Əlaqə Arxiv
news Image
2017.06.15
10:00
| A A A
Azərbaycana üz tutan xaricilərin sayı artır
Rusların cənub sevgisi Azərbaycanın istirahət məkanlarında gerçəkləşir

Azərbaycan 2017-ci ilin birinci rübündə rusiyalı turistlərin səfər etdiyi MDB ölkələri arasında ən yüksək artımı göstərib. Bu barədə Rusiyanın "TurStat" analitika agentliyi məlumat yayıb. Bu ilin ilk 3 ayı ərzində Azərbaycana gələn rusiyalı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb. İlin ilk 3 ayının statistikasına görə Azərbaycana gələn 400 min nəfərin sırasında  rusiyalıı turistlərin sayı 139 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artım deməkdir. Maraqlıdır ki, turizm sənayesinin inkişafı ilə öyünən Gürcüstan bu il Azərbaycandan geri qalıb. Belə ki, ölkəmizə gəzməyə gələn rusların sayı qonşu və dost ölkəyə gedənlərdən 4 min nəfər çox olub.  
Bəs, rusiyalı turistlərin ölkəmizə rəğbəti nədən qaynaqlanır? Təbii ki, ilk növbədə bu sahədə hökumətin gördüyü tədbirlər öz bəhrəsini verir. Respublikamızda turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün mövcud olan imkanlardan geniş istifadə edilməyə başlanılıb. Üstəlik, turizm sənayesinin inkişafı  Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib və iqtisadi inkişafa böyük perspektivlər vəd edir. Buna görə də həm qonaqların ölkəyə gəlmək prosedurunun sadələşdirilmıəsi həyata keçirilir, həm də onların qarşılanması, yerləşdirilməsi, bu sahədə ictimai-iaşənin yüksək səviyyədə təşkili kimi tələblərin müasir səviyyədə yaradılması genişləndirilir. Bu gün Azərbaycanın otelləri müasirliyi və xidmətlərinin səviyyəsi ilə seçilir. Turist marşrutlarının dəqiq işlənib hazırlanması, ölkə təbiətinin zənginliyi, tarixi-memarlıq komplekslərinin və abidələrin bolluğu, əhalinin ünsiyyətcilliyi və qonaqpərvərliyi turizmin inkişafına təkan verən amillər sırasındadır. 
Sektorun inkişafı ilə bağlı görülən işlər sırasında “ASAN viza” sisteminin tətbiqi gözəl nəticələr verir. Bu ilin ilk üç ayı ərzində əcnəbilərə “ASAN viza” xətti ilə 40 min viza verilib. Azərbaycan Prezidentinin dediyi kimi, yeni sistem turizmin inkişafında dönüş yaradıb: “Bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı... Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi?” 
2016-cı ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ölkəmizin turizm sənayesində yeni mərhələyə  keçid oldu. Azərbaycanın 2025-ci ilə qədər regionun ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi sənədin başlıca qayəsidir. Strateji Yol Xəritəsində qeyd edilir ki, əlaqələndirilmiş və məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. 2017-2020-ci  illər  üzrə büronun bu strategiyada nəzərdə tutulmuş istiqamətləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. 
Təsadüfi deyil ki, Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib. Turistlər üçün ən yaxşı səyahət istiqamətləri, səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi meyarlar əsasında müəyyənləşdirilən “Trip Advisor” proqramının versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb.
 

N.NOVRUZ 
 

 

Sizin Reklam Yeriniz