəssislərin fikrincə, profesor Buludxan Buludxanovun toxunduğu bu məsələ Azərbaycan dilinə ciddi təhdid yaradan amildir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azərbaycan dili” kafedrasının professoru,  magistratura və doktorantura şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İbrahim Bayramov bildirir ki, dilin qrammatik qaydalarına əməl edilməsəsi, yad kəlmələrdən istifadə olunması, yerli-yersiz alınma sözlərdənn istifadə, üslubu cəhətdən cümlələrin düzgün  qurulmaması fikrin natamamlığına gətirib çıxarır: “Elə hazırda bəzi kütləvi informasiya orqanlarında da dil qaydalarına əməl etmirlər. Bu, yaradılıcılıq deyil, “sərbəstlikdir”. Bütün bunlar Azərbaycna dilinin gözəlliyini pozur, anlaşıqlı dil kimi dünya dilləri ailəsində öz qrammatik qurluşunun möhkəmliyinə, leksik zənginliyi ilə seçilsə də, ədəbi dilin qaydalarına əməl edilməməsinə gətirib çıxarır. Bu da mətbuat orqanlarında çalışanların bir çoxunun filologiya, jurnalistika sahəsindən uzaq olması ilə əlaqədardır. 
Dilin şirinliyini çatdırmaq üçün ədəbin dilin normalarına əməl edilməsi şərtdir. Onlara əməl edə bilmirlər. Bununla da dili özlərində yadlaşdırırlar. Buna ciddi fikir vermək lazımdır”.
İbrahim Bayramov hesab edir ki, sosial şəbəkələrə də nəzarət mümkündür: “Sadəcə, hər bir şəxs daşıyıcısı olduğu dilə hörmətlə yanaşmalıdır. Sosial şəbəkələrin imkanları genişdir. Onun auditoriyası da genişdir. Lakin orada yazılan yazılara diqqət göstərmək mütləqdir. Gərək insanların özləri də iradlarını bildirsinlər. Bu zaman problemin qarşısını qismən almaq olar”.
Bakı Dövlət Universiteti Filologiya fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Əhəd Cavadov bildirir ki, dil normalarına riayət olunmaması çoxvariantlılığa gətirib çıxarır: “Bu isə elmi qrammatikaya ziddir və dilin ədəbi normalarının pozulması hesab olunur. Bunlar dil üçün təhlükəli şərait yarada bilər. Sözlərin təhrif edilməsini, səhv yazılışını dilə qarşı təxribat hesab etmək olar. Çünki normalara riayət olunmadıqca və vaxt keçdikcə insanlar səhv yazılışa vərdiş edəcəklər. Buna qarşı mübarizə aparmaq mütləqdir. Amma sosial şəbəkələrdə nəzarət etmək çox çətindir. 
Sosial şəbəkələrdə xüsusi mövqelər daha çox olur. Orada ümumxalq mövqeyi çox zəifdir. Ayrı-ayrı şəxslərin fikirləri ifadə edilir. Orada yol verilən nöqsanlara qarşı mübarizə aparmaq çətindir, amma lazımdır. Ziyalılar, dili sevənlər elə sosial şəbəkənin özündə iradlarını bildirməlidirlər. Hətta Türkiyə türkəcinin təsiri ilə cümlə quruluşu varsa, bu da Azərbaycan dilinə zərbə vurur”.
Azərbaycan dili  və ədəbiyyat müəlliməsi Aybəniz Əhmədova da sosial şəbəkələrdə dilin normalarına əməl edərək yazanların  çox az olduğunu təsdiqləyir: “Əksəriyyət daha çox tələffüz qaydasında, sözləri daha qısa şəkildə yazmağa üstünlük verirlər. Şəkilçilərin, sözlərin, hərflərin düzgün yazılışında problemlər çox olur. Sosial şəbəkələrə yeni gələndə bu, mənim üçün dəhşətli bir hal idi. Hər hərfin, hər vergülün dərdin  çəkirdim. Ancaq zamanla alışdım. Elə ən böyük təhdid də budur, yanlışları doğru kimi qəbul eləmək. Nəticə olaraq yazdığımız kimi danışırıq. Dilimizə sosial şəbəkələrdən gələn varvarizmlər danışığımızda da özünü göstərir. Beləcə «dil kirliliyi» yaranır. Amma sosial şəbəkədə nöqsanlara qarşı mübarizə çətin məsələdir. Düzdür, sosial şəbəkələrdə də bu qüsurlar tənqid olunur, doğrusu göstərilir. Amma bu, yetərli deyil”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz