Əlaqə Arxiv
news Image
2017.04.26
09:30
| A A A
Azərbaycan və Türkiyə hərbçilərindən Ermənistanla havadarlarına növbəti sərt mesaj
Üzeyir Cəfərov : “Düşmən və havadarları da görür ki, Azərbaycan Silahlı Qüvələri NATO-nun üzvü olan Türkiyənin keçdiyi yolu həm mənimsəyir, həm də təkmilləşdirir” İlqar Vəlizadə: “Bütün hallarda təlimlər ikitərəfli hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir”

Xəbər verildiyi kimi, mayın 1-dən 5-dək Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin növbəti birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək. Artıq təlimlərə qatılacaq Türkiyə ordusunun şəxsi heyətinin Azərbaycan hərbi hava bazalarından birində təntənəli qarşılanma mərasimi olub.  Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsirini göstərəcək. 

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə orduları arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Artıq təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib. Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, habelə qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək. Eyni zamanda təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb. 
Mütəxəssislərin fikrincə, təlimlər plan üzrə keçirilsə də, özündə müəyyən mesajlar da daşıyır. İki ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirməklə yanaşı, təlimlər düşmən və havadarları üçün müəyyən mesaj verir. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, ötən ilin aprel hadisələrindən sonra Azərbaycan ilə Türkiyənin birgə keçirdiyi hərbi təlimlərə sanki bir qədər fasilə verildi: “Amma hər iki tərəf bu müddət ərzində öz ərazisində planları üzrə təlimlər keçirdirlər. İndi isə proseslər yoluna düşüb. Türkiyə tərəfi də rahat şəkildə öz işini planlaşdıra bilir. Mayın əvəvlində keçiriləcək təlimlərdən sonra Gürcüstanın da iştirakı ilə üçtərəfli - daha böyük təlim gözlənilir. Bu, döyüş hazırlığının növbəti mərhələsidir. 
Azərbaycan Silahlı Qüvələri bundan əvvəl də Türkiyə ilə təlimlər keçirib. Hansı ki, təlimlər həm gecə, həm də gündüz saatlarında bütün qoşun növləri üzrə olub. Prosesləri düşmən görür. Havadarları da görür ki, Azərbaycan Silahlı Qüvələri NATO-nun üzvü olan Türkiyənin keçdiyi yolu həm mənimsəyir, həm də təkmilləşdirir. Ona görə də bu, düşmənə mesajdır ki, öz gücümüzü sərf edib Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin edəcəyik. Danışıqlar prosesində irəliləyiş olmasa, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Silahlı Qüvələri qısa müddətdə ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək”.
Politoloq İlqar Vəlizadə bildirdi ki, iki ölkənin birgə təlimləri proqram şəklində keçirilir: “Hansısa hadisəyə hesablanmayıb. Amma burada təkcə Azərbaycan və Türkiyənin adını çəkməz düzgün olmazdı. Rusiya ilə də İran birgə təlimlər keçirməkdə maraqlıdırlar. 
Bütün hallarda təlimlər ikitərəfli hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Çünki 2010-cu ildə Azərbaycan ilə Türkiyə bununla bağlı strateji sənəd imzalayıblar. Bu sənəd Azərbaycan və Türkiyəyə birgə təlim keçirməyə imkan verir. Məqsəd iki ölkə üçün maraqlı olan sahələrdə hərbi texniki tərəfdaşlığı inkişaf etdirməkdir. Odur ki, təlimlərə ikitərəfli kontekstdə yanaşmaq yaxşı olardı. Burada daha dərin məqsədlər var. Məsələn, Azərbaycan ilə Türkiyə birgə strateji layihələr həyata keçirirlər. Ən azından onların müdafiəsi üçün bu cür təlimlər vacibdir. Terrorla mübarizədə də əhəmiyyətli təlimlərdir ki, onu regionda gedən proseslərə cavab kimi qiymətləndirmək olar”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz