Əlaqə Arxiv
news Image
2018.05.02
07:00
| A A A
“Formula-1”in turizm formulu özünü inamla doğruldur
Yarışların keçirildiyi günlərdə Bakı küçələrinin milli palitrası dünyanın bəzəyi idi

İdmanın ən çox sıx əlaqədə olduğu sahə turizm sektorudur. Dünyanın bir çox şəhərinin və ya ölkəsinin turist cəlb etmək üçün mühüm idman tədbirlərinə ev sahibliyi etmək istəyinin təməlində də məhz bu əlaqə dayanır. İdman turizmi Azərbaycanda inkişaf potensialı olan turizm növlərindən biridir. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, müxtəlif layihələr həyata keçirilir. 

Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Ötən illər ərzində ölkədə bu istiqamətin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Həmin tədbirlər nəticəsində respublikada turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada turizm istiqaməti kimi tanınmağa başlayıb. Ölkə başçısı İlham Əliyev bu günün reallıqlarını əsas tutaraq xalqımızın zəngin irsinin dünyada təbliği və tanıdılması istiqamətində bu sahəyə daha çox üstünlük verilməsinin, xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini daim  qeyd edir: “Bir neçə il bundan əvvəl “Eurovision”, 2015-ci ildə I Avropa Oyunları böyük marağa səbəb olmuşdur. Yəni, Azərbaycanı artıq tanıyırlar. Əlbəttə ki, ölkəmizin tanıdılmasında “Formula-1” yarışının xüsusi yeri var. Çünki bu yarışın auditoriyası 500 milyon insandır... Bizim üstünlüyümüz ondan ibarətdir ki, bu şəhər yarışıdır və Bakının gözəlliyi 500 milyon insan üçün artıq təqdim olunub. Bu, turizmin inkişafına çox böyük təkan verəcək və verməlidir. Biz də buna hazır olmalıyıq... Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz var, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, hotellər, yollar var. Ona görə də bu istiqamətdə görüləsi işlər hələ çoxdur”.
Azərbaycan bu il 3-cü dəfə dünyanın ən məşhur avtomobil yarışları olan “Formula-1” üzrə Avropa Qran-prisini uğurla keçirdi. Bu möhtəşəm yarışın turist-azarkeşləri bir daha respublikamızın iqtisadi qüdrətinin, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, nəhayət, yüksək tolerantlığın və qonaqpərvərliyin əyani şahidi oldular. Azərbaycanın mövcud potensialı, həyata keçirilən müasir infrastruktur layihələri idman yarışlarının sağlam rəqabət və dostluq şəraitində keçməsi üçün gözəl şərait yaratmışdı. 
“Formula-1” Avropa Qran-prisi Azərbaycanın turizm sənayesinin inkişafına güclü təkan verib. Artıq 3-cü dəfə keçirilən bu yarışlarıa maraq çox güclüdür və bu səbəbdən tamaşaçıların sayı il-dən-ilə sürətlə artır. Bu günlərdə başa çatan “Formula-1” Azərbaycan Qran-Prisini izləməyə 94 min tamaşaçı gəlib. Bu o deməkdir ki, Bakı mərhələsinə ümumilikdə gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb.  Çünki, ötənil Azərbaycan Qran-Prisini izləməyə 71451 nəfər gəlmişdi. Bu il aprelin 27-29-da Bakıda təşkil olunan “Formula-1” Azərbaycan Qran-Prisinin yürüşləri çərçivəsində Formula 2 yarışları da keçirilib“Formula-1”ə olan tamaşaçı marağının belə yüksək olması gələn ilin yarışlarına daha çox insanın qatılacağı qənaətini indidən yaradır.
N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz