Əlaqə Arxiv
news Image
2017.03.30
16:50
| A A A
1-ci qrup əlillər təkrar müayinədən keçməyəcək

Birinci dərəcəli əlilliyi olan şəxslərin yenidən müayinələrdən keçməsinə ehtiyac yoxdur.  Movqe.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib. 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən, 01 yanvar 2016-cı il tarixinədək əlilliyi müəyyən edilmiş və həmin vaxtadək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılıb.

“Həmçinin qeyd olunan vaxtadək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən müddətsiz olaraq müəyyən edilib. 

Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və 01 yanvar 2016-cı il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən (18 yaşından yuxarı olmamaqla) üç il müddətinə uzadılıb.

2016-cı ilin 01 yanvarından etibarən 18 yaşına çatmamış şəxslərin Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, birinci dərəcə əlillik isə müddətsiz müəyyən edilir.

Bu islahat tədbiri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlandırma işlərinin aparılmasına baxmayaraq, bir sıra hallarda əlilliyi olan şəxslərin məlumatsızlıq səbəbindən yenə də, əvvəlki illərdə olduğu kimi, əlilliklərinin hər il təkrar müayinəsinin aparılmasından ötrü səhiyyə müəsissələrinə müraciət edərək göndəriş (forma 88) almaq istəmələri barədə nazirliyə məlumatlar daxil olur. 

Ona görə də bir daha əlilliyi olan şəxslərin diqqətinə çatdırırıq ki, həmin vətəndaşların hər il təkrar müayinə üçün göndəriş (forma 88) alınması məqsədilə müraciət etmələrinə heç bir lüzum yoxdur. Əlilliyin hər il təkrar müayinəsi aparılmır və qanunvericilikdə nəzərə tutulmuş əlillik müddəti başa çatana qədər təkrar əlillik müayinəsi üçün onlara hər hansı müraciət edilməsi də əsassızdır”.

Sizin Reklam Yeriniz