news Image
2013.02.04
12:25
| A A A
"Azəriqaz" İB dəm qazından boğulmaların artmasına aydınlıq gətirdi
Araz Ağayev: "Azərbaycanda əhaliyə satılan təbii qazın tərkibi dövlətlərarası standartlara uyğundur" "Ölkədə dəm qazından boğulma hallarının artmasının səbəbi mavi qazın tərkibindəki hər hansı  çatışmazılıqla bağlı deyil. Azərbaycanda həm əhali, həmçinin də qeyri əhali qrupuna verilən qazın keyfiyyətində heç bir problem yoxdur".
Bu sözləri Movqe.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib. Onun sözlərinə görə, Azərbaycanda əhaliyə satılan təbii qazın tərkibi dövlətlərarası standartlara uyğundur: " "Azəriqaz" İB Qaz Emalı zavodundan qazı aldıqdan sonra təkrar öz labarotoriyasında yoxlayır. Qazın tərkibində hər hansı problemə rast gəlinməyib. O ki, qaldı mavi yanacağın tərkibinə vurulan əlavə maddələrin boğulmalara, partlayışlara yol açmasına, bu məlumatlar həqiqətəuyğun deyil. Qaz iyisiz olduğundan, onun tərkibinə hər hansı sızmalar baş verərkən iyi hiss edilməsi üçün adoranat adlı maddə vurulur. Bu maddə də qazın tərkibinə mövcud normativdə nəzərdə tutulmuş miqdarda qatılır. Heç zaman bu maddə boğulmaya və partlayışa səbəb ola bilməz".
A.Ağayev qazdan boğulmaların və partlayışların təhlükəsizlik tələblərinə riayət edilməməsi üzündən törədiyini söylədi: "Mənzillərin tüstü bacaları təmizlənməli, qeyri-standart qaz cihazlarından istifadə edilməməlidir. Əgər abonentlər bu təhlükəsizlik qaydalarına əməl etmirlərsə, baş verən partlayışın, boğulma hallarının səbəbini təbii qazın keyfiyyətində axtarmaq yersizdir".
"Azəriqaz" səlahiyyətlisi qurumun əməkdaşlarının abonentlərin mənzillərində təhlükəsizlik tədbirlərinə əməl edilib-edilmədiyini yoxlamaq məqsədilə mütəmadi baxış keçirdiklərini, hər hansı qayda pozuntusuna rast gəlindikdə tədbir gördüklərini söylədi.