Əlaqə Arxiv
news Image
2017.05.31
07:00
| A A A
Turizm sahəsində çalışanlar bu il daha çox qazanacaqlar
Eldar Aslanov: “Tələb yüksək olduğundan təklifin də bir qədər bahalaşacağını gözləmək mümkündür” Bahadur Bilalov: “Bir neçə ildir, Azərbaycanda otellərin qiymətinin baha olması məsələsi gündəmdədir”

Ölkəmizə gələn əcnəbi turistlərin sayı durmadan artır. Bu artım bölgələrə üz tutan xarici qonaqların sayında da hiss olunur. Bu, müsbət tendensiya olsa da, tələbin yüksəkliyi  qiymətlərə təsir göstərir. Belə ki, mütəxəssislərin fikrincə, tələbin yüksək olması qiymətləri artıra bilər. 

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov bildirdi ki, Azərbaycana gələn xarici turistlərin sayının artması ölkənin apardığı uğurlu siyasət, iqtisadi vəziyyət, manatın aparıcı valyutalar qarşısında ucuz olması, infrastrukturun və keyfiyyətin artması ilə bağlıdır: “Xüsusən də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, yarışlar, festivallar bu prosesdə lokomotiv rol oynadı. Lakin bu tendensiya daxili bazarda qiymətləri artıra bilər. Bu da iqtisadi qanundur. Tələb yüksək olduğundan təklifin də bir qədər bahalaşacağını gözləmək mümkündür. 
Onu da nəzərə alaq ki, dollar və avronun manata nisbətən bahalaşması fonunda insanlarımızın bu yay əsasən daxili turizmə üstünlük verəcəkləri gözləniləndir. Bununla yanaşı, Ərəb yarımadası, İran və Rusiyadan gələn turistlərin də sayında artım proqnozlaşdırılır. O baxımdan xüsusi ilə yay turizmi infrastrukturu gələn tələbi qarşılamaqda çətinlik çəkə bilər. Xüsusi ilə də otellərdəki yerləşdirmə yerlərinin sayı ilə bağlı çatışmazlığın yaşanması mümkündür.  Ona görə də qiymətlərin artma ehtimalı təbiidir”.
Eldar Aslanov əlavə etdi ki, istirahət qiymətlərinin artması bir mənada yaxşı, digər aspektdən isə mənfi amildir: “Yaxşı tərəfi odur ki, turizm infrastrukturunun gəlirləri artacaq. Bu da investisiya imkanlarını genişləndirir. Narahatedici amil isə əhalinin azgəlirli hissəsinin istirahəti məsələsidir. Bu, sosial turizm baxımından bizi narahat edə bilər”. 
Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov isə fərqli düşünür: “Onsuz da hazırda qiymətlər kifayət qədər yüksəkdir. Azərbaycanda mehmanxana qiymətləri qonşu ölkələrlə müqayisədə nisbətən yuxarıdır. O baxımdan bundan sonra qiymətlərin daha da artma ehtimalı azdır. 
Turist artımı son zamanlar ölkədə həyata keçirilən layihələrin nəticəsidir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı dünya kanalları Azərbaycan haqqında məlumatlar verilir. Bu da xaricilərdə Azərbaycana maraq yaradıb. O baxımdan ölkəyə gələn turistlərin sayının artması təbii prosesdir”.
Bahadur Bilalov əlavə etdi ki, gələnlərin sayı qiymət artımına təsiri olmayacaq: “Ümumiyyətlə, bir neçə ildir, Azərbaycanda otellərin qiymətinin baha olması məsələsi gündəmdədir. Bu da ondan irəli gəlir ki, bizdə 2 və 3 ulduzlu otellərin sayı kifayət qədər deyil. Ölkəmizdə əsasən 4 və 5 ulduzlu otellər üstünlük təşkil edir. Amma son dövrlər hostellərin inşası da sürətlənib. Hostellərin artımı qiyməti tənzimləyəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz