Əlaqə Arxiv
news Image
2017.03.06
14:32
| A A A
9-cuların buraxılış imtahan ajiotajına DİM-dən rəsmi- açıqlama-EKSKLÜZİV
Xanlar Xanlarzadə: " Gələcəkdə ola bilər ki, o nisbətlə yanaşı, açıq test tapşırıqlarının sayı da daha da artsın”

Ötən həftənin bazar günü ümumi orta təhsil bazasında, 9-cu sinif buraxılış imtahanlarının I mərhələsi keçirilib. Bu imtahanda Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustan bölgələri üzrə 40 mindən çox şagird iştirak edib. İlk dəfədir ki, buraxılış imtahanında yenilik tətbiq olunaraq imtahan suallarına ana-dili və riyaziyyat fənlərindən açıq suallar salınıb. Bu yenilik ötən həftə övladı buraxılış imtahanında iştirak edən valideynlərdə çaşqınlığa səbəb olub. Valideynlər sosila şəbəkələrdə buraxılış imtahanına açıq sualların salınacağından xəbərsiz olduqlarını, şagirdlərin buna hazır olmadığından gileyləniblər. 9-cu sinif buraxılış imtahanlarının I mərhələsində tətbiq edilən yeniliklərlə bağlı qaranlıq məqamlara, Dövlət İmtahan Mərkəzinin  (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə aydınlıq gətirib.

Movqe.az-a müsahibə verən Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydaları hələ ötən ilin dekabrın 12-də Nazirlər Kabineti tərəfindən təsdiq olunub: “İmtahanların yeni formatda keçirilməsi həmin o qaydalarda əvvəlcədən nəzərdə tutulub. Bunun səbəbi odur ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində 2008-ci ildən yeni tədris proqramları,   kurikulumlar tətbiq olunmağa başlayıb. Həmin vaxtdan, kurikuluma uyğun hazırlanmış dərsliklərdən istifadə olunmağa başlanılıb. Yəni, 2008-ci ildən tədris proqramı tamamilə dəyişibdir. Hal-hazırda 9-cu sinifi bitirən şagirdlər, yəni 2008-ci ildə 1-ci sinfə getmiş şagirdlər bu il buraxılış imtahanında iştirak edirlər. Ona görə də onların buraxılış imtahanı qaydaları müvafiq olaraq dəyişməlidir. Çünki, onların tədris proqramı da dəyişib. Həmin qaydalarda nəzərdə tutulub ki, buraxılış imtahanları iki mərhələdə keçirilsin. Birinci mərhələ artıq 4 rayon üzrə baş tutdu. Bu mərhələdə nəzərdə tutulub ki, ümumilikdə ana dili və riyaziyyat fənlərindən 30 sual tətbiq olunur. Rus bölməsində isə suallar rus dili və riyaziyyat fənlərindən salınıb. Ana dili fənnindən 20 sualın 10-u açıq, 10-u qapalı olub. Açıq tipli suallarda şagirdə variantlar təqdim edilmir, onlar özləri tapşırığı həll edərək cavabı tapıb yazırlar. Riyaziyyatdan tətbiq olunan sualların isə hamısı açıq tiplidir. Məqsəd ondan ibarətdir ki, şagirdlərin oxuyub anlama, dərk etmə qabiliyyətləri yoxlanılsın. Eyni zamanda, riyazi bacarıqları üzə çıxarılsın”.
Həmsöhbətimiz deyir ki, bu 9 ildə orta məktəbdə şagirdlər bu tipli tapşırıqlardan istifadə ediblər: “Buraxılış imtahanında bu il iştirak edən doqquzuncular üçün hər hansı çətinlik yaranmamalıdır. Bizim abituriyent jurnalında da bu tapşırıq nümunələri çap olunub, qəbul qaydaları verlibdir. 5-9 siniflər üzrə ana dili və riyaziyyat fənnindən test tapşırıqlar çap olunub. Şagirlər bu kitabdan da məlumat alıblar. Eləcə də onlar sualların 20-nin açıq olacağı barədə əvvəldən məlumatlı idilər. O sualların 10-u ana dilindən, 10-u isə riyaziyyatdan salınıb. Şagirdlər bilirdilər ki, bu sualları həll edib özləri cavab tapmalıdırlar”.
DİM səlahiyyətlisi bildirir ki,  ümumi orta təhsil bazasında, 9-cu sinif buraxılış imtahanlarının 2-ci mərhələsində isə, hər fəndən 30 tapşırıq olmaqla qapalı suallar salınacaq: “İkinci mərhələdə ənənəvi olaraq məzunlar o varinatlardan birini seçməklə cavab yazacaq. 9-cu sinifi başa vuran şagirdlər üçün imtahanın ikinci mərhələsi, tədris prosesi başa çatdıqdan sonra keçiriləcək”.
1-ci mərhələdə qiymətləndirməyə gəlincə, X. Xanlarzadə deyir ki, qiymətləndirmə 100 ballıq şkala üzrə olacaq: “Birinci mərhələdə şagird maksimum 30 bal, ikinci mərhələdə isə maksimum 70 bal toplaya bilər. Bu ballar cəmlənəcək və 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Həmin ballar şagirdin yekun atestasiya sənədinə, yəni onun atestatına yazılacaq. Qeyd edim ki, bu ildən 9-cu sinifi bitirənlərə şəhadətmanə deyil, atestat veriləcəkdir. Atestata şagirdin yekun ilik qiyməti, digər cədvəldə isə, şagirdin buraxılış imtahanda aldığı qiyməti yazılacaq”.
Həmsöhbətimiz deyir ki, imtahanda yeniliklərdən biri də odur ki, şagirdlər mətnə uyğun açıq tipli tapşırıqları yerinə yetirərkən müəyyən qismini həll edibsə, bu qiymətləndirmədə nəzərə alınacaq: “Tutaq ki, şagirdə mətndə yazılan məcazi mənalı sözlərin üçünü tapıb yazmaq tapşırılır. Əgər şagird həmin sözlərin üçündən ikisini tapıb yazırsa, yəni qismən tapşırığı həll edibsə, ona bal veriləcək. Açıq suallardan heç birinə cavab yaza bilməsə 0 bal alacaq. Artıq atestata qiymət balla yazılacaq”.
X. Xanlarzadə bildirir ki, bu yenilik hələki 11-ci siniflərin buraxılış imtahanında nəzərdə tutulmayıb: “Çünki, onlar hələki kurikulum proqramını tam başa çatdırmayıblar. Əgər bu il 9-da oxuyanlar iki ildən sonra 11-ci sinfi başa vuracaqlarsa, o zaman onlara da açıq suallar tətbiq olunacaq”. 
Sektor rəhbərinin sözlərinə görə. Yalnız imtahanda iştirak edən şagirdin qiyməti atestatında yazılacaq: “Əgər şagird buraxılış imtahanında ümumiyyətlə iştirak etməyibsə, ona atestat verilmir.  O zaman həmin şagirdə müvafiq arayış verilir”.
X. Xanlarzadənin sözlərinə görə, hələki qiymətləndirmədə, imtahanın birinci mərhələsindən 30 bal toplamaq nəzərdə tutulub: “Ola bilər ki, gələcəkdə o bal arta da bilər. Bununla bağlı konkret bir söz deyə bilmərəm. Gələcəkdə ola bilər ki, o nisbətlə yanaşı, açıq test tapşırıqlarının sayı da daha da artsın”.
DİM səlahiyyətlisi martın 5-də keçirilən buraxılış imtahanlarının cavabının gec açıqlanması ilə bağlı narazılıqlara da aydınlıq gətirib: “Bakı və 4 rayon üzrə keçirilən 9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsinin nəticəsi imtahanın ikinci mərhələsi keçirilənədək açıqlanacaq. Buna səbəb, imtahana açıq sualların salınmasıdır. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir. Əgər markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir. Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat-ad, soyad, ata adı, şagird kodu, ünvan və s. verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zoDönadan olmayan markerlərin kompüterinə göndərir. Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın essenin yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur”.
Xatırladaq ki, 9-cu sinif buraxılış imtahanının birinci mərhələsi digər rayon və bölgələr üzrəmartın 12-i və 18-i tarixlərində keçiriləcək.

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz