Əlaqə Arxiv
news Image
2017.03.08
08:00
| A A A
Sağlam millət, sağlam cəmiyyət
İnsan kapitalının sağlamlığı dövlətin prioritet məqsədidir

Bu günlərdə Bakıda “Ürək Mərkəzi” adlı yeni tibb ocağının açılışı olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. “Ürək Mərkəzi”nin binası istər memarlıq, istərsə də tərtibat baxımından ən müasir standartlara cavab verir. Bu səhiyyə ocağı da Azərbaycanın inkişaf modelinin və dövlət quruculuğu fəlsəfəsinin insan amilindən qaynaqlandığının əyani nümunəsidir. Mərkəzdə hər addımda insan amilinin başlıca meyar götürülməsi özünü əyani surətdə büruzə verir. 

Həyatın hər bir sahəsində olduğu kimi əhalinin sağlamlığı keşiyində duran tibb sahəsində də Azərbaycanda böyük yüksəliş baş verib. Çünki, ölkədə yaranmış savadlı və intellektual insan kapitalının qorunub saxlanmasında və inkişafında tibbin rolu əvəzedilməzdir. Yəni, ölkə rəhbərliyinin ağıllı və uzaqgörən siyasəti neft kapitalının insan kapitalına çevrilməsinə nail olduqdan sonra bu nemətin qorunması qayğısına da qalmaq lazım idi. Sosial xarakterli Azərbaycan dövləti isə öz sərvətlərinin qədrini gözəl bilir. Bu mənada əhalinin sağlamlığının qorunması daim diqqət mərkəzindədir. Hər açılan müasir xəstəxanalar və klinikalar bu qayğıya gözəl nümunədir. “Ürək Mərkəzi”nin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır. Bu tibb müəssisəsi də ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib. Hazırda ölkəmizdə böyük miqyas alan yenidənqurma tədbirləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Yüksək səviyyəli yaşayış üçün yaradılmış hərtərəfli şərait tolerantlıqda dünya üçün nümunə olan Azərbaycan dövlətinin öz vətəndaşlarına həssas münasibətinin əyani nümunəsidir.
Yeni səhiyyə ocağının kollektivi ilə görüşən Prezidenti İlham Əliyev çıxış edərək deib: “Səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Çünki bu sahəyə ayrılan vəsait dövlətin siyasətini, niyyətini ifadə edir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Bilirsiniz ki, artıq neçə ildir kütləvi müayinədən keçmə kampaniyası aparılır. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək”. 
Dövlət vətəndaşın qayğısını çəkəndə onda hər bir insan özünü güvənli hiss edir, işinə ürəkdən girişir, xalqına, dövlətinə sədaqətini yüksəldir. Sosial vəziyyətindən asılı olmayaraq hamının tibbi müayinədən pulsuz keçməsi təşəbbüsü dövlət başçısı İlham Əliyevə məxsusdur. Onun göstərişi ilə həyata keçirilən bu aksiyada insanların sağlamlığı yoxlanılmaqla bərabər həm də onların ictimai fəallığının yüksəldilməsinə təsir edilir. Çünki, “qayğı göstərmək” kimi böyük insani keyfiyyət cəmiyyətdə mənəvi tələbata çevrilir və milli həmrəylik üçün güclü stimul olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu imkanlardan insanlar həvəslə istifadə edirlər: “Bu, ilk növbədə, insanlara lazımdır, eyni zamanda, dövlətimizin inkişafı üçün də bunun çox böyük mənası var. Çünki sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir”.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz