Əlaqə Arxiv
news Image
2013.02.08
17:05
| A A A
Zərərli duzların satışı hələ də davam edir
Fazil Talıblı: «Ötən il duz istehsal edən 7 müəssisədə istehsal normativ sənədin tələblərinə uyğun olmadığı üçün istehsal dayandırılıb» Eyyub Hüseynov: «Hətta ən nüfuzlu supermarketlərdə satışı qadağan olunmuş duzlar vardır»

İstifadə etdiyimiz duzun keyfiyyətinə diqqət yetirsək, paralel olaraq sağlamlığımızın da qayğısına qalmış olarıq. Duzun keyfiyyəti dedikdə, onun tərkibində olan natrium və xlor ionlarının ümumi miqdarının çoxluğu nəzərdə tutulur. Duzun kənar maddələrlə qatışığı yoxdursa, daha da keyfiyyətli duz hesab olunur. Burada diqqət yetrilən məqamlardan biri də duzun tərkibind əoşlan yodla bağlıdır. Yodlaşdırılmamış duzun fəsadları çox böyükdür. Uşaqlarda boyun inkişafdan qalma problemini, hamilə qadınlarda uşaqsalma, uşağın qüsurlu doğulması halları yod çatışmazlığının fəsadları kimi qiymətləndirilərək, bunun yodlaşdırılmış duzlardan istifadə olunmadığı hallarda özünü daha qabarıq şəkildə büruzə verməsi məlumdur.

Zaman-zaman isə ölkəmizdə duz haqqında müxtəlif fikirlər səslənir. Bu fikirlər arasında elələri olur ki, bəzən ağızın dada gəlməsi üçün duz istifadə edərkən adam qorxuya düşüb,istifadə etdiyi duzun keyfiyyəti, ziyanlı olub-olmaması barədə narahatlıq hissi keçirir.

2001-ci ildə qəbul olunmuş "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" qanunda Azərbaycanda yodsuz duzun, hətta heyvanlara verilməsi məqsədilə satışı və idxalı qadağan olunsa da, bazarda yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış duzların satışına hələ də rast gəlmək olur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bununla bağlı Movqe.az saytına bildirib: "2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə Və Standartlaşma Üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 20-yə qədər duz istehsal edən müəssisəyə dövlət nəzarəti həyata keçirilmişdir. Onlardan 7-si istehsal normativ sənədin tələblərinə uyğun olmadığı üçün istehsal dayandırılmışdır. Həmin o müəsissələrdə duzun emalı kustar üsul ilə həyata keçirilirdi və yodlaşdırılmadan, qablaşdırılaraq satışa çıxarılırdı. Tərəfimizdən tədbir görüldü və istehsal dayandırıldı. Təbii ki, bu faktlar var. Komitəyə dəfələrlə Azad İstehsalçılar Birliyindən rəsmi məktublarla müraciət daxil olmuşdur. Biz də öz növbəmizdə istər məktubda göstərilən faktlara, istərsə də ictimayiətin fikirlərinə çox həsas yanaşmışıq. Hal- hazırda Azərbaycanda demək olar ki, belə faktlar yoxdur. Yodlaşdırılmamış duzun qanuna görə istehsalı qəti qadağandır. Biz çörək bişirilən yerlərdə monitorinq apardığımız zaman göllərdən natəmiz şəkildə yığılan, yuyulmadan, yodlaşdırmadan xammala qatılaraq çörək bişirilməsini də görmüşük. Duzun istehsalı bugün dövlətin diqqətindədir. Daimi olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayır.

Tərəfimizdən mütamadi monitorinqlər aparılır. Gələn siqnallara, müraciətlərə vaxtında, operativ reaksiya verilir. Sizin vasitənizlə də mən istehlakçılara üzümü tutub deyirəm ki, əraflarında, yaxınlıqlarında və yaxud da təsadüfən kustar üsulla istehsal prosesi gördükləri zaman mütləq şəkildə 963 qaynar xəttinə müraciət etsinlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələ ilə bağlı bildirir: " Hətta ən nüfuzlu supermarketlərdə satışı qadağan olunmuş duzlar vardır. Xaricdən idxal olunmuş duzun kiloqramı 10 manata qədər çıxır. Cürbəcür bəzəkli qablaşdırmalarla, duza ədviyyatlar qatılaraq istehlakçılar aldadılır. Bunlar əsasən "Sea Solt", "Kamis", "Artyomsol" "Extra" markalı duzlardır. Saxta təhlükəli duzların təxminən 80 faizi ölkəyə idxal olunur, 20 faizi isə ölkə daxilində istehsal olunur. Aparılan çoxsaylı işlər nəticəsində yodlu duzdan istifadə 25%-dən 80 %-ə yüksəlib. Bizim məqsədimiz 100%-ə nail olmaqdır.Təmizlənməmiş duzlar əsasən pendir, turşu istehsalı sexlərində və çörək zavodlarında istifadə olunur". Bu yaxınlarda keçirilən mətbuat konfransında Azad İstehlakçılar Birliyi əhaliyə müraciət edərək yodsuz, su ilə qarışdırıldıqda çöküntü verən, suyun rəngini bulanıq edən duzları almamağa çağırıb.

Sizin Reklam Yeriniz