Əlaqə Arxiv
news Image
2017.02.27
12:05
| A A A
Bakıda uşaqlar arasında yoluxucu xəstəlik yayılıb? -Rəsmi açıqlama

Son günlər paytaxtda azyaşlılar arasında suçiçəyi infeksiyasına yoluxanların olduğu, hətta sayının artdığı barədə məlumatlar yayılır. Movqe.az bununla bağlı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava damcı infeksiyaları bölməsi ilə əlaqə saxlayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava damcı infeksiyaları bölməsinin həkim epidemioloqu Nəzmiyə Brumendfərd Movqe.az-a açıqlamasında qış aylarında suçiçəyinə yoluxanların sayının artdığını təsdiqləyib. Lakin həkim epidemioloq bu ilin yanvar ayında suçiçəyinə yoluxanların sayının ötən ilin mart ayı ilə üs-üstə düşdüyünü söyləyib: "Ötən ilin yanvar ayında suçiçəyinə yoluxma həddi yüksək idi. Ümumiyyətlə dekabrdan başlayaraq qış çıxanadək suçiçəyi xəstəliyi daha çox müşahidə olunur. Amma bu ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, suçiçəyinə yoluxanların sayında 75 faiz azalma var. Onların çoxu azyaşlılardır. Suçiçəyinə yoluxma əsasən məktəbliləri əhatə edir".

Həmsöhbətimiz onu da bildirib ki, qaydaya əsasən suçiçəyi olan şəxs barədə dərhal ərazi polikilinikasına məlumat verilməlidir. Onun sözlərinə görə, əgər sinifdə bir uşaq bu xəstəliyə yoluxubsa, həmin sinifdə 21 gün karantin elan olunur. O sinifin otağının havası tez-tez dəyişilməli, otaqda qoruyucu maskalardan istifadə olunmalıdır. Həmçinin sinifdən-sinifə uşaqların köçürülməsi yolverilməzdir. N. Brumendfərd bildirib ki, suçuçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiya nəzərdə tutulmayıb:"Suçiçəyi yoluxucu bir xəstəlik növüdür. Bu, hava-damcı yolu ilə keçən virus xəstəliyidir".

Həkim epidemioloqun sözlərinə görə, xəstəliyin karantin müddəti 21 gün olsa da, 10-11 günə düzgün qulluq ediləndə əlamətlərin sönməsi və yoluxuculuq təhlükəsi sovuşa bilər: "Əsas odur ki, xəstənin yarasına düzgün qulluq edilməlidir. Əks halda bu dəri xəstəliklərinə və pnevmoniyaya belə gətirib çıxarda bilər". 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz