Əlaqə Arxiv
news Image
2018.04.14
10:00
| A A A
Turizmin inkişafına zərbə vuranlar
Bahadur Bilalov: “Hər bir turizm şirkəti hansı xidmətlər alacağı barədə turistə müqavilə təklif etməlidir” Müzəffər Ağakərimov: “Turistləri aldadan iaşə obyektlərinin müdiriyyətlərinə xəbədarlıq olunmalıdır”

Azərbaycanda turizm dinamik inkişaf etməkdədir. 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı 20% artıb. Belə ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı 449 215 nəfər artaraq 2 691 998 nəfər təşkil edib. Ancaq təəsüf ki, bəzi hallarda müəyyən sahibkarlar, satıcılar turistlərdən daha çox pul qoparmağa çalışırlar. Hansı ki, bu da turizmə, ölkənin imicinə xələl gətirən amildir. Ekspertlərin fikrinə, bu kimi neqativ halların qarşısını almaq üçün həm hüquqi, həm də ictimai müstəvidə tədbirlər görmək olar. 

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, “Turizm haqqında” Qanunda Azərbaycan ərazisində turizm məhsulunun alqı-satqısının müqavilə əsasında olmasının vacibliyi göstərilib: “Yəni, hər bir turizm şirkəti hansı xidmətlər alacağı barədə turistə müqavilə təklif etməlidir. Turist müqavilə olmayanda aldadıldığı təqdirdə heç  bir iddia irəli sürə bilmir. Çox təəssüf ki, 1999-cu də qəbul olunmuş qanunun həmin maddəsi işlək vəziyyətdə deyil”.
Ekspert əlavə etdi ki, turistin özü küçədən nəyisə alarkən aldadılırsa, bunu tənzimləmək mümkün deyil: “Məsələn, aeroportda turisti taksi sürücüləri qarşılayırlar. Taksi sürücülərinin böyük əksəriyyəti artıq pul almağa çalışır. Yəni bu, həmin adamların insafına qalan məsələdir. Sadəcə, bu tip məsələlərə xüsusən hava limanında yol verilməməlidir. Ancaq nəzər alaq ki, Naxçıvan aeroportunda bu məsələlər tam tənzimlənir. Bütün taksilər sarı rəngdə, sürücülər uniformadadırlar. Sürcülər növbə ilə dururlar və onların turistə yaxınlaşmaq hüquqları yoxdur. Heç bir taksi sürücüsü də kimdənsə, bir manat artıq pul ala bilməz. Bu ciddiliyi Bakıda da təmin etmək lazımdır. Nəzərə alaq ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Bakıya gəlir”.
Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov bildirdi ki, turisti aldatmaq yolverilməzdir: “Bu, ölkənin imicinə xələl gətirən hadisədir. Bu cür neqativ halların qarşısını almaq üçün turizm şirkətləri, ictimaiyyət, xüsusən də əlaqədar təşkilatlar ciddi işlər görməlidirlər. Turistlərin xüsusən hava limanında, vazğallarda qarşılanmasında, mehmanxanalardan çıxan zaman ciddi tədbirlər görülməlidir ki, aldadılmasınlar. Həm mehmanxana sahibləri, həm də hava limanındakı nəzarətçi şəxslər buna ciddi diqqət etməlidirlər. 
Digər tərəfdən, turistləri aldadan iaşə obyektlərinin müdriyyətlərinə xəbədarlıq olunmalıdır. Həmçinin onlarla maarifləndirici işlər də aparılmalıdır. Bu cür hallar kimlərəsə 5-10 manat qazandırırsa, bütövlükdə ölkənin turizm sektoruna xələl gətirir. Nəzərə alaq ki, bayram günlərində turizm məkanlarında süni qiymət artımına da yol verirlər. Bütün bunlar turistləri ölkəmizdən qaçıran amillərdir. Onlar növbəti dəfə Azərbaycanı seçməyə bilərlər. Halbuki, turist daha çox gələrsə, daha çox və daim qazanmaq mümkün olar”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz