Əlaqə Arxiv
news Image
2017.02.22
10:20
| A A A
Azərbaycana yeni turist axını başlanır
Vüqar Bayramov: “Atılan addımlar qarşıdakı illərdə ölkəmizə daha çox turistin gəlməsini təmin edəcək” Eldar Aslanov: “Müasir infrastruktur işləri görüləndən sonra bu sahədə siyasətin daha mütəşəkkil şəkildə həyata keçirilməsilə ölkəmizə turist axını daha da güclənəcək”

Prezident İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu fonda Azərbaycana turist axınını əhəmiyyətli dərəcədə artması gözlənilir. 

Ümumiyyətlə, son illər Azərbaycanda turizm sahəsi xeyli inkişaf edib. Keçən il ölkəmizə gələn turistlərin sayı 2,3 milyon nəfərə çatıb. Bu müddət ərzində otellərin sayı 262-dən 535-ə, turizm müəssisələrinin sayı 197-dən 286-ya çatıb. Hazırda turizm sektorunda 42 min işçi çalışır. Ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizdir. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, atılan addımlar qarşıdakı illərdə ölkəmizə daha çox turistin gəlməsini təmin edəcək: “Turizm sektorunun inkişafı Azərbaycan üçün prioritet hesab olunan sektorlardan biridir. Bu sahə ölkəmizdə prioritetdir və prioritet olaraq da turizmin inkişafı ilə bağlı addımlar həyata keçirilir. Atılan bu addımlarla güman edirəm ki, növbəti illərdə turizm sahəsi daha geniş şəkildə inkişaf edəcək. Bu da nəticə etibarı ilə turizmdən gələn gəlirlərin həcminin artmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda Azərbaycan üçün hədəf  ildə 3 milyona yaxın turistin ölkəmizə gəlməsini təmin etməkdir. Ölkəmiz infrastruktur və potensial baxımdan Gürcüstanla rəqabət aparmaq imkanlarına malikdir. Amma bu fonda ölkəmizdə qiymətlərin tənzimlənməsi və xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu istiqamətdə addımlar atılmalıdır ki, Gürcüstanda olduğu kimi il ərzində 5 milyondan artıq turistin ölkəmizə gəlməsini təmin  edə bilək. 
Turizmin inkişafı ilə bağlı keçirilən tədbirlər sektorun inkişafını stimullaşdıracaq. Devalvasiyadan sonra xarici turistlər üçün Azərbaycanda qiymətlər nisbətən əlçatan olub. Amma bütün hallarda qiymətlərin tənzimlənməsi və optimallaşdırılmasına ehtiyac vardır. Bunlar baş verərsə daha çox turistin ölkəmizə cəlb edilməsinə nail ola bilərik. Bütün hallarda 2017-ci ildə Azərbaycana daha çox turistin gəlməsi baxımından yadda qalan il olacağı gözlənilir. Gözlənilir ki, bu il ərzində daha çox Yaxın Şərq və Körfəz ölkələrindən turistlər ölkəmizə səfər etsin.  Ölkəyə gələn turist valyutanın gəlməsi və xidmət sektoruna verilən töhvə deməkdir. Turizm sektoru ümumiyyətlə, qısa zamanda valyuta gətirən sahə olduğundan mövcud prioritetlərə uyğun olaraq növbəti illərdə də turizmin inkişafı əsas hədəf olaraq qalacaq”.
Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov da əmindir ki, ölkəmizə gələn turistlərin sayı növbəti illərdə daha da artacaq: “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzalanan sərəncam ölkə rəhbərinin turizmə qayğısının bariz nümunəsidir. Atılan addımlar həm də sərhəd-keçid məntəqələrindən turistlərin sürətli keçidinin tənzimlənməsi istiqamətində verilən mühüm qərardır.  
Bundan başqa, əlavə tədbirlərlə bağlı sərəncam, universitetimizin nəzdində regionlarda 5 turist peşə məktəbinin yaradılması haqqında qərar və bunları özündə əks etdirən turizm yol xəritəsinin təsdiqi növbəti illərdə ölkəmizə turist axının əvvəlki illərlə müqayisədə qat-qat çox olacağını göstərir. 2016-cı ilin statistikası da bir daha bunu təsdiq edir. Dünyanın böyük turizm cəlb edən əksər ölkələrində durğunluq yaşandığı bir zamanda Azərbaycana gələn turistlərin sayı 2015-ci illə müqayisədə keçən il 10 faizdən də çox artıb. Müasir infrastruktur işləri görüləndən sonra bu sahədə siyasətin daha mütəşəkkil şəkildə həyata keçirilməsilə əminəm ki, ölkəmizə turist axını daha da güclənəcək”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz