Əlaqə Arxiv
news Image
2017.02.27
13:56
| A A A
Lerikdə qar uçqunu zamanı sağ qalan körpədən XƏBƏR VAR

Fevralın 23-də Lerik rayonunun Orand kəndində baş verən qar uçqunu zamanı sağ qalan 8 aylıq körpə evə buraxılıb.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov bildirib.

Onun sözlərinə görə, uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasında tam müayinə edilib və səhhəti yaxşı olduğu üçün ailə üzvlərinə təhvil verilib: "Uşağın müalicəsi başa çatıb, körpə yenidən müayinə edilib. Səhhətində heç bir problem yoxdur. Amma buna baxmayaraq, rayon rəhbərliyi də, həkimlər də uşağı nəzarətdə saxlayır".

H.Məlikov bildirib ki, ailənin həlak olan 4 üzvünün dəfn və yas mərasimi xərcləri rayon rəhbərliyi tərəfindən ödənilib: "Bundan başqa, qar uçqunu nəticəsində dağılmış evin bərpası ilə bağlı akt tərtib edilib və Fövqəladə Hallar Nazirliyinə təqdim edilib. Nazirliyin cavabından sonra evin bərpasına başlanılacaq. Hazırda ev sahibi ailə üzvləri ilə birgə kənddə oğlunun evində məskunlaşıb".

Qeyd edək ki, fevralın 23-də Lerik rayonunun Orand kəndində Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar uçqununun düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb. Beşikdə olan 8 aylıq körpə, Elcan Zöhrab oğlu Mustafayev uçqunun altından sağ çıxarılıb və Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Sizin Reklam Yeriniz