news Image
2017.05.02
09:45
| A A A
Regionlarda hostel və azulduzlu otellərə tələb sürətlə artır
Bahadur Bilalov: “Kütləvi turizm üçün bütün növ gecələmə yerlərinin olması vacibdir” Müzəffər Ağakərimov: “Turistlər şəxsi evlərdə qalmaqdansa, hostellərə üstünlük verərlər”

Artıq ölkəmizdə turizm sektoru mövsümi xarakterini itirməkdədir. Turizm sektoru ilin bütün fəslində gəlir gətirən sahəyə çevrilə bilib. Lakin nöqsanlar da az deyil. Belə ki, regionlara üz tutan yerli turistlər ucuz və azulduzlu otellərin yoxluğundan şikayətlənirlər. Halbuki, ekspertlərin sözlərinə görə, azulduzlu otellər turizmin inkişafında müstəsna rol oynayır. 

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, bütün işləri az bir zaman içərisində həll etmək mümkün deyil: “Bakı şəhərində hostellərin inşasına start verilib. Yəqin ki, yaxın zamanlarda regionlarda da hostel və azulduzlu otellərin yaradılmasına başlanılacaq. Çünki bu, zamanın tələbidir. Çoxulduzlu otellərə tələbat azaldıqca, məcburən azulduzlu otellərin inşası həyata keçiriləcək”.
Bahadur Bilalov əlavə etdi ki, kütləvi turizm üçün bütün növ gecələmə yerlərinin olması vacibdir: “Çoxulduzlu otellərin artımının səbəbi kimi elitar turizmin inkişaf etdirilməsi göstərilirdi. Amma zaman onu göstərir ki, elitar turizmdən o qədər də çox gəlir əldə etmək mümkün deyil. Turizm kütləvi olanda insanların ondan yararlanmaq imkanları genişlənir. Belə ki, vətəndaşlarımız xaricə üz tutmurlar. Nəticədə də xaricə valyuta axını baş vermir. O baxımdan azulduzlu otellərin, ucuz yerlərin olması Azərbaycan ərazisində istirahət imkanlarını artırır. 
Onu da nəzərə alaq ki, region ölkələrinin mehmanxana şəbəkələrinin ucuz olması insanları ora istiqamətləndirir. Odur ki, işlərə  kompleks yanaşmaq lazımdır”.
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, azulduzlu otellərin, hostellərin azlığı davam etdiyi müddətdə qiymətlər yüksək olaraq qalacaq: “Qiymətlərin yüksək olmasına bir səbəb də tələbatın yüksək,  otellərin az olmasıdır. Yəni əlavə otellərin inşasına zərurət var. Bunlar arasında da azulduzlu otellərin sayı üstünlük təşkil etməlidir. 
Ümumiyyətlə, hostellər aztəminatlı insanlar üçün daha münasibdir. Turistlər şəxsi evlərdə qalmaqdansa, hostellərə üstünlük verərlər. Bu, təhlükəsizlik baxımından da sərfəlidir. Həmçinin, vergidən yayınmanın qarşısı alınmış olar.  Ümumiyyətlə, hostellərlə yüksək qazanc əldə etmək mümkündür.  Hostel fəaliyyətinin genişlənməsi üçün sahibkarlara sərfəli şərtlər təklif edilməlidir. Nəzərə alaq ki, hostellərin olması həmin ərazilərdə turizmin inkişafına müsbət təsir edəcək”.

Mübariz BAYRAMOV

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs