news Image
2017.07.17
10:49
| A A A
Aqroparklar Azərbaycana daha çox valyuta qazandıracaq
Natiq Cəfərli: “Aqroparkların yaradılması və inkişafı ixracat potensialımızın artırılmasında mühüm rol oynayacaq” Qadir Bayramlı: “Aqroparklar günün tələbləri səviyyəsində qurularsa, istehsalda artıma və ixrac imkanlarının genişlənməsinə səbəb ola bilərlər”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirdi ik, aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir: ”Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq”. 

Qeyd edək ki, Azərbaycanda aqroparklar prezidentin 2014-cü ilin aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli isə 3 il öncə Şəmkirdə qoyulub. Aqropark kənd təsərrüfatı məhsulunun intensiv istehsalı, daşınması, saxlanması və satışının təşkilində əsaslı rola malikdir. Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir. Bura kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət qurumları aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birgə fəaliyyəti nəzərdə tutulur.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, aqroparkların inkişafı aqrar məhsullar üzrə ixrac potensialımızın əhəmiyyətli dərəcədə artımına imkan verəcək: “Aqrar sahə ümumiyyətlə Azərbaycanın ciddi potensialı olan sahələrdən biridir. Ətraf ölkələrdə aqrar məhsullara olan tələbatı nəzərə alsaq, bu məhsulların qonşu dövlətlərin bazarlarına çıxarılması üçün Azərbaycanda kifayət qədər perspektivlər var. Amma təəssüf ki, kənd təsərrüfatı sahəsində ixrac potensialımız hələ də həcm baxımından lazım olan səviyyədə deyil. 
Rusiya və Orta Asiya bazarlarında kənd təsərrüfatı məhsullarına kifayət qədər tələbat var və Azərbaycan məhsullarının həmin bazarlarda keyfiyyət baxımından müsbət imicə malik olduğunu nəzərə alanda da görürük ki, aqrar sahə təbii ki, ölkəmizin ixrac potensialının artmasına əsas yaradan sahələrdən biridir. Sadəcə, istehsalın artırılması ilə paralel olaraq, həmin ölkələrlə iqtisadi, gömrük münasibətlərinin tənzimlənməsi və yaxşı hala salınması da lazımdır. Bunlar olarsa, istehsal olunan məhsulların bazarlara çıxış imkanlarında problemlər də yaşanmaz. 
Aqroparkların yaradılması ilə paralel olaraq həmin bazarlara çıxış üçün loqistik və dövlət dəstəyi lazımdır ki, fermerlər heç bir maneə olmadan həmin bazarlara çıxa bilsinlər. Rusiyanın kənd təsərrüfatının illik bazarı  54-55 milyard dollar civarındadır. Şimal dövləti dünyanın 100-dən çox ölkəsindən kənd təsərrüfatı məhsulları alır. Bəzi ölkələrlə isə Rusiya sanksiya şəraitində yaşayır. Ona görə də Azərbaycan Rusiya bazarından öz payını almağa çalışmalıdır. Azərbaycan həmin bazarın 2-3 faizini tutmaqla ixracatın 100 milyonlarla dollara qədər artmasına nail ola bilər. Ona görə də aqroparkların yaradılması və inkişaf etdirilməsi ixracat potensialımızın artımında mühüm rol oynaya biləcək bir amilə çevriləcək”.
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlının fikrincə, aqroparklar günün tələbləri səviyyəsində qurularsa, kənd təsərrüfatı məhsulları istehsalı və belədə həm də ixracın artımında mühüm rol oynaya biləcəklər: “Ölkənin kənd təsərrüfatının inkişafında yeni mərhələ olaraq aqroparkların böyük əhəmiyyəti vardır. Kənd təsərrüfatının inkişafına dair strateji yol xəritəsində nəzərdə tutulan hədəflər sırasında da aqroparkların yaradılması önəmli addım olaraq qeyd olunub. Yeni biznes texnologiyasının tətbiqi baxımından da aqroparkların yaradılması əhəmiyyətli məsələdir. Aqroparklar günün tələbləri səviyyəsində qurularsa, həm istehsalda artıma səbəb olar, həm məhsulun vaxtında istehsal və emalını təmin edər, həm də istehsalçıların ixrac imkanlarını artıra bilər. Bütövlükdə isə aqroparkların yaradılmasının qeyri-neft sektorunun inkişafında mühüm mərhələ olduğunu qeyd edə bilərik. 
Klassik aqroparklar fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin edilməsi məsələsini yerinə yetirir. Amma müasir aqroparklar kənd təsərrüfatı üzrə daha geniş əraziləri əhatə edir.  Müasir aqroparklarda kənd təsərrüfatı texnikası və istehsalat texnoparkları aqroparkların bir bölümünü əhatə edir. Aqroparklar müasir tələblərə uyğun təşkil edildikdə isə onların içərisində həm əkin sahələri, heyvandarlıq, quşçuluq təsərrüfatları, ətçilik istehsal sahələri, anbarlar, məhsulların saxlanılması üçün böyük soyuducu qurğular olmalıdır. Bütün bunların səmərəli fəaliyyət göstərməsi üçün aqroparklar müasir kənd təsərrüfatı parkları, istehsal, emal prosesində lazım olan avadanlıqlarla təchiz edilməlidir. Həmçinin aqroparklar lazım olan infrastrukturla əhatə olunmalıdır. 
Aqroparkların yerləşdiyi bölgələrdə fəaliyyət göstərən fermerlərlə əməkdaşlıq da səmərəli ola bilər. Bütövlükdə aqroparkların səmərəliliyini təmin etmək üçün bölgələrimizin imkanları, su, torpaq və digər ehtiyatlarımız düzgün qiymətləndirilməlidir, fermerlərin maarifləndirilməsi təmin olunmalıdır. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq da fikrimcə, məsələnin həllində faydalı ola bilər. undan başqa aqroparklar üzrə infrastrukturun yaxşı təşkili turizmin inkişafına da müsbət təsir etmək baxımından əhəmiyyətlidir. Aqroparklar mütəxəssis, turist, tələbə-məktəblilər üçün də turizm yerinə çevrilə bilər. Beləliklə, aqroparklar ölkədə istehsal və ixrac imkanlarını artırmaqla yanaşı, aqroturizmin inkişafına da töhfə verə biləcək bir gücdədir”.
 

Rüfət NADİROĞLU   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs