Əlaqə Arxiv
news Image
2017.04.27
11:10
| A A A
Xəzər Bakını su altında qoyacaq? ARAŞDIRMA

Nüfuzlu "National Geographic" jurnalı qlobal iqlim dəyişiklikləri nəticəsində yerdə baş verə biləcək kataklizmlərlə bağlı qorxulu proqnoz yayıb. Proqnoza görə, qlobal iqlim dəyişiklikləri Xəzər dənizinin səviyyəsini 2050-ci ilədək qaldıracaq. Nəticədə Azərbaycanın 2/3-i su altında qalacaq. Qeyd edək ki, Xəzər dənizinin ən aktual problemlərindən biri, onun səviyyəsinin qalxması ilə bağlıdır. Son 4 min il ərzində dənizin səviyyəsi üzrə informasiyaların analizinə görə, Xəzər dənizinin səviyyəsi, 250 ildən bir qalxıb, bu qədər müddətdə də enir. Xəzərin səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdır. Bu səviyyə Xəzər dənizinin sıfır səviyyəsi hesab olunur. Səviyyənin bu nöqtədən xeyli yuxarı və aşağı qalxıb düşməsi artıq dənizin təlatümü sayılır. Ümumiyyətlə, Xəzərin səviyyəsinin instrumental – cihazlarla dəqiq ölçülməsinə Bakıda – Bayılda məntəqəsində 1830-cu ildən başlanılıb. Bu müddətdən 1930-cu ilədək Xəzərin səviyyəsi təxminən yarım metrə qədər tərəddüd edib – dəyişib. 1930-cu ildən 1977-ci ilədək isə suyun səviyyəsi 3-3,2 metr aşağı düşüb. Dənizin son 500 ildə ən aşağı səviyyəsi Xəzərin səviyyəsinin ən çox artımı 1978-1995-ci illərdə baş verib. Həmin vaxt dənizin səviyyəsində 2,5-2,6 metrə qədər artım müşahidə olunub. Qeyd edək ki, sonuncu dəfə, 1975-95-ci illər ərzində Xəzərin səviyyəsinin artması nəticəsində 12,5 min kv. km ərazi su altında qalaraq 50 yaşayış məntəqəsini, 250 sənaye müəssisəsini su basıb. Bu ölkəyə iki milyard ABŞ dolları həcmində ziyan vurub.  İndi mütəxəssislər yenidən Xəzərin səviyyəsinin artması ilə bağlı qorxulu proqnozlar verməyə başlayıblar. Bəs görəsən, verilən proqnozlardan narahat olmağa dəyərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin direktor müavini Əkbər Əsgərov Movqe.az-a açıqlamasında bu cür proqnozların sensasiya xarakteri daşıdığını söyləyir: “Bu proqnozu biz qəbul etmirik. Xəzər dənizinin səviyyəsində hazırda kiçik enmələr müşahidə edilməkdədir. Bu ilin mart, yanvar, fevral aylarında dəniz səviyyəsinin qiyməti Baltik sistemi ilə (-27,73) mənfi 28 m ətrafında olub ki, bunu da normal hesab etmək olar”. 
Həmsöhbətimiz bildirir ki, dənizin səviyyəsi bu vəziyyətdə təhlükəli hesab olunmur: “Qlobal iqlim dəyişikliyi nəticəsində Qrenlandiya buzlaqlarında müşahidə olunan ərimələr fonunda dünya okeanının suyunun səviyyəsində cüzi artım qeydə alındığı bildirilsə də, şimal yarımkürəsinin 20%-ini təşkil edən Xəzər dənizi hövzəsində hər hansı ciddi problem yaranacağı ehtimal olunmur. Xəzər dənizi qapalı su hövzəsi olduğundan, burada iqlim amilinin təsiri nəticəsində periodik olaraq səviyyə tərəddüdləri müşahidə edilsə də, dəniz səviyyəsinin ən azı yaxın 30 il ərzində krtik həddə çatacağı gözlənilmir”.


Azərbaycan Dövlət Dəniz Akademiyası Dəniz Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri, professor Əmir Əliyev də Movqe.az-ın əməkdaşı ilə söhbətində son illər Xəzər dənizində enmə müşahidə olunduğunu söyləyir. Onun sözlərinə görə, Xəzərdə suyun çoxalmasını iqlim dəyişiklikləri şərtləndirir: “Xəzərə gələn çay sularının 85 faizini Volqa çayı gətirir. Xəzər qapalı su hövzəsi olduğundan, daxil olan su yalnız buxarlanma yolu ilə azala bilir. Bu iki proses arasında yaranan disbalans olarsa, suyun səviyyəsi arta bilər”.
Həmsöhbətimiz deyir ki, dənizin səviyyəsinin dəyişməsində antropogen faktorların rolu çox azdır: “Yalnız Xəzərə gələn çay sularının üzərində su anbarları tikilən vaxt dənizə daxil olan suyun həcmi azala bilər. Məsələn, vaxtıilə Volqa çayı üzərində su anbarları tikilən vaxt səviyyə bir qədər azalmışdı. Bundan başqa Xəzərin çirklənməsi də buxarlanma prosesinə təsir edə bilir. Bu zaman neft qalıqları suyun səthini tuta və buxarlanmanın qarşısını ala bilər. Amma indi Xəzərdə neft ləkələri çox azdır”. 
Ümumilikdə Xəzərin səviyyəsinin dəyişməsində 90 faiz iqlim prosesləri, 7-8 fazi tektonik proseslər, yalnlız 1-2 faizi insan fəaliyyəti təsir göstərir. Ə. Əliyevin sözlərinə görə, Xəzərin səviyyəsi artarsa, 1978-1995-ci illərdə olduğu kimi ən çox ziyan Kür çayının deltasından Astaraya qədər olan əraziyə dəyəcək: “Belə təhlükə olarsa, Neftçaladan Astarayadək olan ərazi subasmaya mərus qala bilər. Çünki həmin vaxt da dənizin səviyyəsinin qalxması nəticəsində Azərbaycanın 50 min hektara qədər ərazisi su altında qalmışdısa, onun məhz 80 faizini bu ərazilər təşkil edirdi. Əvvəlki illərdə səviyyə artan vaxt, cənub bölgəsində evlər, təsərrüfatlar su altında qalmışdı. Amma bunun əsas səbəbi o idi ki, 30-40-cı illərdə Xəzərin səviyyəsi enən vaxt əhali gəlib suyun çəkildiyi ərazilərdə məskunlaşmışdı”.
Həmsöhbətimizin sözlərinə görə, . Xəzər dənizinin səviyyəsi regionlar üzrə müxtəlif dərəcədə təsirə malikdir: “Məsələn, həmin vaxt Xəzərin səviyyəsi qalxanda subasmaya məruz qalan sahələrin yalnız 12 faizi Abşeron yarımadasına aid idi”.
Ə. Əliyev deyir ki, Xəzər dənizi beş dövlətlə həmsərhəd olsa da, səviyyənin artması nəticəsində subasma təhlükəsi
əsasən Azərbaycanı təhdid edir: “Çünki, Azərbaycan əhalisinin 60 faizi, dörd milyon nəfər insan Xəzər dənizinin sahilində yaşayır. Bundan başqa Azərbaycanın sənaye müəssisələrinin də 75 faizi Xəzər dənizinin sahilində yerləşir. Müqayisə üçün deyək ki, İranda əhalinin cəmi 10, Rusiyada 2,5, Qazaxıstanda 5, Türkmənistanda isə 9 faizi Xəzərin sahilində yaşayır”.
Məhz bu səbəbdən də, dənizin səviyyəsinin artması nəticəsində Xəzərin “şıltaqlağından” ən çox Azərbaycan ziyan çəkir”.


Coğrafiya İnstitunun direktoru, akademik  Ramiz Məmmədov da bu proqnozun özünü doğrultmayacağı fikrindədir. Movqe.az-a açıqlamasında R. Məmmədov Xəzərin səviyyəsinin hazırda enməsinin müşahidə olunduğunu bildirib: “Xəzər dənizinin suyunu çay suları və səthinə düşən yağıntı çoxaldır. Hazırda isə dənizdə çay sularının artması və yağıntıların çoxalması ilə bağlı bir təhlükə yoxdur. 
Bir məsələni də qeyd edim ki, dənizin səviyyəsi qalxdıqca buxarlanma prosesi sürətlənir. Suyun səviyyəsi enir. Bu proseslər bir-birini tənzimləyir. Hələ ki Xəzər dənizinnin səviyyəsinin qalxması ilə bağlı təhlükəli vəziyyət yoxdur. Bu cür proqnozlara inanmıram”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz