news Image
2013.02.06
10:20
| A A A
Rusiyanın Azərbaycana da təsir edə biləcək yeni miqrasiya siyasəti
Azər Allahverənov: “Belə siyasi və digər rıçaqlardan istifadə edərək ümumi bazarın faydalı iş əmsalını artırmaq istəyir” Ruslan Atakişiyev: “Peşə sahibi olan kəslərin Rusiyaya axını baş verə bilər”

Məlumdur ki, son zamanlar Rusiya hökuməti miqrasiya siyasətinə yeniliklər gətirməkdə davam edir. İndi də Dövlət Dumasında belə təkliflər səsləndirilir ki, MDB ölkələrində, o cümlədən də Azərbaycanda miqrantlar üçün işədüzəltmə agentliyi yaradılsın. Əsas məqsəd də Rusiyaya əməkqabiliyyətli, ixtisas sahibi olan miqrantların axının təmin edilməsinə nail olmaqdır. Amma bu qərarın MDB məkanında digər ölkələrin əmək bazarına təzyiq kimi qiymətləndirənlər də var. Belə ki, miqrantlara bu cür şəraitin yaradılması MDB vətəndaşlarından ixtisaslı kadrların Rusiyaya meylini artıracağını bildirirlər.

Təbii ki, bu sıralarda müəyyən sayda Azərbaycan vətəndaşları da yer alacaq. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, hazırda Rusiya əmək miqrasiyası ilə bağlı ciddi islahatlar həyata keçirir: "Vaxtaşırı bu və ya digər formalarda miqrasiya siyasəti ilə bağlı yeni üsullar tətbiq edir. Bu kontekstdə götürdükdə Rusiya onun əmək bazarında çalışan əməkçi miqrantların hamısının əmək bazarının reallıqlarına cavab verməsində çox maraqlıdır və əsas niyyət də odur ki, miqrantlar Rusiya iqtisadiyyatının müxtəlif sahələrində birbaşa olaraq dividendlərini gətirə bilsinlər. Hazırda Rusiyada işləyən miqrantların böyük əksəriyyəti əsasən ticarət sahəsində təmsil olunmuş insanlardır. Bunların Rusiya iqtisadiyyatına verəcəyi dividend onların vergiləri ilə bağlıdır. Amma təbii, Rusiya hökuməti iqtisadiyyatının güclənməsi üçün orada çalışan miqrantların yüksək ixtisaslı olmasında maraqlıdır. Bu baxımdan həmin strukturun yaradılması ideyası ilə çıxış etdilər. Bununla Rusiya bazarına üz tutanlar əsasən müəyyən ixtisaslara uyğun olan insanlar olsun. Həmin strukturlar təkcə seçim aparmayacaqlar. Çox güman ki, potensial əmək miqrantları üçün intensiv kurslar da təşkil edə bilərlər. Bazara uyğun olaraq hansısa bilikləri də ötürə bilərlər ki, Rusiyaya üz tutan insan artıq hazırlıqlı şəkildə olsun. Bu, Rusiya üçün maraqlı olan tərəflər, siyasətin görünən hissəsidir. Görünməyən hissəsi də əmək bazarına çox ciddi müdaxilə etməkdir. Belə siyasi və digər rıçaqlardan istifadə edərək Moskva öz ümumi bazarın faydalı iş əmsalını artırmaq istəyir".

Ekspertin sözlərinə görə, bizdən Rusiyaya üz tutan əsasən ticarət sahəsində çalışmaq istəyən insanlardır: "Orada yaşamaqda da, iş fəaliyyətində də kompakt şəkildə məşğul olurlar. Təbii ki, bu tipli siyasət ona imkan verəcək ki, insan öz ixtisasına uyğun işlə təmin olunsun. Artıq onu kortəbii şəkildə yox, mərkəzləşdirilmiş bir qurum vasitəsi ilə həyata keçirəcək. Miqrantlar üçün də bu, hərtərəfli sərfəlidir. Mənfi tərəfi də odur ki, əgər bu tipli siyasət uğurla həyata keçiriləcəksə, Azərbaycan əmək bazarında yüksək ixtisasa malik insanların Rusiya istiqamətində axını baş verə bilər. Təbii ki, bu, "beyin axını" deyil. Bu da əmək bazarında müəyyən qıtlıq yarada bilər. Ondan sonra da Azərbaycan üçün həmin boşluğun doldurulması vacib olacaq. Bu da xaricdən olan miqrantların hesabına ola bilər. Belə olanda əmək kvotasının yenidən nəzərdən keçirilməsini tələb edən bir məsələ yaranacaq. Rusiya həmin agentliklərə xüsusi imtiyazlar yaradacaqsa, əmək bazarında tələb olunan peşələr üzrə vakans torbasının açmağa imkan verəcəksə, insanları yüksək məvaciblərlə öz ölkəsinə cəlb edəcəksə, bunun Azərbaycanın əmək bazarında mənfi tərəfləri hiss olunacaq. Amma gələcəkdə Azərbaycanda iri layihələr nəzərdə tutulur. Ona görə də Azərbaycan bazarında yüksək ixtisaslı insanlara ehtiyac var. İldən - ilə Azərbaycan miqrantlar üçün cəlbedici ölkəyə çevrilir. Ona görə də Azərbaycanın əmək bazarında məvaciblərlə bağlı olan məsələləri yenidən nəzərdən keçirilsə, yüksək ixtisaslı insanlar Rusiyaya üz tutmazlar".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev qeyd edir ki, Azərbaycanda əsasən region əhalisi Rusiyaya üz tuturlar: "Amma çox vaxt orada bir sıra problemlərlə qarşılaşırlar. Bu da xüsusi ilə qeydiyyat, yerli əhali tərəfindən diskriminasiya olunması, bizimkilərin işlədiyi bazarların ləğv olunması kimi məsələlərdir. Ona görə də bu məsələlərin bir müstəviyə gəlməsi, bu sahədə aydın şəkildə hüquq siyasətinin təzahürünü özündə əks etdirən bir qərarın qəbul olunması bizim Rusiyada çalışan əhalimiz üçün müsbət təsirini göstərəcək".

Ekspert bildirdi ki, ümumiyyətlə, əmək bazarında qiymətlər tələb və təklifin əsasında formalaşır: "Xüsusi ilə bu gün Azərbaycanın özünün daxilində də müəyyən qədər işsizlik problemi olur. Rəsmi məlumatlara görə, əmək qabiliyyətli insanların 10 faizi işçi kimi gedir. Bu qərar MDB məkanında işçi qüvvəsinin sərbəst axının təmin olunmasına gətirəcək. Rusiyanın qərarı regiondan Bakıya iş üçün gələnlərin bir hissəsinin Rusiya bazarlarına meyl etməsinə gətirib çıxara bilər. Əgər miqrasiya ilə bağlı MDB məkanı daxilində çox sadələşdirilmiş rejimlər müəyyənləşdirilərsə, onda bizdə xüsusi ilə peşə sahibi olan kəslərin Rusiyaya axını baş verə bilər. Çünki, son zamanlar intellektual potensialı olanlar ən çox Avropa məkanına üz tuturlar. Amma Rusiyaya meyllilik Azərbaycanın daxili əmək bazarında qıtlıq yaradarsa, onda mövcud işçilərin daha baha qiymətə işləməsinə imkan yaranacaq. Bu zaman əmək bazarındakı işçi qüvvəsinə olan tələbat ödənməsə, işçi qüvvəsinə olan təklifin artmasına gətirib çıxara bilər. Onda qiymətlərin artımı da baş verə bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs