Əlaqə Arxiv
news Image
2018.01.13
07:00
| A A A
Prezidentin anonsunu verdiyi layihələr bölgələrdə turizmə yeni nəfəs gətirəcək
Eldar Aslanov: “Bu layihə onu təsdiqləyir ki, Azərbaycan dövləti və Prezidentinin ölkədə turizmin inkişafı ilə bağlı ardıcıl və qətiyyətli siyasəti var” Vahid Əhmədov: “Ləki-Qəbələ dəmir yolunun işə düşməsi iqtisadiyyata müsbət təsir göstərəcək”

“Turizmin inkişafı üçün daha bir layihə dövlət investisiya proqramına salınıb. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.

Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq”. Yeni dəmir yolu xətlərinin çəkilişi Azərbaycan iqtisadiyyatına, turizm sektoruna hansı üstünlüklər qazandıracaq? 
Turizm üzrə ekspert Eldar Aslanov bildirdi ki, sözügedən dəmir yolunun işə düşməsilə həmin marşurut üzrə gələn turistlərin sayı xeyli dərəcədə artacaq: “Ləki-Qəbələ dəmir yolunun tikintisi, dəmir yolunun  Şahdağ xizək kurortuna qədər uzanması kimi tədbirlərin dövlət investisiya proqramına salınması dünyada mövcud olan hazırkı iqtisadi reallıqlar fonunda bir daha onu təsdiqləyir ki, Azərbaycan dövləti və Prezidentinin ölkəmizdə turizmin inkişafı ilə bağlı ardıcıl və qətiyyətli siyasəti var. Onun nəticəsidir ki, keçən il ölkəmizə rekord sayda turist gəlib. Artıq böyük fəxrlə deyə bilərik ki, gələn turistlərin sayı baxımından 2,5 milyonu aşdıq. Bu da çox düşünülmüş və uzaqgörən addımdır. Çünki mühüm turizm məkanlarına əlçatanlığın asan, hava, quru, dəmir yolu, təbii şəraitin imkan verdiyi fonda dəniz yollarının ucuz və rahat olması bölgələrə daha çox turist axınına səbəb olacaq. 
Qəbələ və Şahdağ Bakıdan sonra Azərbyacanın ən mühüm turizm məkanı hesab olunur. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin də yaxınlarda fəaliyyətə başlayacağı fonunda həmin xətlər üzərindən Qəbələyə də dəmir yolu xəttinin inşası dolayısı ilə bu xətlərlə hərəkət edən daha çox sərnişinin sözügedən bölgəyə turist kimi getməsinə şərait yaradacaq. Ona görə də bu layihələr turizm sektorunun inkişafına dövlətin verdiyi mühüm dəstək olmaqla alqışa layiqdir”. 
Milli Məclisin deputatı Vahid Əhmədov da bu qənaətdədir ki, həmin dəmir yollarının fəaliyyətə başlaması ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək: “Ləki-Qəbələ və Bakı-Yalama yoluna uzlaşdırılacaq dəmir yolu tikintisinin əsas məqsədi həmin yollar vasitəsilə, Qəbələ, Şahdağ, Quba və Qusara doğru turizm axınının daha da sürətləndirilməsinə və əlçatanlığın təmin edilməsinə hesablanıb. Ona görə də bu layihə çox əhəmiyyətlidir. 
Ümumiyyətlə, fikir vermisinizsə, son zamanlar Azərbaycanda turizmin inkişafı istiqamətində ciddi işlər aparılır. Hətta 2017-ci ildə Azərbaycana gələn turistlərin sayı 20 faizdən çox artdı. Ona görə sözügedən dəmir yollarının çəkilişi turizm sahəsi üçün mühüm əhəmiyyət  kəsb edir. Həmçinin, bu yollar insanların rahatlığı və mal, mülkün aparılıb gətirilməsində böyük əhəmiyyət daşıyacaq. Bu yerlər çox səfalı yerlərdir. Amma ucqar olduğundan bu yerlərə avtomobillə gedib-gəlmək əlverişli olmur. Dəmir yolu isə bu mənada həmin problemin aradan qaldırılması demək olacaq. Həmçinin bu yolun işə düşməsi ölkə iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz