Əlaqə Arxiv
news Image
2017.12.05
10:38
| A A A
Turizm sənayesi iqtisadiyyatın aparıcı sahəsinə çevrilir
Ölkəyə turist axını artdıqca valyuta mədaxili də çoxalmağa başlayır

Dövlətlərin iqtisadiyyatı ilk öncə təbii sərvətlər əsasında qurulur və inkişaf edir. Amma bir iş var ki, təbii ehtiyatlar tükənəndir. Bu baxımdan indi bütün ölkələrdə daha çox tükənməz resurslara söykənən iqtisadi layihələrə başlayırlar. Şübhəsiz, turizm sənayesinin predmeti məhz dünya durduqca duran insandır. Demək, sənayenin bu qolu əbədilik qazanmaq üçün birinci pillədə qərarlaşıb. Belə olan təqdirdə isə onun gəlirliliyi də əbədi olmalıdır. Elə bu səbəbdən də müasir dövrdə, necə deyərlər, ekoloji təmiz turizm sənayesinə bütün ölkələrdə diqqət artır.

Turizmlə hamının məşğul olması təbii və başadüşüləndir. Lakin tək istəklə nəticə hasil olmur. Bunun üçün ilk növbədə ölkənin mükəmməl infrastrukturu olmalıdır. Çünki, tarixi, təbii gözəllikləri, folkloru, mədəni irsi, müasirliyi təcəssüm etdirən tikililəri olmayan ölkə yoxdur. Ancaq bütün bunları üzə çıxarıb turistə nümayiş etdirmək üçün lazımı struktura heç də bütün ölkələr malik deyil. Azərbaycanın dünyanın turizm ailəsində tutduğu yer məhz onun sürətli inkişaf sayəsində qısa müddətdə qazandığı böyük nailiyyətlər onu bu səviyyəyə yüksəldib.   Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri var. Restoranlar şəbəkəsi də yüksək səviyyədə inkişaf edib. 2011-ci ildə ölkədə “Turizm ili” elan edildiyi vaxtdan indiyədək yaradılan infrstruktur eyni vaxtda 50 minə qədər turisti qəbul etməyə imkan verir. Ölkədə 500-dən çox otel istifadədədir. Lakin qonaq evlərini, fərdi evləri də bu sıraya qatanda daha böyük rəqəm alınar. Düzdür, mövsümün qızğın çağlarında heç də tam rahat yer tapmaq müşkülə çevrilir. Ancaq iş gedir və ildən ilə rahat otellərin sayı artır. Bu da turizmin inkişafını genişləndirməyə imkan verir.

Azərbaycanın turizmdən gəliri ildən-ilə artır. Bu ilin 10 ayında Azərbaycana 2 milyon 71 min 918 nəfər xarici turist səfər edib.  Ötən ilin 9 ayı ilə müqayisədə xarici turistlərin sayında 20,9 faiz artım olub.  Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 800 milyon dollara yaxın vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 700  milyon dollar olub. Fərq 100 milyon dollardır. Lakin bu hələ ki, azdır. Turizmin Azərbaycanda qaneedici gəliri turistlərin sayının ildə 10 milyon nəfərə çatacağı zaman yaxşı hiss olunacaq. Çünki, faktlar bu sahənin gətirdiyi valyuta axınının güclü olduğunu göstərir.

Bundan başqa turizm iş yerlərinin açılmasına da böyük təsir edir. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Ancaq turistlərə xidmət sahəsində musiqi və rəqs kollektivləri də fəaliyyət göstərir. Bu isə əlavə olaraq  60 min işçi deməkdir.

Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli prezident sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır. Bu sərəncamın icrası çərçivəsində görülən tədbirlərdən biri də Bakıda təşkil olunan Baku Shopping Festival tipli ticarət festivallarıdır.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz