Əlaqə Arxiv
news Image
2018.03.16
00:15
| A A A
Turizm sektoru Azərbaycana valyuta gətirən əsas sahələrdən birinə çevrilir
Eldar Aslanov: “Yaxın 10 ildə ÜDM-də turizmin payı 6-8 faizə qalxacaq”

Ötən il Azərbaycana gələn xarici turistlərin sayı isə 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə, yəni 2,7 milyon nəfərə çatıb. Mərkəzi Bankın məlumatlara göstərir ki, ölkəyə gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ildə 1 milyard manatdan çox olub. Bu da 2016-cı illə müqayisədə 70 faiz artım deməkdir. Belə vəziyyətdə demək olarmı ki, turizm Azərbaycana valyuta gətirən əsas sahələrdən birinə çevrilir? 

Turizm üzrə ekspert Eldar Aslanov qeyd etdi ki, turizm həqiqətən də ölkədə valyuta gətirən əsas sahəyə çevrilir: “Rahatlıqla demək olar ki, artıq turizm sektoru Azərbaycana valyuta gətirən əsas sahələrdən birinə çevrilib. Ölkədə sistemli turizm siyasətilə bağlı həyata keçirilən addımlar, müvafiq nazirliyin fəaliyyəti, viza sisteminin asanlaşdırılması, hava məkanı, turizmlə bağlı yol xəritəsinin yaradılması, infrastruktur, ölkədə keçirilən çoxsaylı tədbirlər Azərbaycanın artıq beynəlxalq turizm bazarında öz layiqli yerini tutmağa başlamasına gətirib çıxardı. Nəinki Bakı, hətta bir neçə digər ölkə şəhəri də region və dünyanın əsas turizm bazarlarının əsas oyunçularına çevrilməkdədir. 
Düşünmürəm ki, bu istiqamətdə potensialımızı tam realizə etmişik. Əldə olunan nailiyyətlər sevindiricidir, amma bu, bizi arxayınlaşdırmamalıdır. Yol xəritəsində gələcək hədəf olaraq Abşeronun turizm potensialının tam olaraq reallaşdırılması və regionlarda davamlı turizm potensialının artırılması nəzərdə tutulub. Potensialımızı tam olaraq reallaşdırsaq əminəm ki, ölkəmizə gələn turistlərin sayı yaxın 1 ildə 3 milyonu aşacaq. Bu da bir neçə aspektdən ölkəmiz üçün vacibdir. Qeyri-neft sektorunun inkişafı baxımından turizmin bir alət olaraq istifadə olunması, ikincisi, dünyada ermənilər tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının iflasa uğradılması, ölkəmizin sabit inkişaf edən dövlət kimi təqdim olunması, üçüncü bir tərəfdən əhalinin məşğulluğu baxımından vacib elementdir. Aparılan sorğular da göstərir ki, əksər turistlər məhz Azərbaycana gələndən sonra ölkəmizlə bağlı daha dolğun bilgilərə yiyələnirlər. 
Ölkəmizə valyutanın axını da vacib alətdir. Amma məşğulluğun artması da burada onun qədər vacibdir. Bu mənada turizm çox vacib məşğulluq alətidir. Gələn bir turistə dolayısı ilə turizmin 7 yerli insanı xidmət edir. Turizmin inkişafı nəticəsində 60-a yaxın digər sektor da hərəkətə gəlir. Onlara tələb artanda da həmin müəssisələrdə çalışanların sayı da artır. Bu baxımdan turizm məşğulluğun artması, işsizliyin azaldılması yolunda da mühüm bir vasitədir. Bütün bu nticələr də ölkəmizin iqtisadiyaytının güclənməsində vacib mühərrik rolunu oynayır. 2003-ildə ölkənin ümumi daxili məhsulunda turizmin payı 0,9 faiz olduğu halda, hazırda rəsmi statistikaya görə bu rəqəm 4,5 faizə yüksəlib. Amma bu rəqəmin 10 faizə qədər qaldırılması başlıca hədəfimizdir. Yaxın 10 il ərzində ümumi daxili məhsulda turizmin payınıə 6-8 faizə qaldırmağı düşünürük. Bu fonda azulduzlu otellər, gənclər mərkəzi və evləri, ev kirayəsi şəbəkəsini tamamilə formalaşdırmaqla ölkəmizə il ərzində gələn turistlərin sayını 5 milyon civarına qaldırmalıyıq. Yalnız Novruz Bayramı ərəfəsi deyil, habelə qış və yay turizmini də geniş yaymalıyıq. 
Alpinizm, ekstremal turizm, dayvinq, paraşütçülük, milli parklar, ekoturizmin inkişafın da xüsusi diqqət ayrılır. Ölkə ərazisinin 10 faizi təbiət nöqteyi-nəzərindən mühafizə olunan ərazilərdir. Göygöl milli parkı kimi digər bu tip parklarımızı da inkişaf etdirməliyik ki, çoxlu turist gəlsin. Sağlamlıq turizminin bütün il boyu fəaliyyət göstərməsinə nail olmalıyıq. Turizm sezonunu 4 mövsümə yaymaqla ölkəyə il ərzində 5 milyon turistin gəlməsinə nail olmalıyıq. Bunun üçün də ilk növbədə infrastrukturu artırmalıyıq. 
Yaxın 5 ilə qədər Azərbaycanın turizm sektorunun problemləri çox idi, indi xeyli dərəcədə azalıb. Artıq viza problemi də həllini tapıb. Amam mühüm bir problem peşəkar kadrlar məsələsidir. Turizm Universiteti vasitəsilə onu da qismən həll etmişik. İndi xidmət keyfiyyəti 5-10 il əvvəl olan kimi qabarıq deyil. Lakin yenə də keyfiyyəti hər zaman ilk problem olaraq ortaya qoymalıyıq. Ölkədə sertifikatlaşdırılmış yerləşdirmə yerlərinin sayını artırmalıyıq. Otellərdə demək olar ki, yer yoxdur. Novruz Bayramı ərəfəsi Pedoqoji Universitet olaraq 300 nəfər  qonağın iştirakı ilə böyük bir konfrans keçirəcəyik. Onlar da artıq evləri kirayə edəcəklər. Çünki artıq otellərdə yer yoxdur. Ona görə də otel infrastrukturunu artırmalıyıq. Xüsusən də diqqəti daha çox azulduzlu otellərə verməliyik. 
Digər tərəfdən, turizmin çeşidliyini də artırmalıyıq. Ölkədə qış turizmi, xizəkçilik, dağ, qar turizmi, dəniz var. Amma bunları artırmalı, çimərlik infrastrukturunu təkmilləşdirməliyik. Təkcə Bakıda deyil, Xəzərin bütün sahili boyu çimərliklərimizi çimərlik statusuna uyğunlaşdırmalıyıq. Təəssüf ki, bu gün beynəlxalq çimərlik assosiasiyasının qəbul etdiyi standarta uyğun mavi bayraqlı çimərliyimiz hələlik yoxdur. Sağlamlıq turizm potensialını da artırmalıyıq. Milli parkları, tarixi qoruqları mövcud qaydalar çərçivəsində maksimum dərəcədə turizm məhsulu kimi çeşidləndirməliyik. Yəni,  orada da lazım ola infrastrukturu yaratmalıyıq. Bizim bu kimi geniş turizm potensialımız var, ondan istifadə etməklə ölkəyə turizmdən gələn gəlirlərin həcmini artırmalıyıq”.  
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz