Əlaqə Arxiv
news Image
2018.02.07
08:00
| A A A
Turizm kirayə biznesinin inkişafına yeni təkan verir
Bahadur Bilalov: “Bu kimi halların özü regionların sosial-iqtisadi inkişafına dəstək verir” Rəşad Həsənov: “Region əhalisi turizm sektorunun yaratdığı üstünlüklərdən müəyyən qədər yararlana bilirlər”

Bakıda, regionlarda evlərini tursitlərə kirayə verənlərin sayı sürətlə artır. Ekspertlərin fikrincə, bunu şərtləndirən ilk səbəb qiymət amilidir. Belə ki, turizm mərkəzlərindən fərqli olaraq evlərdə gecələmə qiymətləri daha münasibdir. Bu mənzərənin ortaya çıxmasına digər səbəb kimi təklifin tələbi ödəmədiyi də vurğulanır. Ancaq proses kirayə verən insanların sosial rifahına və otel qiymətlərinin aşağı düşməsinə səbəb olacaq hal kimi qiymətləndirilir. 

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bunun dünya praktikasında da belə olduğunu deyir: “Turistlər mütləq hanısa istirahət mərkəzində qalmağa məcbur deyil. Onlar şəxsi evlərdə də qala bilərlər. Buna kənd turizmi deyilir. 
Avropa ölkələri kənd turizminin daha çox inkişaf etdirilməsinə çalışır. Bu, regionda yaşayan, başqa gəlir sahəsi olmayan adamlar üçün pul qazanmağa imkan verir. Nəzərə alaq ki, Azərbaycanda da regionların inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Bu kimi halların özü regionların sosial-iqtisadi inkişafına dəstək verir. 
Əslində, kənd turizmi inkişaf etsə, bütövlükdə daxili turizm də inkişaf edəcək. Otellərdən fərqli olaraq, evlərdə gecələmək ucuz başa gəlir. Xüsusən ailəvi istirahət zamanı gecələmə xərci daha baha olur. Ona görə də ailəvi istirahət zamanı evlərdə gecələmək sərf edir. O baxımdan dəstəklənməlidir. Əgər bu hallar kütləviləşərsə, otellərin qiymətinin aşağı düşməsinə də təsir edəcək. Otellər qiyməti aşağı salmağa məcbur olacaqlar”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Azərbaycanda indiki şəraitdə gecələmək üçün kifayət qədər yer yoxdur: “Belə bir halda turistlər kirayə evlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bunu şərtləndirən səbəb qiymət faktorudur. Xüsusi ilə turizm fəslində turizm obyektləri qiymətləri artırırlar. Belə olan təqdirdə isə aşağı və orta gəlirli turistlər bu xidmətdən istifadə edə bilmirlər. Qiymətin artırılmasının səbəbi isə təklifin az olmasıdır. Bu da kirayə mənzillərindən istifadə hallarını artırır”.
Rəşad Həsənovun fikrincə, bu tendensiya turizm sektorunda qiymətlərin aşağı düşməsinə gətirib çıxartmayacaq: “Çünki hələ təklif tələbdən geri qalır. Bu da müəssisələrə baha qiymət siyasətini yeritmək üçün şərait formalaşdırır. Ancaq digər tərəfdən yanaşdıqda müsbət tendensiyadır. Turistlər yalnız müəyyən sektorda fəaliyyət göstərən qrupların mənafelərini deyil, həmçinin turizm sektorundan faydalanan sosial sferanın genişlənməsinə gətirib çıxarır. Xüsusu ilə region əhalisi turizm sektorunun yaratdığı üstünlüklərdən müəyyən qədər yararlana bilirlər. Bu da regionların sosial iqtisadi inkişafına məüsbət təsir edən faktordur. Evlərdə gecələmə son nəticədə Azərbaycanda hostinqlərin də formalaşmasına təsir edə bilər. Artıq bu istiqamətdə sahibkarlardan müəyyən təşəbbüslər  var. Bunun da heç bir zərəri yoxdur”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz