Əlaqə Arxiv
news Image
2018.02.27
09:54
| A A A
Sayı artan hostellər turizmin inkişafına yeni təkan verir
Müzəffər Ağakərimov : “Hostellərin sayı artdıqca kütləvi turizmin inkişafı da müsbət xətlə davam edəcək” Bahadur Bilalov: “Hostellərin çoxalması, şəxsi evlərin turizm məqsədi üçün təqdim olunması turistlərin sayının artmasına təsir edən amillərdəndir”

Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra sahibkarların hostel açmağa marağı artıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, hostellərin sayı getdikcə artır. N.Bağırov əlavə edib ki, Azərbaycanda dünya standartlarına cavab verən hostellər fəaliyyət göstərir: "Lakin onlar Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçmədiyi üçün hostellərin sayını açıqlaya bilmirik. Hostellər daha çox Bakıda, xüsusilə şəhərin mərkəzində açılır".

Qeyd edək ki, Mənzil Məcəlləsinə edilən dəyişikliyə əsasən, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələri və yaşayış evləri mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadə oluna bilər. Bunun üçün mülkiyyətçidən heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq. Bu dəyişiklik vətəndaşlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etməyə şərait yaradıb. Mütəxəssislərin fikrincə, hostellər turizmin inkişafında xüsusi rol oynayır. Çünki bu, aztəminatlı şəxslərin də istirahətinə imkan verən gecələmə yeridir. 
Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, hostellərin sayı artdıqca kütləvi turizmin inkişafı da müsbət xətlə davam edəcək: “Hostellərin sayının artması aztəminatlı insanların istirahətini asanlaşdıracaq, nəticədə regionlara daha çox üz tuta biləcəklər. Bu da daxili turizmin inkişafına böyük dəstək verəcək. Çünki, hostellərdə gecələmə otellərə nisbətən daha ucuzdur. Bu, həm də istirahət günlərinin sayının artmasında müəyyən rol oynayır. 
Hostellərin xüsusən şimal-şərq, şimal-qərb, cənub zonalarında artması daha yaxşı olardı. Çünki məhz bu üç turizm zonalarına gedənlərin sayı ildən-ilə artır. Həmin ərazilərdə hostellərin çox olması yerli turistlərlə yanaşı, xarici turistlərin də sayını artıracaq. Nəzərə alaq ki, xarici turistlərin də arasında aztəminatlılar var. Ümumiyyətlə, respublikanın hər bir bölgəsində müxtəlif ulduzlu otellər inşa edilməlidir. Çünki Azərbaycana gələn turistlərin sayında 2016-cı ilə nisbətən 2017-ci ildə 20 faizdən çox artım olub.  Bu ildə də artımın olacağı gözlənilir”.
Azərbaycan Turizm və Menecment Universitetinin professoru Bahadur Bilalov bildirdi ki, hostellərin inşası xüsusən aztəminatlı ailələrin istirahəti üçün nəzərdə tutulub: “Çünki otellərdən fərqli olaraq hostellərdə daha ucuz qiymətə gecələmək mümküdür. O baxımdan aztəminatlı insanların istirahətində hostellərin böyük rolu var. Eyni zamanda o da təqdirdəlayiq haldır ki, yalnız iri şəhərlərdə yox, bölgələrimizdə də hostellərin sayı artır. Ümumiyyətlə, hostellərin çoxalması, şəxsi evlərin turizm məqsədi üçün təqdim olunması turistlərin sayının artmasına təsir edən amillərdəndir. Dünya praktikasında da bu cürdür”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz