Əlaqə Arxiv
news Image
2017.07.20
10:00
| A A A
Turizmdən daha çox pul qazanmaq olar, sadəcə…
Elxan Vəliyev: “Silsilə tədbirləri mütəmadi olaraq davamlı etmək, bölgələrdə müasir otellər tikməklə turizm sektorunda daimi istirahətin geniş vüsət almasına nail olmaq mümkündür” Natiq Cəfərli: “Hər mövsümün xüsusiyyətinə uyğun olaraq xarici vətəndaşlara cəlbedici görünən təkliflər paketi hazırlanmalıdır”

Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır. Bunu Şəmkir şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib. İndi regionlarda, eləcə də Bakıda turistlərin istirahətinin mövsümündən asılı olmayaraq, daimi istirahəti getdikcə aktuallaşır. Bunun üçün hansı addımlar atılmalıdır?

İqtisad elmləri üzrə fəlsəfə doktoru Elxan Vəliyevin fikrincə, ölkədə istirahət mövsümünün daimi olması üçün keçirilən silsilə tədbirlər mütəmadi xarakter daşımalı, bölgələrdə də müasir standartlara cavab verən otellər tikilib istifadəyə verilməlidir: “Belə götürəndə demək olar ki, bütün ölkələrdə əsas istirahət ayı məhz yay ayları hesab olunur. Ona görə də məhz bu mövsümdə turistlərin sayında daha çox artımlar olur. Amma bu, o demək deyil ki, Azərbaycanda digər mövsümlərdə turizm sektorunda passivlik müşahidə edilir. Statistik göstəricilərə diqqət yetirdikdə görürük ki, ölkəmizdə digər mövsümlər üzrə turist axınında da ciddi canlanma var. Hətta qış mövsümü üzrə müəyyən otellər var ki, iki-üç ay öncədən yerlər tutulur. Yəni, bu  mənada turizm sektoru artıq kütləvi hala gəlib və bütün mövsümü əhatə edir. Bu da öz təsirini iqtisadiyyat və digər sektorlara da göstərəcək. 
İstirahət mövsümünün daimi olmasının aktuallaşması fonunda bu istiqamətdə daha ciddi irəliləyişə nail olmaq üçün keçirilən silsilə tədbirləri rayonlar üzrə də nəzərdə tutmaq lazımdır. Sistemli fəaliyyəti təkcə Bakıda deyil, bölgələrdə də genişlənidrmək gərəkdir. Ölkəmizdə muğam festivalı, idman yarışları, digər musiqi festivalları keçirilir. Belə tədbirlərin  mütəmadi olaraq davamlı olması fonunda turizm sektorunda daimi istirahət geniş vüsət alacaq. Həmçinin buna nail olmaq üçün bölgələrdə də müasir tipli otellərin tikilməsi prioritet məsələ olmalıdır. Bəzi bölgələr var ki, orada otel tapmaq sıxıntısı var. Bu istiqamətdə həvəsləndirici addımlar da atılmalıdır”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, daimi turizmin geniş vüsət alması üçün xarici turistlərə cəlbedici görünən təkliflər paketi hazırlanmalıdır: “Dünyada qəbul olunan qaydaya görə, turizm mövsümünə uyğun planların qurulması və təkliflərin verilməsi vacibdir. Yəni, hər mövsümün özəllikləri və cəlbedici tərəflərini önə çəkərək ona uyğun turistik marşurutlar, təkliflər və cəlbedici olması üçün müəyyən tədbirlərin görülməsi  çox önəmlidir. Məsələn, bəzi Avropa ölkələrində ilk əvvəl turizm inkişaf etməyə başlayanda «ölü mövsümündə», yəni az turistin gəldiyi dövrlərdə müəyyən festival, bayram şənliklərinin keçirilməsinə qərar verdilər. Bir neçə il ardıcıl olaraq belə festival və bayram şənliklərinin keçirilməsi son olaraq «ölü mövsümdə» də daha çox turistin cəlb olunmasına şərait yaratdı. Azərbaycanda da belə bir praktikaya başlanılıb. Amma təəssüf ki, əsasən yenə də yay mövsümünə təsadüf edən meyvəçiliklə bağlı festivallar keçirilir. Ona görə də yaz, payız və qış mövsümləri demək olar ki, yaddan çıxır. Ona görə də hər mövsümün xüsusiyyətinə uyğun olaraq xarici vətəndaşlara cəlbedici görünən təkliflər paketi hazırlanmalıdır. 
Hamıya eyni gözlə baxmaq olmaz. Qış turizmini sevənlərin istək və arzuları başqadır. Kifayət qədər müasir standartlara cavab verən Qusarda Şahdağ Turizm Kompleksi istifadəyə verilib. Qəbələdə də belə bir turizm sistemi var. Yəni, qış turizminin spesifik xüsusiyyətlərini nəzərə alınaraq da, təkliflər paketi hazırlanmalıdır. Yaz aylarında isə təbiət turizminə üstünlük vermək, bununla bağlı turistik marşurut və paketlər təklif etmək olar. Payız mövsümündə də onun öz xüsusiyyət və gözəlliyini özündə ehtiva edən təbiət turizminin təşkilində irəliləyişlərə nail olmaq mümkündür. Ümumiyyətlə, müəyyən festival və bayram şənliklərinin keçirilməsi ilə turizmin daimi xarakter almasını cəlbedici hala gətirmək olar. Düşünürəm ki, 4 mövsümün hər birində də turistlər üçün cəlbedici təkliflər paketi hazırlayıb, xüsusi müştəriyə müraciət formasını tətbiq etmək lazımdır. Hamıya, bütün ölkələrdən gələn turistlərə eyni gözlə baxmaq, yayda gələn turistlərin digər mövsümlərdə də gələcəyini düşünməklə cəlbediciliyi artırmaq mümkün deyil. Hər ölkə və yaxud bölgə üzrə turist profili çıxarılmalıdır. Şərqdən, Avropa, Amerika və yaxud Uzaq Şərqdən gələn turistin öz xüsusiyyətləri var. Yəni, onların turizm maraqları heç də üst-üstə düşmür. Ona görə də maraq qruplarına uyğun olaraq bölmələr aparılmalı və ona uyğun olaraq da yeni turistik təkliflərə keçmək lazımdır”.
 

Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz