Əlaqə Arxiv
news Image
2018.05.11
09:15
| A A A
Güzəştli kreditlər turizmin inkişafına yeni təkan olacaq
Bahadur Bilalov: “Bu qərar xüsusən kənd turizmin inkişafına ciddi təsir edəcək” Müzəffər Ağakərimov: “Bu dəqiqə vacib olan azulduzlu otellərin inşasıdır”

İndiyədək adətən qida sənayesinə və kənd təsərrüfatı sahələrinə ayrılan güzəştli kreditlər bundan sonra turizm sahəsinə də yönəldiləcək. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu artıq maliyyələşdiriləcək layihələrin siyahısına otel tikintisi və kənd turizm layihələrini də əlavə edib. Yəni, bu sahələrə maraq göstərənlərə dövlət tərəfindən güzəştli kreditlər veriləcək. Ekspertlərin fikrincə, belə layihələrin daha çox bölgələrdə maliyyələşdirilməsi rayonlarda turizm sektorunun inkişafına böyük dəstək olacaq.

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov bildirir ki, bu qərar xüsusən kənd turizmin inkişafına ciddi təsir edəcək: “Burada söhbət kənd evlərindən turizm məqsədi ilə istifadədən gedir. Təəssüf ki, hazırda regionlarımızdakı kənd evlərinin böyük əksəriyyətinin vəziyyəti lazımi tələblərə cavab vermir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu istiqamətdə güzəştli kreditlərin verilməsi kənd evlərinin turizm məqsədi ilə istifadəsinə köklü surətdə yardım edəcək. Ev sahiblərinə evi lazımi tələblərə cavab vermək üçün yardımçı olacaq”. 
Ekspert əlavə etdi ki, bu qərar otel tikənlərə də dəstək vermiş olacaq: “Ancaq burada kreditin həcmi vacib amildir. Xüsusən də ucqar yerlərdə turizmin inkişafına təkan verəcək. Bunlarla yanaşı, aqroturizmə də kreditin ayrılmasına ehtiyac var. Kənd turizm ilə oxşar görünsələr də, aqroturizmin təyinatı fərqlidir. Aqroturizmdə turistlərin kənd təsərrüfatı işlərində çalışması, prosesin özündə iştirakı nəzərdə tutulur. Bu baxımdan kreditlər aqroturizmin inkişafına da müsbət təsir edə bilər. Hansı ki, buna ehtiyac var”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da qərarı təqdirəlayiq hesab edir: “Ancaq əsas məsələ odur ki, bu qərarlar çevik həyata keçirilməlidir. Yaxın illər ərzində Azərbaycanı turizm ölkəsi kimi tanıtmaq istəyiriksə, vaxtımız azdır. 
Bu dəqiqə vacib olan azulduzlu otellərin inşasıdır. Bundan başqa yaşıl-kənd turizmi haqqında 10 ildir söhbət gedir. Onlar üçün kredit ayrılarsa, nəhayət ki, inkişaf müşahidə edə bilərik. Bunun turizmin inkişafı ilə yanaşı, həmçinin  kənd təsərrüfatına və iş yerlərinin açılması kimi müsbət tərəfləri də var». 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz