Əlaqə Arxiv
news Image
2017.03.01
09:50
| A A A
Xəzər sahilləri su altında qalacaq
Ənvər Əliyev: “Bəşəriyyət bütün bu kataliklizmlərə hazırlaşır” Ramiz Məmmədov: “Səbəb iqlim dəyişmələri ilə bağlıdır”

Rusiya ekoloji araşdırma mərkəzlərində iddialar səslənir ki, qarşıdakı dövrdə dünya okeanının, eləcə də bir çox dənizlərin, o cümlədən Xəzərin səviyyəsi yüksələcək. Qeyd edək ki, analoji proqnozla bir çox ekoloji mərkəzlərin hesabatları olub. Əsas səbəb kim isə dünyada yaşanan iqlim dəyişikliyi göstərilir. Ancaq yerli alimlər proqnozlara birmənalı yanaşmırlar.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirir ki, bu cür proqnozlar vermək çətindir: “Eyni zamanda, əks məlumatlar da yer almaqdadır. Belə ki, 2029-cu ildən sonra soyuqlaşmanın başlayacağını da deyirlər. Yəni, dünya okeanında buzlaşmalar artacaq. Bütün bunlar fərziyyələrdir və elmi-tədqiqatlara əsaslanmır. Amma bunların hamısı tarixdə baş verən hadisələrdir. Məsələn, ən yaxını - 12 min il bundan əvvəl dünya okeanında buzlar əridi və suyun həcmi artmağa başladı. 
İkincisi, 720 milyon il bundan əvvəl Yer kürəsində həyat məhv olub. Amma sonradan canlı tədricən aləm bərpa olundu. Heç kəs dəqiq proqnoz edə bilməz. Ancaq bəşəriyyət bütün bu kataliklizmlərə hazırlaşır. Ən çox buna hazırlaşanlardan biri Norveç hökumətidir. Norveçlilər bütün bitki növlərinin toxumlarından saxlayırlar. Orada genefond yaradıblar. Başqa ölkələrdə də bu istiqamətlər işlər görülür. Bunların hamısı planetar hadisələrdən, kataklizmlərdən çıxan nəticələrdir. Amma donma kimi hadisələr birdən-birə baş vermir. Bu hadisələr tədrici olan prosesdir. Proseslər tədricən baş verir, sonra nəticələri meydana çıxır. Ona görə də hadisələrə qeyri-adi yanaşmaq lazım deyil. Əksinə, hazırlaşmaq lazımdır”. Ənvər Əliyev qeyd edir ki,  Xəzər dənizinin yalnız Rusiya düzənliyindən Kuma-Manıç çökəkliyi vasitəsi ilə dünya okeanı ilə əlaqəsi ola bilər: « Qara dəniz qalxdıqda ordan Kuma-Manıç çökliyi ilə gəlib Xəzər dənizinin səviyyəsini artıra bilər. Orada dəniz səviyyəsinin 7 metr hündürlüyü var. Əgər dünya okeanı 7 metr qalxarsa, Xəzər dənizinə Qara dəniz vasitəsi ilə axın ola bilər. Atlantik Okeanından Aralıq, Mərmərə, Ögey, Qara və Azov dənizinə və ordan da Kuma-Manıç çökəkliyi ilə Xəzərə gələ bilər. Ancaq okeanın 7 metr qalxma ehtimalı nisbətən azdır. O da bir gecədə olmayacaq. Yüz, min illiklər ərzində baş verməsi mümkündür. Ancaq bütövlükdə heç kəs planetin keçmiş dövrü haqqında dəqiq məlumat bilmir. Yaxud da təbiət hadisələrindən sığortalanmamışıq. Odur ki, deyilən fikirlərin hamısı fərziyyələrdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov bildirdi ki, bu cür proqnozu artıq bütün ekoloji mərkəzlər deyirlər: “Hələlik real görünməsə də, bu ehtimal ola bilər. Səbəb isə iqlim dəyişmələri ilə bağlıdır. Ancaq Xəzər dənizində suyun səviyyəsi təhlükə yaradacaq dərəcədə qalxa bilməz. Çünki Xəzər dənizinin özünün tənzimləmə qabiliyyəti var. Yəni, suyun səviyyəsini özü tənzimləyə bilir. 
Dünya okeanında suyun səviyyəsi qalxarsa, o demək deyil ki, Xəzər dənizində də suyun səviyyəsi artacaq. Bütövlükdə dünya su hövzələrində suyun qalxması iqlim dəyişikliyi ilə əlaqədardır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz