Əlaqə Arxiv
news Image
2017.03.08
09:30
| A A A
Ətin qiyməti ətrafında fikirlər haçalandı
Cümşüd Nuriyev: “Novruz bayramı o demək deyil ki, ətin qiyməti qalxmalıdır” Murtuzəli Hacıyev: “Kənd təsərrüfatı satış yarmakalarında mal ətinin qiyməti 6.5 manat, ümumi bazarlarda isə 10-12 manatdır” Aydın Vəliyev: “Quş ətinin qiymətini bazarda süni şəkildə artırırlar”

Son günlər quş və mal ətinin qiymətində bahalaşma müşahidə edilir. İqtisadçılar indiki qiymət artımını xüsusi ilə bayram günlərinin yaxınlaşması ilə əlaqələndirirlər. Rəsmi dairələr isə fərqli düşünür. 

Ekspert Cümşüd Nuriyev bildirir ki, ölkəyə hələ də müəyyən həcmdə ət idxal olunur: “Azərbaycana ən çox Hindistan, Rusiya və Gürcüstandan ət idxal edilir. Bu, qiymətələ təsir edir və odur ki, nəzarət gücləndirilməlidir”.
Ekspert əlavə etdi ki, burada mövsümi amil alverçilər üçün var: “Pisi də odur ki, hər dəfə mövsümlə bağlı qiymətlər artandan sonra düşmür. Ancaq şəxsi maraqlar dövlət maraqlarından irəli keçməməlidir. Novruz bayramı o demək deyil ki, ətin qiyməti qalxmalıdır. Ən çox da qiyməti qaldıran xaricdən məhsul gətirənlərdir. Eyni zamanda, nəzərə alaq ki, yemin qiyməti  bahalaşdı. Bu da öz növbəsində ətin qiymətini artıran amildir”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bazarda quş və mal ətinin qiymətinin stabil qaldığını bildirdi: “Quş əti ilə bağlı Quşçular Cəmiyyətinə müraciət etmək lazımdır. Mal ətinin qiymətində isə hazırda artım müşahidə edilmir. Kənd təsərrüfatı satış yarmakalarında mal ətinin qiyməti 6.5 manat, ümumi bazarlarda isə 10-12 manatdır”. 
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirdi ki, biz istehsalçıyıq: “Bizdə ətin qiymətində artım yoxdur. Quş ətinin qiymətini bazarda süni şəkildə artırırlar. 
Adətən, müsəlman dövlətlərində bayram ərəfəsində qiymətlərdə ucuzlaşma qeydə alınır. Amma bizdə isə fərqlidir. Bayram günlərinin yaxınlaşması ilə əlaqədar qiymətləri artıblar. Quşçular Cəmiyyətində ən pis halda 5-10 qəpik bahalaşma ola bilər. Halbuki, bazarda 1.5 manat bahalaşma var”. 

 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz