Əlaqə Arxiv
news Image
2018.04.28
11:00
| A A A
“Formula-1”la dünyadan Azərbaycana açılan qapı
Musa Quliyev: “Formula-1” yarışı ölkəmizin dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyayaya çatdırılması üçün çox mühüm bir faktordur”

Bakıda dünyanın məşhur idman yarışlarından biri olan "Formula-1” start götürüb. Aydın məsələdir ki, belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsi turistlərin Bakıya axınına səbəb olmaqla yanaşı, ölkəmizi dünyada tanıdılmasına öz töhfəsini verir. 

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, belə oyunların keçirilməsi Azərbaycan üçün nüfuzlu bir ölkə imicinin formalaşması baxımından mühüm əhəmiyyətlidir: “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsinin özü dövlətimizin gücünün, nüfuzunun göstəricisidir. Bu yarış həmçinin dünyada təkcə idman sahəsində deyil, eyni zamanda siyasət, iqtisadiyyat, beynəlxalq münasibətlər, mədəniyyət, turizm sahəsində də Azərbaycanın əldə etdiyi nailiyyətlərin göstəricisidir. 
Belə oyunların keçirilməsi heç də hər ölkəyə həvalə edilmir. Bu hüququ o ölkəyə verirlər ki, onun həmin yarışları keçirməyə həm gücü, həm mədəniyyəti, həm də idman təcrübəsi, hazırlığı olsun. Bu mənada “Formula-1” yarışları üzrə keçirilən mərhələlərdən birinin Azərbaycana salınmasının özü ölkəmizin mühüm uğurudur. Bu kimi oyunların ölkəmizdə baş tutmasının Azərbaycana nə verəcəyi barədə də geniş fikir söyləmək olar. İlk növbədə idman həmrəylik oyunu hesab edilir və 

ölkənin dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyayaya çatdırılması üçün çox mühüm bir faktordur. Milyonlarla, bəlkə də milyardlarla insan bu oyunları izləyəcək. Azərbaycanı tanımayanlar, hətta yaxşı tanımayanlar da onu ən yaxından tanıyacaq. Nəticədə ölkəmizə maraq artacaq. Turizm baxımından da yarışların ölkəmizdə baş tutması Azərbaycan üçün sərfəlidir. Oyuna tamaşa edənlərin əksəriyyəti ondan sonra Azərbaycanı ziyarət etmək həvəsinə düşəcək. Biznes strukturları da belə oyunları keçirmək gücündə olan ölkələrdə öz bizneslərini daha həvəs və maraqla qururlar. 
Həmin tədbirin  Azərbaycanda baş tutması həm də mədəniyyətimizin göstəricisidir. Çünki, bu yarışlara həm də mədəni tədbir kimi baxmaq olar. Tədbirin bir xüsusiyyəti də ondan ibarətdir ki, beynəlxalq aləmdə nüfuzumuzun daha da artmasına kömək edir. Ən azından müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətimiz bu barədə danışaraq, məlumat verəcək. Həmçinin, yarışı izləyən qonaqlar ölkələrinə qayıdanda dost-tanışları arasında ölkəmizlə bağlı təəssüratlarını bölüşəcək, fikirlərini söyləyəcəklər. Bütün mənalarda belə oyunların keçirilməsi Azərbaycan üçün nüfuzlu bir ölkə imicinin formalaşması baxımından mühüm əhəmiyyətlidir. Həmçinin, ölkəmizin gələcək dövrlərdə də əlaqələrinin güclənməsi, dünyada mövqeyinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Heç şübhəsiz, həmin yarışın Bakıda keçirilməsinin iqtisadi dividendləri də vardır. Xeyli sayda bilet satılıb, yarış ətrafında müəyyən şou proqramlar təşkil olunub. Yarış iştirakçıları da ölkəmizlə bağlı təəssüratlarını yaşadıqları ölkələrin öz vətəndaşları ilə bölüşəcəklər. Bütün mənalarda belə oyunların keçirilməsi Azərbaycanın xeyrinədir. Azərbaycan bundan qürur duyur”.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz