Əlaqə Arxiv
news Image
2017.11.28
09:40
| A A A
Azərbaycana daha çox rus turist gələcək
Vüqar Bayramov: “Qış turizminin inkişafı turist şirkətləri və ölkənin fasiləsiz olaraq turizmdən gəlir əldə etmələri baxımından vacibdir”

"TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib. Reytinq bu qış mövsümündə turist səfərlərinin populyarlığının təhlili üzrə hazırlanıb. 

Reytinqə əsasən, Azərbaycanın Bakı və Gəncə şəhərləri dekabrın 30-dan yanvarın 8-dək Yeni il tətilində istirahət edəcək ruslar arasında MDB ölkələrində qış səfərlərinin ilk onluğuna daxil olub. MDB-də ucuz səfərlər üzrə Bişkek, lüks istirahət üzrə isə Bakı liderdir. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, xarici turistlərin artıq qış mövsümündə də Azərbaycana turistik səfərlər etmək baxımından maraqları artıb: “Qeyri-neft sektoru bildiyiniz kimi, Azərbaycan üçün prioritet sahələrdən biridir. Qeyri-neft sektorunda olduqca qısa zamanda daha tez və yüksək gəlir gətirən sahələrdən biri məhz turizmdir. O baxımdan da turizm sektorunun inkişafı  postneft dövründə Azərbaycan üçün daha prioritet məsələyə çevrilib. Ona görə də Azərbaycanda birmənalı şəkildə turizmin inkişafının dəstəklənməsi prosesi müşahidə olunur. Sorğular, qlobal, regional hesabatlarda Azərbaycan şəhərləri və kəndlərinin MDB məkanı turistləri içərisində cəlbedicilik baxımından ilk onluqda olması müsbət haldır. 
Turistlərin cəlb olunması baxımından bu, ölkəmiz üçün kifayət qədər mühüm addımdır. Bu, bir tərəfdən, turistlərin şəhərlərə və ölkəyə münasibətini ortaya qoyur. Çünki sorğular keçirilən, hesablama və qiymətləndirmə aparılan zaman yalnız təmin etmə materialları deyil, eyni zamanda sorğulardan da istifadə olunur. Bu da nəticə etibarı ilə ondan xəbər verir ki, məhz potensial turistlərin rəyi nəzərə alınmaqla həmin hesabatların hazırlanması prosesi həyata keçirilir. Belədə yaxın zamanlarda Bakı və Azərbaycanın digər şəhərlərinə gələn turistlərin sayında sözsüz ki, artımlar olacaq. Apardığımız monitorinqlər də göstərir ki, dekabr ayında Yeni il Bayramı ərəfəsində Bakıda yerləşən otellərdə sifarişlərin sayı kəskin artıb. Bu da onu göstərir ki, xarici turistlərin Azərbaycanda qış turizminə də maraqları artıb. Belə vəziyyət isə həmin ərəfədə Azərbaycana gələcək turistlərin sayında çoxalma tendensiyasının olacağını deməyə əsas verir. 
Turizmlə bağlı ölkəmizdə ən ciddi məsələlərdən biri fasiləsizliyin təmin edilməsi idi. Əvvəlki dövrdə turistlər Azərbaycana adətən yay mövsümündə gəlirdilər. Qış turizminin inkişafı turist şirkətlərinin və ölkənin  fasiləsiz olaraq turizmdən gəlir əldə etmələri baxımından vacibdir. Ona görə də dekabrın ikinci yarısından başlayaraq yanvarın ortalarına qədər Azərbaycana daha çox turist axını olacaq. Bu da ölkəmizdə yay turizmilə yanaşı, nəhayət ki, qış turizminin də inkişafından xəbər verir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz