Əlaqə Arxiv
news Image
2017.06.24
09:00
| A A A
"Formula-1" Azərbaycana turist axınını artırır
Müzəffər Ağakərimov: “Sabitliyin olması baxımından bu cür beynəlxalq tədbirlərin keçirilməsi artıq ölkəmiz üçün adi hala çevrilib” Eldar Aslanov: “Həm yerli, həm də xarici turistlərin “Bakı halqası”na marağının artdığı müşahidə edilir”

Çoxdan gözlənilən "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürdü. Bakıda ardıcıl ikinci il təşkil olunan nüfuzlu yarışın əsas hissəsi iyunun 25-də olacaq. Yarışa marağın yüksək olduğu görünür. 

Mütəxəssislərin hesabalmaları göstərir ki, bu il "Formula-1" üzrə Azərbaycan Qran-prisini izləməyə ötən ilkindən daha çox qonaq gəlib.  Qeyd edək ki, ötən il yarışla əlaqədar 12 minə yaxın xarici turist gəlib. Eyni zamanda yarışdan sonra da tursit axını gözlənilir.
Azərbaycan Turizm Assosiasiyasının baş katibi Müzəffər Ağakərimov bildirdi ki, hər bir idman tədbiri kimi bu beynəlxalq yarış da Azərbaycanın dünyaya tanıdılmasında önəmli rol oynayacaq: “Artıq bu kimi yarışda iştirak edənlər, həmçinin yarışı izləyən xarici qonaqlar Azərbaycan haqqında daha dolğun məlumat əldə ediblər. Nəzərə alaq ki, “Formula-1” yarışı paytaxtımızda keçən il də keçirildi. Bu, onu göstərir ki, dünyanın əksər ölkələrinin Azərbaycana nəzər-diqqəti var. 
Yarışla əlaqədar dünyanın aparıcı kütləvi informasiya vasitələrində xəbərlər yer alır. Bütün bunları nəzərə alsaq, növbəti illərdə də ölkəmizə gələn qonaqların sayının artacağı istisna edilmir. Ümumiyyətlə, beynəlxalq tədbirlərin bir əhəmiyyəti də odur ki, ölkəmizin yüksək səviyyədə reklamını həyata keçirə bilirik. Nəzərə alaq ki, müasir dövrdə piar ən vacib siyasətdir. Hansı ki, əvvəllər bu yox idi. Lakin ildən-ilə beynəlxalq tədbirlərin artması ilə əlaqədar qonaqlar Azərbaycandakı inkişafı, yenilikləri görə bildilər. Bu da sonradan onların yenidən ölkəmizə gəlməsinə səbəb olur. 
Burada digər əsas məqam Azərbaycandakı sabitlikdir. Hansı ki, bu günə qədər dünyanın ən təhlükəsiz ölkələri sayılan dövlətlərdə belə terror aktları baş verir. Lakin Azərbaycanda sabitlik hökm sürür, ölkədə təşviş yoxdur. Sabitliyin olması baxımından bu cür beynəlxalq tədbirlərin keçirilməsi artıq ölkəmiz üçün adi hala çevrilib. Beynəlxalq tədbirlər həmçinin turizm və xidmət sektorunda, kadr hazırlığında böyük təcrübəmizin artımına kömək etmiş olur”.
«Bizdə olan məlumata görə, bu il ötən ilə nisbətən daha çox qonaq olacaq». Bu sözləri “Mövqe”yə Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov bildirdi. Proektorun sözlərinə görə, həm yerli, həm də xarici turistlərin “Bakı halqası”na marağının artdığı müşahidə edilir: «Nəzərə alaq ki, “Bakı halqası” yeni halqadır, ikinci ildir iştirakçıların ixtiyarına verilib. Ölkələr var ki, neçə illərdir, bu yarışı keçirir. Onlarda artıq markalaşmış halqadır. Bu mənada “Bakı halqası”nı yeni hesab etmək olar. Odur ki, yaxın ölkələrdən “Forumal-1” azarkeşləri, həm də yerli turistlərin yarışa marağı artıb. Bizdə olan məlumata görə, ötənilki “Formula-1” yarışına nisbətən bu il daha çox qonaq gəlib”. 
 

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz