Əlaqə Arxiv
news Image
2019.09.13
08:15
| A A A
Tədqiqatların innovativliyi müasir inkişafın əsas atributudur
İqtisadiyyatda tətbiq olunmayan elm barit doldurulmamış güllə təsiri bağışlayır

Bu gün elm və təhsil dövlətin davamlı social-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Sonillər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib.

Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı əslində dövlətçiliyin möhkəmləndirilməsinə və xalqın milli-mədəni tərəqqisinə, rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir.  Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır.

Qloballaşan dünyada cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir kifayət qədər yüksəkdir və innovasiya məhsulları üzrə gəlir 60-90 faiz təşkil edir. Belə demək olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri innovasiya məhsullarının verdiyi gəlirlə ölçülür. Məsələn, inkişaf etməkdə olan dünya ölkələrində bu göstərici 0-1% həcmindədirsə, Ukrayna, Rusiya kimi ölkələrdə 10-15%, Qərbi Avropa dövlətlərində 40-60% təşkil edir. Son illər ABŞ elmin və təhsilin inkişafına, dolayısı ilə elmi innovasiyaların tətbiqinə təxminən 150-200 milyard dollar vəsait ayırır. Düşünməyə əsas verən bu rəqəmlər  innovasiyaların tətbiqinin zəruriliyini göstərir və heç də təsadüfi deyil ki, inkişaf etmiş dünya dövlətlərində ümumi gəlirin təqribən 3,5 faizi innovasiyaların əsasını təşkil edən elmin inkişafına yönəldilir.

Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir? Təəssüf ki, danışıqlar görülən işlərdən daha çoxdur və diletantlıq reallığı üstələyir. Düzdür, son illər Bakı Dövlət Universitetində tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları, İnstitutları və bir sıra istehsalat müəssisələri arasında əlaqələr gücləndirilmişdir. Araşdırmalar göstərir ki, təhsil-istehsalat əlaqələrinin qurulması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Bir sıra istehsalat birlikləri - Müdafiə Sənayesi Nazirliyi, Azərsu Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt texnologiyalar parkı, Coca-Cola, SOCAR, BP və digər şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub.

Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri bir neçə milyon ABŞ dolları olan 100-dən çox layihə həyata keçirilir ki, bunların da yarıdan çoxu beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ layihələrdir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Təsadüfi deyil ki, 2016-cı ildə Kanadanın Toronto universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Con Polani öz arzusu ilə BDU-nun  Nanoaraşdırmalar mərkəzi ilə tanış olub. Bunlar çox yaxşı göstəricilərdir. Amma, öz respublikamızda elmi nailiyyətlərin istehsalatda tətbiqi problem olaraq qalır. Bu istiqamətdə real işlər barmaqla sayılacaq dərəcədə az və kiçik ölçüdədir.

Məsələ burasındadır ki, elmi tədqiqat müəssisələrinin özündə təşəbbüskarlıq, istehsalat müəssisələrində isə etinasızlıq var. Yəni, elmin istejsalatda tətbiqi bu işlə məşğul olacaq hər iki tərəfin məsuliyyətinə bağlıdır. İstehsalçı sahibkar anlamalıdır ki, elmə qoyulan bir manat yeddi manat gəlir gətirə bilər. Buna görə də elmi işçilərin mütəhərrikliyinin və sahibkarların intellektinin artırılması istiqəmətində işlərin gücləndirilməsi “elm-istehsalat” probleminin çıxış yollarından biridir. Çünki, ölkəmizdə geniş perspektivlərə açılan güclü maddi-texniki bazaya malik resurslar çoxdur. Olmayan isə həvəs, çalışqanlıq və birgə fəaliyyətdir. Gilizinə barıt doldurulmamış güllə hədəfi vurmaq qabiliyyətinə malik olmadığı kimi istehsalata tətbiq edilməyən elm də mənasız əziyyətdən başqa bir şey deyil.

N.NOVRUZ

Sizin Reklam Yeriniz