Əlaqə Arxiv
news Image
2018.04.26
07:00
| A A A
“Formula-1” Azərbaycana üz tutan əcnəbilərin sayını artırır
Bahadur Bilalov: “Həm ölkənin tanıdılmasını, həm də ölkəyə valyuta axınını təmin edən amildir” Müzəffər Ağakərimov: “Bu cür tədbirlərin hamısı turizmin inkişafında mühüm rol oynayır”

Ölkəmiz növbəti beynəlxalq yarış ərəfəsindədir. 27 – 29 apreldə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri yekunlaşıb. Yarış hər ötən dövrə nisbətən ölkəmizə daha çox turist axınına səbəb olub. Ekspertlərin fikrincə, yarış fonunda gələn turistlərin sayında daha da artım olacaq. Bunun şərtləndirən səbəblər isə az deyil. 

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, burada keçirilən istənilən beynəlxalq tədbir ölkəmizin tanıdılmasında əhəmiyyətli rol oynayır: “Bu sırada “Formula-1” yarışını xüsusi vurğulamaq lazımdır. Bu yarış artıq üçüncü dəfədir ki, ölkəmizdə keçiriləcək. Faktiki olaraq, küçələrin, tarixi memarlıq abidələrinin, bütövlükdə şəhərin tanıtımı baxımından böyük əhəmiyyəti var. Ötən illərin təcrübəsi də bunu göstərir. 
Düzdür, bəzi şəxslər şəhərdə tıxac yaratması baxımından bu cür yarışlardan şikayətlərini ifadə edirlər. Lakin bu səviyyəli tədbirlərin ölkə üçün daha böyük faydası da var. Nəzərə alaq ki, “Formul-1” yarışlarına baxmaq üçün bilet sifarişlərinin böyük əksəriyyəti xarici ölkələrdəndir.  Yarışı seyr etmək üçün artıq nə qədər xarici vətəndaşlar  bilet alıblar. Bu baxımdan əhəmiyyəti böyükdür. Həm ölkənin tanıdılmasını, həm də ölkəyə valyuta axınını təmin edən amildir. 
Bundan başqa, yarış televiziya vasitəsi ilə dünyaya yayımlanacaq. Bu da ölkənin tanıdılmasında mühüm rol oynayacaq. Bununla da ölkəyə gəlmək istəyənlər xaricilərin sayını artıra bilirik. Səhayət həvəsində olan insanların motivasiyasında önəmli rol oynayır”. 
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, ümumiyyətlə, bu cür tədbirlərin hamısı turizmin inkişafında mühüm rol oynayır: “Çünki tədbirlər dünyanın müxtəif yerlərindən insanların Azərbaycana axınına səbəb olur. Bununla da Azərbaycanı xaricilər həm tanıyırlar, həm də turizm potensialını canlı görmüş olurlar. Turistlərin də müəyyən hissəsi mütləq Azərbaycan haqqında öz ölkəsində məlumat verir. Bununla da ölkəmizin tanıdılması ilə məşğul olurlar”.
Müzəffər Ağakərimov əlavə etdi ki, son illər həyata keçirilən tədbirlər öz bəhrəsini verib: “Ölkəmizə gələn turistlərin sayında ildən-ilə kəskin artımlar müşahidə olunur. Bu da Azərbaycanın onlar üçün cəlbedici ölkə olmasının göstəricisidir. Burada həmçinin ictimai, siyasi stabillik də mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın təbiəti, tarixi memarlıq abiləri, turizm infrastrukturu mühüm amildir. Gələn qonaqlar canlı şəkildə Azərbaycanı görmüş olurlar. Yaxşı olardı ki, bu cür beynəlxalq tədbirlər ölkəmizdə daha çox keçirilsin. Beynəlxalq mədəni, iqtisadi, humanitar tədbirlər keçirilməklə ölkəmizə daha çox turist cəlb edə bilərik”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz