Əlaqə Arxiv
news Image
2018.02.06
09:26
| A A A
Xəzərin turizm potensialı büdcəni zənginləşdirəcək
Kruiz səfərlər türistlərin istirahəti üçün ən maraqlı proqramdır

“Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır”. Bu sözləri  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, artıq bununla bağlı bir neçə layihə müzakirə olunub: “Kruizlərin təşkili ilə bağlı yaya doğru vaxt təyin olunacaq. Düşünürəm ki, yay fəsli zamanı həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir”. 

Məlumdur ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında turizm sənayesinə böyük rol ayrılır.  Prezident İlham Əliyevin ötən il imzaladağı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparılıb. Müzakirələrin nəticəsi kimi bir neçə layihə işlənilib. Bu sahədə görülən işlər yekunlaşmaq üzrədir. Bu ilin yayında kruiz səfərlərinin başlanması gözlənilir. 
Xəzər dənizi coğrafi anlamda qapalı su hövzəsi kimi dəyərləndirilsə də turizm potensialı olduqca zəngindir. Belə ki, bu dənizdən Qara dənizə, oradan Aralıq dənizinə və nəhayət dünya okeanın da çıxmaq mümkündür. Lakin maraqlı turist marşrutlarının açılması üçün bu qədər uzağa getməyə ehtiyac yoxdur. Dənizin özündə və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir və sadəcə bunları görmək və marşrutları işləmək gərəkdir. 
Sovet dönəmində Volqa çayı boyunca yalnız SSRİ daxilində kruiz səfəri mövcud idi və əhali arasında xeyli dərəcədə populyarlaşmışdı. İndi isə Xəzər artıq 5 müstəqil dövləti birləşdirir və bu faktın özü marağa səbəb olacaq müxtəlifliyin təmini deməkdir. Ümumiyyətlə, Xəzərsahili kruiz səfəri turistlərin sürətlə cəlb ediləcəyi yerlərlə doludur. İlk əvvəl xalqların zəngin mədəniyyətə malik olması, dənizdə çoxlu adaların mövcudluğu, təbiətin əsrarəngizliyi, dənizin özünün bioloji resursları, habelə zəngin enerji mənbələri, dənizdə salınmış Neft Daşları şəhərciyi və sairə bu kimi sərgi qədər maraqlı ola biləcək resurslar var. 
Turizmə məsul şəxslərin layihələrində kifayət qədər geniş diapazonda marşrutlar işlənib. Səfər üçün seçilmiş gəmi-layner vasitəsilə Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət etmək arzusunda olan turistlərin ixtiyarında fitnes zalı, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq. Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək. Uzunluğu 141 metr, eni 16,82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək. Ekspertlər bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etməyin mümkün olacağını deyirlər.
Xəzərin təkcə Azərbaycan sektorunda olan Pirallahı, Zirə kimi adaların potensialı illik yüz minlərlə turistin ilboyu istirahəti üçün yetərlidir. Həmin adalarda müvafiq infrastrukturun yaradılması və ümumi turizm obyektləri xəritəsində özlərinə məxsus yer tutması potensialın üzə çıxarılmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda kruiz səfərlərinin marşrutlarında da həmin adaların dayanacaq və əyləncə, habelə dənizin bioresursları ilə tanışlıq üçün gözəl imkanlar yaradar. Bütün bunlar isə həm yeni iş yerləri, həm də valyuta qazancı deməkdir. 
Beləliklə, Xəzərdə kruiz səfərlərinin təşkili sayəsində bu il ölkəmizə gələn turistlərin sayının artmasını gözləmək olar. Xüsusilə, yay mövsümündə dənizin bəzi xəstəliklərdə müalicəvi xassəyə malik lacivərd qumlu shillərində dincəlmək istəyənlərin sayının artacağı məntiqir.
N.NOVRUZ 

Sizin Reklam Yeriniz