Əlaqə Arxiv
news Image
2017.05.05
08:00
| A A A
Turistlərin sayının artması dollar hərraclarına da təsir edəcək
Natiq Cəfərli: “Turist sayının milli valyutanın məzənnəsinə birbaşa təsiri olmasa da, dolayısı ilə dəstək göstərir”

2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 2 milyon 242 min 783 nəfər olub. Bu da 2015-ci illə müqayisədə 11,7 faiz artım deməkdir. 2017-ci ildə isə rəqəmin bir qədər artıq olacağı gözlənilir. Bu isə Azərbaycana xarici valyutanın, xüsüsi ilə də dollar axınını çoxaldır. Düzdür, hələlik ölkədə valyutaya olan tələbi tam ödəyəcək qədər turist yoxdur. Ancaq bir çox iqtisadçıların proqnozuna görə, bu gedişlə gələcəkdə Dövlət Neft Fondu və Mərkəzi Bank satışa daha az həcmdə dollar çıxara bilər. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ölkəyə gələn turistlərin sayı artması xarici valyutanın ölkəyə daxil olmasını şərtləndirir: “Turizm həmçinin başqa müsbət effekti də var. Ən əsası, ölkəyə gələn turist sonradan bir çox sahələrin inkişafına səbəb olur. Məsələn, nəqliyyat vasitələrinin icarəsindən tutmuş restoran, kafe, alış-veriş mərkəzlərinin fəaliyyətinin genişlənməsiən qədər müxtəlif sahələrə  müsbət təsir göstərir. Lakin ölkəyə gələn turist sayının artmasının birbaşa məzənnəyə, yaxud da dollar ehtiyatına təsir etməsini demək çətindir. Dünya təcrübəsi də bunu deyir. Məsələn, Gürcüstan ötən il ərzində 6 milyona yaxın turist qəbul edib. Amma buna baxmaraq, 2016-cı il ərzində lari 20 faizdən çox dəyərdən düşüb. Yəni, turist sayının milli valyutanın məzənnəsinə birbaşa təsiri olmasa da, dolayısı ilə dəstək göstərir. Valyuta ehtiyatlarının artmasına, bank sisteminə və s. bu kimi makroiqtisadi göstərilərə müsbət təsir edir. Odur ki, ölkədə turizm sahəsi getdikcə inkişaf etdirilməlidir”. 
Ekspert əlavə etdi ki, hazırda ölkəmizə gələn turistlərin sayı elə də böyük deyil: “Bu baxımdan Dövlət Neft Fondunun (DNF) bazara valyuta çıxarıb-çıxarmaması turistin sayından asılı olacaq. Ancaq hələlik gələn turistin sayı o həddə deyil ki, valyuta hərracı keçirilmədən ölkədə valyutanın məzənnəsini müəyyən etmək və ya valyutaya olan tələbatı tam ödəmək mümkün olsun. Lakin turizm sahəsi bu sürətlə inkişaf etdirilərsə, bir neçə ildən sonra qonaqların ciddi müsbət təsirləri olacaq. 
DNF-in büdcə qarşısında öz öhdəlikləri var. Həmin öhdəlikləri yerinə yetirmək üçün, hesabında olan dollar vəsaitini manata çevirib büdcəyə transfer etməlidir. Odur ki, DNF ən azından bu il nəzərdə tutulan transferləri həyata keçirəcək və valyuta hərraclarında iştirak edəcək. Çünki bazarda DNF-dən başqa kütləvi şəkildə dollar satan ikinci tərəf yoxdur. Turistlərin gətirdikləri valyutanın həcmini banklar arasında bölüşdürəndə elə də böyük məbləğ alınmır. Hər bir turist həftə ərzində orta hesabla 1000 dollara yaxın pul xərcləyir. Turist və bankların sayını nəzərə aldıqda ay ərzində hər bir banka heç bir milyon 500 min dollardan artıq pul düşmür. Halbuki, bankların dollara olan tələbatı daha yüksək səviyyədədir. Ona görə də hələlik həftədə iki dəfə 35 milyon dollarlıq hərraclarda DNF əsas tərəf olmaqda davam edəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz