Əlaqə Arxiv
news Image
2018.04.19
09:40
| A A A
Ölkəyə daha çox turistin cəlbi üçün vacib məqamlar açıqlandı
Çingiz İsmayılov: “Qafqazda yeganə çay, ada turizmi Azərbaycanda mümkündür” Rəhman Səfərov: “Azulduzlu otellər insanları daha çox cəlb edə bilir”

Son vəziyyət göstərir ki, daxili turlara maraq sürətlə artır. Artıq xaricilərlə yanaşı, yerli turistlərin də daxili turizmin imkanlarından yararlanmağa üstünlük verdikləri müşahidə edilir. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də açıqlama vermişdi. Nazir bildirib ki, turistlərin Azərbaycandan çıxışı 4% azalıb: “Bu, onun göstəricisidir ki, yerli əhali ölkə daxilində istirahət etməyə üstünlük verir”. Ekspertlərin fikrincə, daxil turizmə meyllənməni şərtləndirən səbəblər çoxdur.  Dövlət İdarəçilik Akademiyasının “Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi” kafedrasının müdiri, professor Çingiz İsmayılov bildirdi ki, turizmin inkişafına bir çox amillər təsir edir: “İqtisadi vəziyyət, dövlətlərarası münasibət, beynəlxalq vəziyyət, aparıcı valyutaların məzənnələri, ölkə daxilində sosial-iqtisadi inkişaf kimi amilləri göstərmək olar. Azərbaycanda daxili turizmin inkişafını şərtləndirən amillər var. Bu, ilk növbədə beynəlxalq vəziyyətdir. 

Turizm inkişaf etmiş ölkələrdə ictimai-siyasi vəziyyət mürəkkəbləşib. Türkiyədə gərginlik var. Avropa ölkələrində müsəlmanlara münasibət fərqlidir. Azərbaycanda isə turizm sürətli inkişaf mərhələsindədir. Ancaq təəssüf ki, bizdə hələ ənənəvi turizm sahələrinə üstünlük verilir. Halbuki, qeyri-ənənəvi turizm sahəsinin inkişafı üçün potensilımız var. Məsələn, veloturlar, Kür çayı ilə səhayət etmək olar. Bundan başqa Xəzər dənizində cəmi 1 gəzinti gəmimiz var ki, bunun sayını artırmaq lazımdır. Səyahətlər yalnız Bakı buxtasında fırlanmaq şəklində olmamalıdır. 
Nəzərə alaq ki, Azərbaycanın 19 adası var. Həmin adalara səhayət etmək olar. Həmçinin sahil boyu kruizlər etmək mümkündür. Azərbaycanın 825 kilometrlik Xəzər sahili var. Bundan başqa dəvələrlə səyahət təşkil edilməlidir.  Qafqazda ada, çay turizmi yoxdur. Qafqazda yeganə çay, ada turizmi Azərbaycanda mümkündür. Kür çayı Azərbaycan ərazisindən 907 kilometr məsafəni qət edir. Kiçik katerlərlə turlar təşkil edilməlidir. Saatllıda, Sabirabadda dayanma mənətəqəsi yaradıla bilər ki, orada turistlər balıq ovlaya bilsinlər. Tuqay meşələrindən yararlanmalıyıq. Həmçinin atlarla səhayəti təşkil etmək olar”.
Azərbaycan Turizm İnstitutunun Turizm və “Qonaqpərvərlik” fakültəsinin dekanı Rəhman Səfərov bildirdi ki, əvvəllər Azərbaycanda yerləşmə yerlərinin sayı az idi: “Ancaq son illər yerləşmə yerlərinin sayı kəskin dərəcədə artıb. Bu da turizm infrastrukturunun inkişafı ilə əlaqədardır. O baxımdan isanlar daxildə də gecələmə tapa bilirlər. Bu da bir qism insanların daxildə istirahət etməsinə şərait yaradıb. 
Nəzərə alaq ki, hər il yeni mehmanxana şəbəkələri, istirahət mərkəzləri tikilir.  Düzdür, mövsümi dövrlərdə yer qıtlığı yaşanır. Bunun üçün də gərək azulduzlu otellərin sayı artırılsın. Azulduzlu otellər insanları daha çox cəlb edə bilir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz