Əlaqə Arxiv
news Image
2018.03.08
14:02
| A A A
Yeni reyslər hesabına Azərbaycana daha çox turist gələcək
Bahadur Bilalov: “Nəqliyyatın turizmin inkişafında misilsiz əhəmiyyəti var” Müzəffər Ağakərimov: “Azərbaycanda hər il turizmin yeni növləri inkişaf edir”

Son dövrlərdə Azərbaycana dünyanın müxtəlif ölkələrindən yeni açılan təyyarə reyslərinin sayında dinamik artım müşahidə olunur. Belə ki, Əbu-Dabidən, Omandan, Sofiyadan birbaşa aviareyslər fəaliyyətə başlayıb. Bundan başqa, Polşa, Monteneqro, Mahaçqaladan aviareyslər açılacağı gözlənilir. Həmçinin "Türk Hava Yolları" şirkəti Bakıya uçuş istiqamətlərini də artırmaq niyyətində olduğunu açıqlayıb. 

Eyni zamanda Bakı-Təbriz aviareysinin bərpası müzakirə olunub. Qonşu ölkələrdən Rusiyanın Ufa şəhərindən də birbaşa reyslər fəaliyyətə başlaya bilər. Ekspertlərin fikrincə, nəqliyyatın turizmin inkişafında mühün rol oynadığından bu hal mövsümün yaxınlaşması fonunda turizmin inkişafına müsbət təsir edəcək. Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, ümumiyyətlə, nəqliyyatın turizmin inkişafında misilsiz əhəmiyyəti var: “İnsan harasa getmək istəyirsə, ilk növbədə əlverişli nəqliyyat yolu axtarır. Sevindirici haldır ki, son zamanlar dünyanın müxtəlif ölkələrindən birbaşa ölkəmizə avriaşirkətlər açılıb. Bunların sayı artmaqdadır. Bu amil ölkəmizə gələn turistlərin sayının artmasına bilavasitə kömək olacaq. Çünki, tuirst üçün üçüncü bir ölkə üzərindən Azərbaycana gəlmək daha baha olur. Anaq birbaşa reyslərin və bilet qiymətinin əlverişli olması turizmin inkişafında əhəmiyyətli dərəcədə rol oynayır”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, artıq müxtəlif ölkələrdən Azərbaycana gələn turistlərin sayı ildən-ilə çoxalmaqdadır: “Bunu statistik rəqəmlərdə də görmək mümkündür. Artımı şərtləndirən səbəbləri çoxdur. 
Əvvəla, Azərbaycanda hər il turizmin yeni növləri inkişaf edir. Bununla yanaşı, ölkədə keçirilən beynəlxalq tədbirlər, şopinq festivalları, burada ictimi-siyasi sabitlik Azərbaycana olan marağı artırıb. Bu da ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərib. Eyni zamanda Azərbaycanın digər ölkələrdə sərgilər keçirməsi də bura gələn turistlərin sayına təsir edir. Məsələn, yanvarın 31-də Hindistanda Azərbaycan Turizm Assosiasiyasının iştirakı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sərgi keçirildi. Bundan sonra Almatada Şanxayda və  Dubayda sərgilərin keçirilməsi nəzərdə tutulub.  Həmçinin aprel ayının əvvəlində Azərbaycanda beynəlxalq sərgi olacaq. Bu kimi tədbirlər Azərbaycana turistləri cəlb etmək üçün mühüm rol oynayır. Artıq Macarıstan və Bolqarıstandan da ölkəmizə maraq göstərirlər. Bu da Macarıstan və Bolqarıstandan aviareyslərin açılması ilə əlaqədardır. Ümumiyyətlə, nəqliyyat turizmin inkişafında mühüm rol oynayır. Bununla əlaqədardır ki, həm Qərb, həm də Şərq dövlətlərində Azərbaycana maraq artıb”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz