Əlaqə Arxiv
news Image
2017.04.18
09:45
| A A A
Smartfonlar ucuzlaşacaq
Ramin Süleymanov: «Nəzərdə tutmuşuq ki, ilk smartfonu iyun ayında ictimaiyyətə təqdim edək» Samir Əliyev: «Bu, həm də xeyli sayda iş yerinin açılması deməkdir» Əli Əlirzayev: «Ölkədə smartfon istehsalı idxaldan asılılığı azaltmaqla yanaşı, ucuz smartfonlara əlçatanlığı təmin edəcək»

Dünyada smartfonlara olan tələbat günü-gündən artır. Smartfonların digər mobil telefonlarla müqayisədə çoxsaylı üstünlüklərinin olması, insanlarda bu mobil qurğuya maraq oyatmaqda davam edir. Hətta smartfonların günü-gündən artan qiyməti də onlara marağı azaltmır. 

Bu araad məlum olub ki, yaxın vaxtlarda Azərbaycanda da smartfon həvəskarlarına yerli məhsul təqdim olunacaq. CRM Group şirkətinin baş direktoru Ramin Süleymanov Movqe.az-a açıqlamasında hal-hazırda , yerli yığımlı smartfon istehsalı prosesinin davam etdiyini söyləyib: “Qiymətlə bağlı indidən heç nə söyləyə bilmərik. Nəzərdə tutmuşuq ki, ilk smartfonu iyun ayında ictimaiyyətə təqdim edək”.
R. Süleymanov yerli smartfonların rəqabətə davamlılığı üçün qiymətinin aşağı, keyfiyyətli olmasının vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək. 
R. Süleymanov deyib ki, Azərbaycanda İT sahəsi inkişaf  edir. “Made in Azerbaijan” brendi altında smartfonların istehsalı vacibdir”.
Qeyd edək ki, hazırda bütün dünyada smartfon istehsalı və satışında “Samsung” şirkəti liderdir. “TrendForce” analitik şirkəti cari ilin birinci rübündə dünyada 307 milyon smartfon buraxılmasını və bunun əvvəlki rübdən 23 faiz az olmasını açıqlayıb. Hesabat dövründə “Samsung” şirkəti bazarın 26,1 faizinə sahib çıxaraq birinci yeri tutub. Bu, ötən rübdə Cənubi Koreya istehsalçısının payının 18,5 faiz olması nəzərə alınmaqla böyük artım hesab olunur. İkinci yeri tutan “Apple” şirkətinin payı, əksinə, 20,3 faizdən 16,9 faizədək azalıb. Bu siyahıda üçüncü yeri bu ilin ikinci və üçüncü rübündə Çinin “Huawei” şirkəti tutur. Şirkət bazarın 8,4 faizinə sahib olaraq həmyerlisi və qlobal bazarın 5,7 faizinə malik “Xiaomi” şirkətini geridə qoyub. Halbuki “Xiaomi” şirkəti bu ilin birinci rübündə liderlik edirdi. Bu siyahının beşinci yerində isə qlobal bazarın 5,7 faizinə sahib olan “Lenovo” şirkəti gedir. Çin statistikasına gəldikdə, verilən məlumata görə, bu ilin üçüncü rübündə 150 milyon ədəd smartfon satışa çıxarılıb. Bunlardan 18,7 faizi “Huawei”nin, 12,7 faizi “Xiaomi”, 12,7 faiz “Lenovo”, 10,4 faizi TCL, 8,7 faizi isə OPPO şirkətlərinin payına düşür.
Bəs görəsən, yerli istehsal şirkətləri smartfon bazarının nəhəngləri ilə rəqabətə davam gətirə biləcəkmi? Yerli smartfon istehsalı ölkədə ən çox tələbat olan bu mobil qurğunun qiymətinə hansı təsiri göstərəcək? 
İqtisadçı Samir Əliyev deyir ki, bunu bazaar münasibətləri, ölkədə istehsal edilən smartfonların nə dərəcədə keyfiyyətli olması göstərəcək: “İT sahəsində yerli istehsalın olması təqdirəlayiqdir. Bu, həm də xeyli sayda iş yerinin açılması deməkdir. Amma bununla belə sual yaranır ki, ölkədə istehsal olunan smartfonlar  “Samsung”, “Apple”, “Nokia” kimi şirkətlərin məhsulu qarşısında tab gətirə biləcəkmi? Əlbəttə, bunu həm də yerli məhsulun qiyməti və keyfiyyəti göstərəcək. Əgər yerli məhsulun keyfiyyəti normal, qiyməti münasib olarsa, tələbat olacaq. Yox, əskinə, yerli bazarı qorumaq üçün xaricdən gələn smartfonlara gömrük rüsumu artırılarsa, bu insanların keyfiyyətli məhsula əlçatanlığını azaldacaq”. 
Həmsöhbətimiz təklif edir ki, ölkəmizdə smartfon istehsalına hansısa bu sahədə təcrübəli şirkətlə birgə başlanılsın. S. Əliyev həmçinin, bu gün ölkədə smartfonların qiymətinin daha da bahalaşmasının dolların məzənnəsinin yüksəlməsi ilə bağlı olduğunu bildirdi. 
İqtisadçı professor Əli Əlirzayev isə deyir ki, ölkədə smartfon istehsalı idxaldan asılılığı azaltmaqla yanaşı, ucuz smartfonlara əlçatanlığı təmin edəcək: “Ümumiyyətlə, İT sahəsində idxaldan asılılıq çoxdur. Ona görə də qiymətlər yüksəkdir. Əgər bu sahədə tələbat varsa, ölkədə istehsalın xeyri var. Bu qiymətə də təsir edəcək. 
Bütün dünyada istehsalda insanların həyat səviyyəsi nəzərə alınır. Bu avtomobil istehsalında da belədir. Əgər bu gün ölkədə smartfona olan tələbat idxal hesabına ödənilirsə, mütləq bu sahədə yerli istehsala güc verilməlidir. Ümumiyyətlə, idxaldan hansı sahədə asılılıq varsa, o sahədə yerli istehsalın xeyri var. Əgər Azərbaycanda istehsal edilən smartfonun keyfiyyəti də, qiyməti də normal, müştərinin cibinə uyğun olacaqsa, xaricdən baha qiymətə olan smartfonu kim alacaq? İstehlakçı təbii ki, eyni funksiyası olan mobil qurğunun özünə sərfəli olanını alacaq. Bu da tədricən idxalı sıxışdırıb aradan çıxardacaq”.

Zülfiyyə QULUYEVA     

Sizin Reklam Yeriniz