Əlaqə Arxiv
news Image
2018.02.02
09:13
| A A A
Turizm dəllalarının fəaliyyətinə son qoyulur
Vüqar Bayramov: “Turizm sahəsində ən çox müşahidə edilən problem turistlərin aldadılmasıdır” Müzəffər Ağakərimov: “Turizm şirkətərinin hamısı reyesterdən keçməlidir”

"Lisenziyalar aradan qaldırılandan sonra bəzi dəllallar ortaya çıxıb, guya xidmət göstərir, yalandan tur təşkil edirlər. Son nəticədə Azərbaycanın imici enir, bizlər itiririk". Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. 

Nazir bildirib ki, turizm şirkətləri birləşib, normal proqram ortaya qoysa və dünya miqyasına çıxarsa, dəllallar və yalançılar özlərini aciz hiss edərək meydana daxil ola bilməzlər: "Sağlam rəqabət, sağlam əməkdaşlıq, dünya turizm etik kodeksinə, dünya iqtisadi qanunlarına qarşılıqlı hörmətlə yanaşaraq Azərbaycanda güclü turizm sənayesi ortaya qoyulacaq".
Azərbaycan turizm sənayesinin yaxşı pul qazandığını deyən Ə.Qarayev vurğulayıb ki, dəllallıqla məşğul olan turizm şirkətləri məsuliyyətə cəlb olunacaq. "Bununla bağlı qanun layihəsi təklif edilib. Mən həmin qanunun səbrsizliklə qüvvəyə minməsini gözləyirəm".
Qeyd edək ki, 2018-ci il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilən ödəmələrdən artıq məbləğdə pul alan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb. Ekspertlərin sözlərinə görə, Azərbaycanın turizm imicinin qorunub saxlanılması üçün bu kim tədbirlərin qarşı alınmalıdır. Bunun üçün isə lisenziyasız da nəzarətin gücləndirilməsi mümkündür. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, turizm sektorunda lisenziyanın aradan qaldırılması məqəsəduyğun addım oldu: "Bütün hallarda lisenziyalar turizm şirkətləri üçün müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Amma bununla belə turizm fəaliyyətinə nəzarət edilməsinə ehtiyac var. Çünki, turistlərin aldadılması faktları var.  Nəzərə alaq ki, bəzi hallarda bələdçilik sertifikatı olmayan vətəndaşlarımız bələdçiliklə məşğuldurlar. Belə olan təqdirdə bələdçilər bəzən ya məlumatsız olurlar və ya yalan məlumatlar verirlər. 
Turizm sahəsində ən çox müşahidə edilən problem isə turistlərin aldadılmasıdır. Bütün bunlar da nəticə etibarı ilə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərir. Düzdür, problemin aradan qaldırılması üçün yenidən lisenziyaların bərpa edilməsi məqəsədəuyğun olmazdı. Nəzarət mexanizmi yalnız lisenziya deyil. Lisenziyasız da nəzarətin gücləndirilməsi mümkündür. Güman ki, indiki məqamda bələdçilik lisenziyasına nəzarətin gücləndirilməsi daha məqsədəuyğundur. Eyni zamanda turistlər arasında sorğunun təşkil edilməsinə ehtiyac var. Bunun üçün xüsusi sayt fəaliyyətə başlamalıdır. Həmin sayt vasitəsi ilə turistlərin üzləşdiyi problemlərin müəyyənləşdirilməsinə ehtiyac var. 
Beynəlxalq Hava Limanında aşkar edilən rüşvət faktı da göstərdi ki, bəzi hallarda turistlərdən rüşvət tələb olunur. Bütün bu kimi problemlər sorğular vasitəsi ilə müəyyənləşdirilə bilər. Yəni, nəzarət güclənərsə, turizm sahəsində göstərilən bu cür nöqsanları aradan qaldırmaq mümkün olar". 
Azərbaycan Turizm Assosasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da lisenziyaların ləğvini müsbət addım hesab edir: "Bu, kiçik sahibkarlığın inkişafında mühüm amil olacaq. Lisenziyanın ləğv edilməsi Azərbaycada turizm şirkətlərinin sayını daha da çoxaldıb. Lakin turizm bazarında bir qədər xoatik vəziyyət yaranıb. Bu vəziyyətin aradan qaldırılması üçün bir sıra təkliflər irəli sürülür. Ən əsası, turizm şirkəti açan şəxs reyesterdən keçməlidir. Düzdür, bu, "Turizm haqqında" Qanunda var. Ancaq ona tam riayət olunmur. Əgər riayət edilərsə, sağlam rəqabət yaranar. Bu nəzarət lisenziya deyil. Sadəcə, turizm şirkətinin adı reyesterdə olmalıdır. Məsələn, turizm şirkətləri müqavilə formasına riayət etmirlər. Bununla da müştərini aldatmış olurlar. 
Həmçinin hazırda nə qədər turizm şirkətinin olduğu məlum deyil. Onlar ancaq Vergilər Nazirliyində qeydiyyatdan keçirlər. Ancaq Turizm və Mədəniyyət Nazirliyinin xəbəri yoxdur. Belə olan təqdirdə hansısa vətəndaş Turizm və Mədəniyyət Nazirliyinə şikayət edəndə nazirlik ona heç bir köməklik göstərə bilmir. Ona görə turizm şirkətərinin hamısı reyesterdən keçməlidir. O zaman onların fəaliyyəti haqqında nazirliyin də vətəndaşların da xəbər olacaq".
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz