Əlaqə Arxiv
news Image
2018.01.31
08:00
| A A A
Azərbaycana gələn ərəb turistləri və sərmayəsi artacaq
Natiq Cəfərli: “Bu cür əməkdaşlıq, media dəstəyinin olması Azərbaycanın daha yaxşı tanıdılmasına və həmin ölkələrdən daha çox turist axınına səbəb olacaq” Müzəffər Ağakərimov: “Bir neçə amil ərəb investorların Azərbaycana gəlişini şərtləndirir”

Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası ilə Qətərin “Dar’ul-Arab” media qrupu arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişi assosiasiyanın rəhbəri Elşən Rəhimov və media qrupunun icraçı direktoru Cabir Səlim əl-Hərami imzalayıb. Sazişə əsasən, “Dar’ul-Arab” assosiasiyanın fəaliyyətini ərəb mətbuatında işıqlandıracaq. Saziş çərçivəsində media qrupu həmçinin, ərəb investisiyalarının ölkəyə cəlb olunması məqsədilə Azərbaycanda turizm, sənaye, ticarət sahələrinin inkişafı barədə məlumatlar dərc etməyi öhdəsinə götürür. Bundan başqa, Azərbaycana ərəb turistlərinin cəlb olunması məqsədilə ölkənin turizm potensialı haqqında məqalələrə diqqət ayrılacaq. Ekspertlərin fikrincə, media dəstəyi Azərbaycana ərəb investisiyasının və turistlərin cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Bu da ölkəmizə valyuta axınına əlavə təkan vermiş olacaq. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, artıq ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında kəskin artım var: “2016 və 2017-ci illərdə bu sahədə sıçrayış oldu. Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin tək sayında yox, həm də xərclədikləri vəsaitlərdə artım qeydə alındı. Bu da Azərbaycan iqtisadiyyatına müsbət təsir edib. 
Nəzərə alaq ki, bu cür əməkdaşlıq, media dəstəyinin olması Azərbaycanın daha yaxşı tanıdılmasına və həmin ölkələrdən daha çox turist axınına səbəb olacaq. Ümumiyyətlə, turizmin inkişafında informasiyanın geniş yayılması, reklam xarakterli materialların çap olunması, media dəstəyinin olması önəmli rol oyanayır. Belə bir əməkdaşlıq gələcəkdə digər Körfəz ölkələrinin media qrupları ilə də aparıla bilər və aparılsa, daha yaxşı olar. Yalnız yazılar yox, Körfəz ölkələrinin yerli kanallarında video çarxların yayılması Azərbaycana gələn turist sayının və ərəb investisiyaının artımına ciddi kömək ola bilər”.
Azərbaycan Turizm Assosasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, onsuz da son illər ərəb ölkələridən olan insanlar Azərbaycanla dərindən maraqlanırlar: “Nəzərə alaq ki, ərəb ölkələri əvəllər öz investisiyalarını əsasən Qərbə yönəldirdilər. Lakin Qərbi Avropada baş verən hadisələr, ərəb dünyası ilə yaranmış gərginlik ərəbləri digər ölkələrə yatırım qoymağa vadar edir. 
Stabil ölkələrdən biri Azərbaycandır. Ərəb sahibkarlar bu fonda Azərbaycana yatırım edilməsinin yaxşı məqam olduğunu görürlər. Artıq bir neçə ildir ölkəmizə gələn ərəb turistlərin sayında kəskin artım var. Onlar öz ölkələrindən bir sıra dairələri Azərbaycan haqqında məlumatlandırırlar. Bu da Azərbaycana invesitisiya yatırılması üçün bir şəraitdir. Lakin tək bu yox, bir neçə amil ərəb investorların Azərbaycana gəlişini şərtləndirir. İnvestor sərmayəni sabit, inkişaf edən ölkəyə qoymağa çalışır”. 
Ekspert əlavə etdi ki, ərəb kütləvi informasiya vasitələrində Azərbaycan haqqında məlumatların dərc olunması ordan bura gələn turistlərin də sayını artıracaq: “Ancaq mediadan əvvəl artıq turizm şirkətləri Azərbaycan haqqında məlumatları öz ölkələrinə çatdırıblar. Nəzərə alaq ki, turistlərin arasında sahibkarlar da var. Onlar sanki kəşfiyyat aparırlar. Təbliğat da gücləndikcə, bu, ərəb investisiyasının, turistinin Azərbaycana axınına əlavə təkan verəcək”.
Mübariz BAYRAMOV  

Sizin Reklam Yeriniz