Əlaqə Arxiv
news Image
2017.07.26
07:00
| A A A
Turizm kənd evlərinin kirayə qiymətlərini bahalaşdırır
Müzəffər Ağakərimov: “Region və paytaxt ərazsində ekonom otellərin sayı artırılmalıdır” Rəşad Əliyev: “Xaricə nisbətən daxildə istirahət daha ucuzdur”

Yay mövsümündə insanların ən çox üz tutduğu yerlərdən biri də bölgələrdə yerləşən kənd evləridir. Amma diqqəti çəkən məqam odur ki, son günlərdə bu cür evlərin kirayə qiymətində ciddi artımlar var. Bu artımlar ötən ilin analoji dövrü ilə müqayisdə də özü qabarıq göstərir. 

Mütəxəssislər qiymətlərin artımını ilk növbədə tələbatın yüksəlməsi ilə izah edirlər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, regionlarda evlərin kirayə qiyməti artıbsa, ilk növbədə bu, onlara tələbatın yüksəlməsindən irəli gəlir: “Bundan başqa, həmin evlərə yaxın istirahət mərkəzlərinin, otellərin qiymətlərinin artımı ilə əlaqədar ola bilər. Çünki oteldə istirahətin  qiyməti artırsa, bu, evi kirayə verənin qiyməti artırmasına şərait yaratmış olur. Lakin həmin mənzillərin şəraitinin turistləri necə təmin etməsi məsələsi var. Kirayə verilən evlərin turistləri tam təmin etməsi inandırıcı deyil. Turistləri ancaq qiymət təmin edə bilər. Tam təmin ertmək üçün sanitar gigiyenik normalar, xidmətin yüksək olması, uyğunluq, qidanın keyfiyyəti, təhlükəsizlik və s. amillər də öz əksini tapmalıdır. Adətən, aztəminatlı insanlar ilk növbədə qiymət siyasətinə diqqət edirlər.  Digər məsələlər ikinci plana keçir”.
Mütəxəssis əlavə etdi ki, region və paytaxt ərazsində ekonom otellərin sayı artırılmalıdır: “Evlərin kirayə verilməsi bu tip otellərə tələbatın yüksək olduğunu sübut edir. Nəzərə alaq ki, belə otellər turizmin inkişaf etdiyi bütün ölkələrdə var. Bunun həm büdcəyə xeyri olacaq, həm də təhlükəsizlik nöqteyi nəzərindən vacibdir”. 
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyevin fikrincə, burada iki səbəb göstərmək olar: “Birinci səbəb odur ki, son illər daxili turizmə olan maraq artıb. Bu, həm infrastrukturun yaxşılaşması, həm də insanlarda marağın artımı ilə bağlıdır. İkinci səbəb kimi isə manatın devalvasiyasını göstərmək olar. 
Hazırda xaricə getmək bir qədər baha başa gəlir. Xaricə nisbətən daxildə istirahət daha ucuzdur. Eyni zamanda daxili turizmdə cəlbedicilik artıb. Həmçinin iki-üç günlük istirahət üçün insanlar yaxın məsafəyə üstünlük verirlər. İki-üç gün üçün ən optimal variant daxili bölgələrdir. 
Kənd evlərində qiymət artımının subyektiv səbəbləri də ola bilər. Ancaq əsas səbəb təbii ki, regionlarda istirahət edənlərin sayının artmasıdır. Prosesin nə qədər bu cür davam edəcəyi isə sırf daxili turizmlə bağlıdır. Azərbaycanda turizm mövsümi əsasən yay aylarıdır. Odur ki, payız aylarında tələb kəskin aşağı düşəcək”. 

 

Sizin Reklam Yeriniz