İndi vaxtının müəyyən bir hissəsini kompyuter arxasında keçirməyən, əlində mobil telefon, planşet olmayan çox az uşağa rast gəlmək olar. Uşaqların müasir texnoloji avadanlıqlara marağı əksər hallarda onları həmin qurğulardan asılı vəziyyətə salır. Son vaxtlar isə kompyuter, mobil telefon və planşetlərdə müxtəlif virtual oyunlar oynayan uşaqlarda diqqət pozğunluğu, aqressiya, nevroloji xəstəliklərlə yanaşı
gözün müxtəlif xəstəlikləri də meydana çıxıb.
Bu günlərdə bununla bağlı mətbuata məlumat verən təhsil eksperti Kamran Əsədov araşdırmalar zamanı şagirdlərdə nevroz, əsəb gərginliyi, miopiya (yəni uzaqdan görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növlərinin aşkarlandığını söyləyib. Onun sözlərinə görə, hazırda məktəblilər arasında görmə problemləri - ibtidai (I-IV) siniflərdə 29% - orta (V-IX) siniflərdə 25% - yuxarı (X-XI) siniflərdə 45% təşkil edir. Ekspert həyəcan təbili çalaraq bu problemlərin yaranmasında dərs yükünün ağırlığının da rolunun olduğunu bildirib.
Elə paytaxtda apardığımız müşahidələr də son illər eynəkli uşaqların sayının artdığını göstərir. İllər öncə məktəbə optik eynəkdə gələn uşaqları sayı barmaqla saymaq mümkün idisə, indi eynək taxan azyaşlıların sayı kifayət qədərdir.
Problemin ciddi olduğunu okulistlər də təsdiqləyir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Uşaqlarda Gözün Patalogiyası şöbəsinin həkim oftolmoloqu Nigar Həsənova Movqe.az-a açıqlamasında məsələnin kifayət qədər ciddi hal aldığını söyləyir. Həmsöhbətimiz deyir ki, bu səbəbdən də artıq Mərkəzdə uşaqlar arasında göz xəstəliyindən əziyyət çəkənlərin statistikası və səbəblərinin öyrənilməsi ilə bağlı geniş araşdırmalara başlanılıb. N. Həsənova deyir ki, son günlər paytaxt məktəblərində apardıqları müayinələr də vəziyyətin kritik həddə olduğunu üzə çıxardıb: “Biz bir neçə gün öncə paytaxt məktəblərindən birində uşaqların gözünün müayinəsi məqsədilə yoxlama apardıq. Təkcə bir sinifdə, 11-ci sinif şagirdlərinin 18-dən 17-i eynək taxırdı. Bu rəqəm valideynlər üçün bir sos siqnalı olmalıdır”.
N. Həsənova deyir ki, son zamanlar bütün uşaqların texnologiyadan, kompyuter, telefon və planşetdən asılılığı artıb: “Çox təəssüf ki, illər öncə olduğu kimi uşaqlar açıq havada aktiv həyat tərzi keçirmirlər.İndi uşaqlar asudə vaxtlarını evdə kompyuter, telefon, planşet arxasında müxtəlif virtual oyunlar oynamaqla keçirirlər. Yuxarı yaş qrupunda olan uşaqlar isə sosial şəbəkələrin aktiv istifadəçilərinə çevrilib. Əvvəllər uşaqlarda məktəb miopiyasına, yəni məktəb dövründə əmələ gələn miopiyaya rast gəlinirdisə, indi uşaqlarda görmə zəifliyi lap erkən yaşdan, məktəbəqədərki dövrüdən qeydə alınır. Bizim müayinələrimiz göstərir ki, artıq məktəbəqədərki dövrdə uşaqlar miopdurlar”.
Oftolmoloqun sözlərinə görə, Asiya ölkələrində bu bir bəla kimidir: “Sinqapurda 16 yaşına çatmamış əhalinin 80 faizi, Tayvanda 85 faizi, Yaponiyada 87 faizi miopdur. Onlarda erkən yaşlardan uzağı görmə zəifliyi qeydə alınır. Bunun səbəbi həmin ölkələrdə texnoloji avadanlıqlardan istifadənin geniş yayılması, o ölkələrin özünün müasir texnoloji avadanlıqlar istehsal etməsidir. Sözügedən ölkələrdə həmin qurğular istehsal edildiyindən, onlarda texnoloji avadanlıqların qiyməti daha ucuzdur ki, bu da telefon, kompyuter və planşetlərə uşaqların əlçatanlığını asanlaşdırır. Çox təəssüf ki, artıq bu tendensiya Azərbaycanda da müşahidə olunur”.
S. Həsənovanın sözlərinə görə, 9-10 və 1 ci sinif şagirdləri arasında il-ildən eynəkli uşaqların sayı artır: “Demək olar ki, siniflərdə getdikcə normal görmə qabiliyyəti olan uşaqların sayı azalır. Bir sinifdə bir neçə uşağın görmə qabiliyyəti normaldır. Yerdə qalanları miopdur”.
Həmsöhbətimiz deyir ki, ildə bir dəfə uşağın görmə qabiliyyəti yoxlanılmalıdır: “Uşaqlar çox az hallarda görmə zəifliyindən şikayət edir. Uşaq o zaman uzağı görə bilmədiyini anlayır ki, yanındakı sinif yoldaşı uzağı görür, özü isə görmür. Uşaqlar hesab edirlər ki, sinifdəki bütün uşaqlar uzağı onun kimi görür. Ona görə də, valideynlər ayıq-sayıq olmalıdırlar. Uşaqların uzağı görmə qabiliyyətini yoxlamaq üçün müəyyən testlər etməlidirlər. Özünün gördüyü məsafədə olan talodakı yazını uşağın da oxuyub-oyuya bilmədiyini yoxlamaq mümkündür”.
N. Həsənova son vaxtlar məktəblərdə müəllimlərin də uşaqların görmə qabiliyyətinin yoxlanılmasına laqeyid münasibət sərgilədiklərini dilə gətirdi: “Əvvəllər müəllimlər uşaqların görmə qüsuru barədə valideyni daha çox məlumatlandırırdılar. Çünki, müəllim sinifdəki şagirdlərin hansının lövhəni uzaqdan görməsində qüsur olduğunu daha tez üzə çıxarda bilir. Son vaxtlar məktəb müəllimləri bu məsələyə laqeyd yanaşır, uşaqların uzağı görmə zəifliyinin olub-olmamasını müəyyənləşdirmirlər. Nəticədə evdə valideynin səhlənkarlığı və məktəbdə müəllimin laqeyidliyi uşaqlarda miopiya xəstəliyinin ekən aşkarlanmasını ləngidir. Valideynlər özləri də də məktəbdə müəllimlərdən uşağın görmə qabiliyyəti ilə maraqlanmalıdırlar. Nəzərə almaq lazımdır ki, uşaq özü görmə zəifliyinin olduğunu başa düşəndə artıq gec olur. Onlar gözlərinin uzağı zəif gördüyünü, görmə qabiliyyəti tam azaldıqdan sonra anlayırlar ki, onda da müalicə bir qədər çətin olur”.
Mərkəzin həkimi deyir ki, əgər zəif görmə başlamayıbsa, yaxud başlama ərəfəsindədirsə, gözü əvvəlki vəziyyətinə qaytarmaq daha asan olur: “Uşaqda uzağı görmənin zəifliyinin müalicəsinə vaxtında başlayanda, onu xeyli geriyə qaytara bilirik.Yox əgər başlayıbsa, biz eynək taxmanı tətbiq etməklə və görmə zəifliyinin qarşısını alan müxtəlif damcılarla müalicəyə başlayırıq. Göz inkişaf etdikcə görmə xəstəlik də inkişaf edir. Gözdə miopiya 21 yaşa qədər arta bilir. Ona görə də, müalicəyə başlamaq şərtdir”.
N. Həsənova müasir texnoloji avadanlıqlarla yanaşı, məktəb proqramının ağırlığının da uşaqlarda gözlərin zəifliyinə səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, uşaqları miopdan uzaq tutmaq üçün mütləq onları açıq havada gəzdirmək, gözə istirahət vermək lazımdır: “Biz valideynlərə də tövsiyyə edirik ki, uşaqlar dərs oxuyanda onlara hər bir saatdan bir 15 dəqiqə istirahət versinlər. Bütün dərsləri ardı-ardına, gözə istirahət verməməklə oxutmaq gözə ziyandır”.
Oftolmoloq miop uşaqlara texnoloji avadanlıqlardan istifadəni ümumiyyətlə qadağan etdiklərini deyir.Həmsphbətimiz bildirir ki, bu cür uşaqlar gün ərzində iki saatdan artıq ekran qarşısında oturmamalıdır: “Ümumiyyətlə təkcə kompyuter, planşet, mobil telefon deyil, uzun müddət yaxından televizorda cizgi filmi seyr etmək də uşaqların gözünə mənfi təsir göstərir. Valideynlər uşaqlarına yaxından ekrana baxmağı qadağan etməlidirlər”.
N. Həsənova miopiyaya əsasən şəhərdə böyüyən uşaqlarda rast gəlindiyini söyləyir. Onun sözlərinə görə, kənd uşaqlarında uzağı görmə zəifliyi daha az müşahidə olunur: “Bunun da səbəbi, qeyd etdiyim kimi, şəhər yerlərində uşaqların passiv həyat tərzi keçirməsi ilə bağlıdır”.
Zülfiyyə QULUYEVA